Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Xalq oyunları : Dirədöymə

Dirədöymə oyunu Azərbaycanda əsasən bayram və digər el şənliklərində uşaqlar və gənclər arasında geniş yayılmış qədim oyunlardan biridir.
Oyunun qaydalarına əsasən uşaqlar iki dəstəyə ayrılıb, bir dairəvi cizgi çəkir və qürrə atırlar. Qürrə hansı dəstəyə düşsə o dəstə mərəyə (dairəyə) girir. Uşaqlar hərəsi ayağının altına bir toqqa qoyur.
Dairədən kənarda qalanlar toqqanı götürməyə çalışırlar. Dairədəkilər isə ayaqla vurur, toqqaları götürməyə yol vermirlər. Dairənin içərisində olanlar kənardakı oyunçulardan birini ayaqla vursa, dairədəki uşaqlar kənara çıxır, kənardakılar isə dairəyə girirlər.
Kənardakı oyunçu içəridəkilərdən birini əli ilə tutub dairədən çıxara bilsə, onu bir nəfərə həvalə edib saxladır və yiyəsiz qalmış toqqanı götürməyə cəhd edir. Bu zaman içəridəkilər həm öz toqqalarını, həm də çöldəki yoldaşlarının toqqasını qorumalı olurlar. Yaxud əksinə, içəridəkilər çöldəkilərdən birini fəndlə tutub dairəyə salsalar, dəstələr yerlərini dəyişməli olurlar.
Dairədən kənardakı uşaqlardan biri toqqanı ələ keçirsə, dairənin içərisində olan uşaqları toqqa ilə vurur, ayaqları altındakı toqqaları kənara çıxarıb götürməyə çalışırlar. Hansı dəstə toqqaları tamam ələ keçirsə qələbə qazanır. Dairədəkilər ayaqlarından biri cızıqdan çıxmamaq şərti ilə çöldəkilərdən birini digər ayağı ilə vurana qədər çöldəkilər içəridəkiləri toqqa ilə döyürlər.

Oxunub: 594

Əlavə olunub: 02.10.2022 21:04

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz