Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Yaxşı oxucuda hansı müsbət vərdişlər formalaşır?

Cəmiyyətin informasiyalaşdırılması şəraitində informasiya mədəniyyətinin düzgün formalaşdırılması ən başlıca vəzifə olaraq qalır. İnformasiya mədəniyyətinin əsasını isə oxucunun bir sıra bacarıq və vərdişlərinin müəyyən səviyyəsini nəzərdə tutan mütaliə mədəniyyəti təşkil edir. Mütaliə mədəniyyəti, oxucuların informasiya əldə etməsi və bu informasiyanı yeni biliyə çevirmək qabiliyyətidir.

Bəs bu informasiyaların hər iki formada, yəni rəqəmsal və ya real formada  əldə olunması zamanı hansı fərqli cəhətləri müşahidə etmək mümkündür?

Əvvəlcə bir kitab oxuduğunuzu düşünün və bunu hansı şəraitdə edirsizsə təsvir etməyə çalışın. Yəqin ki, özünüzə bir fincan çay hazırlayırsınız və ya özünüzün ən çox sevdiyiniz kresloda əyləşirsiniz. Və yaxud, yolda oxumağa üstünlük verən birisizsə, avtobusda və ya metroda bir neçə dəqiqəlik vaxtınızı keyfiyyətli keçirərək kitab oxuduğunuzu fikirləşin.

Kitaba necə yaxınlaşmağınızdan asılı olmayaraq, kitab oxumaq aktının toxunulmaz olduğu aydındır. Oxu zamanı təxminən bütün hissləriniz bu prosesə cəlb edilir: gözləriniz səhifə boyunca hərəkət edir; barmaqlarınızla kitabın özünü tutursuz və ya hansısa hissəni xatırlamaq üçün mətnin altına iz qoyursuz; həm ətrafınızdakı dünyanın səslərini eşidə, həm də kitabdakı səslərin zehni istirahətlərini hiss edə bilirsiniz.

İndi isə  təsəvvür edin ki, onlayn məqalə və ya bir kitab oxuyursunuz. Əslində bir çox cəhətdən, təcrübə oxşardır: gözləriniz mətn xətlərini izləyir, əliniz siçanı tutur və ya klaviatura üzərində dayanır, qulaq və burun ətrafınızın səs-küy və qoxularını alır, ekranda baxdığınız sözlərdən beyniniz şəkillər cızır, onları rəngləyir. Gözlərinizsə paraqrafdan paraqrafa keçərkən aradığınız məlumata uyğun mətni tapmaq üçün yalnız şəkillərə və hiperlinklərə fokuslanır.

Baxmayaraq ki, hər ikisinin oxşar cəhətləri çoxdur, yenə də çapdan rəqəmsala keçidin oxuduğumuzu əsaslı şəkildə dəyişdirdiyinə göz yummaq çətindir.

Müasir insan gününün orta hesabla 10 saatdan çoxunu mediaya sərf edir. Bunun səbəbi gündəlik ən son informasiya yenilikləri, elektron kitablar, rəqəmsal məqalələr, mətn komponentləri olan videolar və sairədir.

Bəs çap olunmuş mətni necə oxumağımızla onlayn mətni oxumağımız arasındakı fərqləri araşdırmaq rəqəmsal oxucunun diqqətini çəkməyə necə kömək edə bilər?

Yazı insanlıq tarixində ən böyük bir ixtiradır. Bu səbəbdən oxumaq  intuitiv deyil, öyrənilmiş davranışdır. İnsanlar naxışları sevirlər, buna görə insanın yazılı mətni anlaması, beynin obyekti tanıması üçün xüsusi təsvirlər verilir, sözlərlə ifadə olunmuş obyekti görmək üçün sanki bir xəritə hazırlanır.   Başqa sözlə, hərflərin, durğu işarələrinin və rəqəmlərin fiziki quruluşunu tanımağa beynimizi öyrətməklə sözləri topoqrafik mənzərə halına gətiririk.

Bəs ekranda sözlərin bu mənzərəsi necə görünür? Rəqəmsal formada oxuya yeni başlayan bir oxucu üçün göz hərəkətlərini kitab səhifəsinə nisbətən veb səhifədə saxlamaq daha  çətin olur, çünki göz hərəkətləri  mətn üzərində daha tez sıçramalara məruz qalır. Ekranda oxuyan insanlar daha çox gözoxşayan, hərəkətli, oxşar və xətti olmayan yazıları oxumağa və ya başdan sona oxumaq əvəzinə digər səhifəyə keçməyə meyl edirlər ki, bu da internetdə daha az immersiv  oxunma deməkdir.

Bu rəqəmsal xəritələri yaratmaqda beynimizə  kömək etmək üçün veb- dizaynerlər çap olunmuş kitaba çox bənzəyən veb-səhifələr yaradırlar. Mətnin görüntüləri, bağlantıları və paraqraf arakəsmələri olmayan veb- səhifələrə demək olar ki, rast gəlmirik. Rəqəmsal məzmuna ənənəvi kitablar kimi, gözü cəlb etmək üçün rəngli mətnlər, oxucunun gözünü istiqamətləndirmək və yazını daha asan istehlak olunan hissələrə ayırmaq üçün kontekst (ona daxil olan söz və ya ifadənin mənasını müəyən etmək) və biçimləndirmə, eləcə də mətn ayrılması üçün şəkillər daxil edilir.

