Haqqımızda
2019-12-18 15:19:23
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi dövlətin mədəniyyət siyasətinin həyata keçirilməsi, mədəni irsin qorunması, inkişafı, təbliği, sahənin elmi inkişafına dəstək göstərilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, ümumilikdə mədəniyyət sahəsinin inkişafına xidmət edən elmi qurumdur. Həmçinin Mərkəz mədəniyyət müəssisələrində çalışan işçilərin ixtisasartırma kurslarının təşkilini də həyata keçirir.
Mərkəz görülən işin səmərəliliyinin artırılması və təcrübə mübadiləsinin təmin edilməsi məqsədilə bir çox beynəlxalq və yerli elmi, elmi-tədris müəssisələri, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir və əməkdaş qurumların sıralarını artırmaqdadır.
Yenilik Gətirməklə Ənənələri Qorumaq hədəfimizdir
Mərkəzin çoxşaxəli fəaliyyətinə mədəniyyətin tədqiqi, təhlili və təbliğinə xidmət edən elmi araşdırmaların aparılması, mədəniyyət müəssisələrində çalışan əməkdaşların fəaliyyətinin təşkilinə kömək, eyni zamanda sahədə baş verən yeniliklərin, müasir tendensiyaların, innovativ metodların tətbiqi məqsədilə metodiki tövsiyə və tədris proqramlarının hazırlanması, analitik təhlil və monitorinqlərin, sorğuların, habelə, sahənin inkişafına xidmət edən müxtəlif səpkili layihələrin həyata keçirilməsi, Əsasnamə ilə müəyyən edilmiş digər istiqamətlər daxildir.
İxtisasartırma kursları mədəniyyət sahəsində kadr potensialının artırılması məqsədilə yeni təlim modulları əsasında təşkil edilir. Kursun tədris proqramının əsasını ixtisas, kreativ peşə səriştələri haqqında bilik və bacarıqlar, mədəniyyət işçilərinin baş verən yeniliklər, mədəniyyət sahəsində qəbul edilmiş qanun və konsepsiya, dövlət proqramları, mədəniyyət müəssisələrinin fəaliyyətinə yeni yanaşma və beynəlxalq təcrübə barədə məlumatlandırılması, yeni iş prinsipləri haqqında praktik biliklərin tədrisi təşkil edir.
Mərkəz öz fəaliyyətini həyata keçirərkən nazirliyin strukturuna daxil olan respublikanın bütün mədəniyyət müəssisələri ilə sıx əməkdaşlıq edir, şəhər (rayon) mədəniyyət müəssisələrinə elmi-metodiki və praktiki köməkliyi həyata keçirir, mütəmadi olaraq təlim və treninqlər, seminarlar, ustad dərsləri təşkil edilir.
Mərkəzin strukturuna 6 şöbə, 3 yardımçı bölmə daxildir. Bundan əlavə, Mərkəzin fəaliyyətinin təşkili məqsədilə Elmi Şura, Metodiki Şura, gənc mədəniyyət işçilərinin Debat klubu yaradılmışdır. Mərkəzin mövcud elmi kadr potensialının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Belə ki, elmlər doktoru, fəlsəfə doktoru və sahə üzrə ikinci təhsil alan əməkdaşların sayı artmaqdadır. Habelə, sahə üzrə yeni təcrübə, bilik və bacarıqların əldə olunması məqsədilə müxtəlif yerli və beynəlxalq təlim və kurslarda iştirak edirlər.