Müasir kompüter interfeysinin (proqramın bizə görünən hissəsi-düymələr, pəncərələr, menyu və s.) çoxu demək olar ki, real çap dünyasının təqlidinə əsasən hazırlanmışdır. Hər hansı bir sənədi bir fayl qovluğunda saxlayırıq və artıq ehtiyacımız olmadıqda zibil qutusuna (və ya daha çox ekoloji şüurlu zibil qutusuna) atırıq. Və yaxud veb-səhifələri oxuyuruq, ən sevdiyimiz saytlara əlfəcin edirik və s.  Bütün bu tanış xüsusiyyətlər hamısı, onlayn dünyada hər hansı bir aləmə çıxışımızı asanlaşdırmaq üçün bir vasitədir.

Bəs oxucunun diqqətini necə cəlb etmək olar?

Oxucunun diqqətli olması üçün bir çox rəqəmsal nəşriyyatlar mətnlərin təqdim edilməsində daha qısa cümlələr və paraqraflar istifadə edirlər. Əksər onlayn nəşrlərdə çıxış dilinin  rəsmi olmasına üstünlük verilir.

Düzdür, bu stilistik seçimlərdən bəzilərini fiziki bir kitabda qeyd etmək bir qədər çətin olar, lakin onlayn istifadə edildikdə onlar oxucunun diqqətini irəliyə yönəltməyə xidmət edirlər.

Tədqiqata əsaslanan oxu təlimatı metodlarının müəllifləri yaxşı oxucuya “mətnin aktiv prosessoru” kimi müraciət edirlər və onlar oxucularla bağlı araşdırmalar apararkən belə qənaətə gəliblər ki, mütaliə oxucuda  bir sıra müsbət vərdişlər formalaşdırır:

sürətlə, dəqiq və sərbəst oxumağı;

məqsədləri təyin etməyi;

zehni qeydlər aparmağı;

düzgün düşüncə tərzinə malik olmağı və s.

  Sözləri sürətli, səlist və dəqiq oxumaq bacarığı, oxucunu oxunun son məqsədinə-mətni başa düşməyə yönəltməyə imkan verir. Təkrar oxumaq (mətni sürət və dəqiqlik üçün yenidən oxumaq) və modelləşdirilmiş oxumaq (səsin nə olduğunu eşitmək) hər ikisi səlistliyi artırmaq üçün əla yoldur.

  Yaxşı oxucu oxumaq üçün qarşısına müəyyən məqsəd qoyur və məqsədinin nə olduğunu bilmək ona nail olmağa kömək edir. Müxtəlif səbəblər oxucunu oxumağa vadar edə bilər. İstər təhsillə, istər elmi araşdırmalarla, istər sağlamlıqla, istərsə də kulinaiya ilə bağlı, fərq etməz. Nəticədə oxucu nəyisə öyrənməyi məqsəd qoyur və məqsədinə çatmış olur.

Məqsədli şəkildə oxumağa başlayan oxucu zehni qeydlər aparmağı, ağlında yaratdığı vizual görüntüləri təsvir etməyi və oxuyarkən ümumiləşdirmələr etməyi bacarır ki, bu da ona oxuduqlarını xatırlamağa kömək edir. Etiraf edək ki, insan beyni dünyanın ən yaxşı audio-vizual cihazıdır və həmişə də belə olacaqdır.

Düzgün mütaliə düzgün düşüncə tərzini formalaşdırır. Analitik düşüncə tərzinə malik olan oxucu mətni oxuyarkən vacib, həm də mənasız fikirləri müəyyənləşdirə, yeni və mövcud məlumatları sintez edə bilir. Yaxşı oxucu həm də düzgün proqnoz verməyi bacarır. Söz ehtiyatı inkişaf etdiyinə görə, ünsiyyət bacarıqları da mükəmməl olur.

Oxuduğumuz kitablar qida kimidir. Ruhumuzu, zehnimizi doydurur. Düzgün bəslənməyimizi bilmiriksə, deməli zəhərlənmək də qaçılmazdır. Ona görə də oxucu həm də seçici olmalıdır, nəyi oxuduğunu və oxuduğundan hansı faydalar əldə edə biləcəyini əvvəlcədən təxmin etməlidir.

Bir sözlə  istər real, istərsə də virtual formada həyata keçirilməsindən asılı olmayaraq mütaliə insanın kamilləşməsində, yüksək keyfiyyətlərə yiyələnməsində  əvəzsiz vasitədir.

 Məmmədli Elmira İdris qızı

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Təlim-tədris şöbəsinin   sektor müdiri

Oxunub: 714

Əlavə olunub: 19.08.2020 13:43

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz