Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Xahiş edirəm “virtuallaşma” kimi qəribə səslənən yeni ifadə sizləri təəccübləndirməsin. Əminəm ki, “postkoronavirus” adlanacaq bir dövrdə bizim hələ bir çox neologizmlərlə rastlaşma imkanımız olacaqdır. Müəyyən mənada bu hal qaçılmazdır, ən azından ona görə ki, yaranacaq yeni sosial reallıq və yeni münasibətlər formasiyası yeni fikrilərin əks olunması üçün fərqli ifadələrin və hətta konkret sahələr üzrə yeni etimoloji aparatın formalaşmasını tələb edəcəkdir. Bu eyni zamanda ona görə də labüddür ki, yeni reallığın formalaşması prosesi yeni nəsil texnologiyalarının fəal iştirakı və təsiri ilə müşahidə olunacaqdır.
Bugün biz əminliklə deyə bilərik ki, reallıqla virtualıq arasında keçən şərti sərhədin trayektoriyası aktiv dəyişikliklərə məruz qalır. Əgər bir neçə il öncə bu sərhəd bilavasitə bizim təxəyyül imkanlarımızdan asılı idisə, bu gün həmin sərhəd artıq diktə olunur və iradəmizdən kənardır. Yaşadığımız hadisələrin təsiri altında əslində real və virtual həyat arasında yeni demarkasiya xətti müəyyən olunur. Əgər koronovirus süni mənşəli təzahürdürsə o zaman onun yaranma səbəblərindən biri məhz sözügedən sərhədlərin dəyişdirilmə arzusudur.
Fikrimizi daha dəqiqləşdirsək, burada antiqlobalistlərin əsas tənqidi şüarlarından birini xatırlamaq istərdim: qloballaşma milli sərhədlərin və milli identikliyin itməsinin səbəbdir. Razılaşın ki, bu sözlər həqiqətdən uzaq deyillər. Müasir siyasi tarixə nəzər yetirsək qloballaşma prosesləri bəzi ölkələr üçün öz məqsədlərinə nail olunmasına xidmət edən effektiv siyasi texnologiya kimi təsəvvür etmək heç də çətin deyil. Siyasi elmi ədəbiyyatda daha sərt fikirlər ilə rastlaşmaq olur. Misal üçün: qloballaşma beynəlxalq münasibətlər sisteminin əsas aktorlarının geosiyasi hədəflərə nail olunması və onların milli maraqlarının təmin olunması alətidir.
Qeyd olunan yanaşma ilə razılaşsaq, müşahidə etdiyimiz və surətlə cərəyan edən qaçılmaz virtuallaşma təzahürləri məhz qloballaşma prosesinin yeni səviyyəsi kimi qarşımızda çıxış edəcəkdir. Ümumiyyətlə dəyərlər sisteminin dəyişiklərə məruz qoyacaq virtuallaşma bir çox anlayışların ilkin məzmunun, habelə öz aktuallığının itirilməsinə gətirəcəkdir. Belə ki, “digital” texnologiyaların hegemonluğu ilə müşahidə olunacaq virtual bir mühitdə mütləq olaraq millilik ifadəsinin tədricən yeni fəlsəfi forma və mahiyyəti müəyyən olunacaqdır. Yeni ictimai münasibətlər formasiyası təkcə sənayedə yeni prioritetlərin müəyyən olunması ilə yadda qalmayacaq. Bu proses eyni zamanda yeni dəyərlər və mədəni oriyentirlər, yeni əxlaq, habelə fərqli peşəkarlıq meyarları sisteminin meydana gəlməsi ilə müşahidə olunacaqdır.
Yaşadığımız proseslər sayəsində keçid aldığımız “rəqəmsal cəmiyyət” kontekstində daha bir önəmli müzakirə mövzusu üzə çıxır. Belə ki, ictimai münasibətlərin əsaslı bir hissəsinin rəqəmsal müstəviyə keçid alması mütləq olaraq yeni tip insanın formalaşması problematikasını elmi-siyasi gündəmə gətirəcəkdir. Ən azından ona görə ki, virtual mühitdə insandan yeni keyfiyyətlər tələb olunacaqdır. İnsanlar arasında ünsiyyət formatı isə tədricən yeni mühit və şərtlərə uyğunlaşdıqca təmasın dinamikası və psixoloji xüsusiyyətləri də dəyişəcəkdir. Hətta sosial təcrid şəraiintdə yaşadığımız kiçik bir dövr ərzində biz bu halın canlı şahidiyik. Sosial təcrid adi həyat tərzinə çevrildikdə və bu şərait illər ərzində davam etdiyi təqdirdə bu gün normal hesab etdiyimiz münasibətlər deqradasiyaya uğrayacaq və insanlarda canlı təmasa qarşı fobiyanın formalaşması nəticəsində tamamilə yeni insan tipi meydana gələcəkdir.
Belə ki, canlı təmas azaldıqca ünsiyyətin emosionallıq yükü də azalacaqdır. Münasibətlər yalnız məlumatların ötürülməsi və insanın üzərinə qoyulmuş funksiyaların icrası ilə məhdudlaşacaqdır. Başqa sözlə tədricən insanın robotlaşması prosesi başlanacaqdır. Əxlaq sisteminin unifikasiyası, habelə insanlar arasındakı münasibətlərdə hiss və emosionallıq kimi xüsusiyyətlərin itməsi nəticəsində insan tədricən konkret funksiyaları icra edən məxluqa, yəni canlı robota çevrilə bilər. Konkret istiqamətlər üzrə vəzifələrin icra olunması prosesində kompüter və ya texnoloji proqramların payının artması da öz növbəsində tədricən insani ünsiyyətin azalmasına gətirəcəkdir. Əslində rəqəmsal cəmiyyətin hədəflərindən biri məhz ondan ibarətdir ki, ictimai və fərdi münasibətlər konkret alqoritmlərə cavab versin. Bundan sonrakı mərhələ artıq qabaqcadan müəyyən edilmiş matrisaya insanı tabe etməkdən ibarət olacaqdır. Bu mənada azadlıq, əxlaq və sərbəstlik ifadələrin fəlsəfi mahiyyəti də dəyişiklərə məruz qalacaqdır.
Ola bilsin qeyd olunanlar çox fantastik bir ehtimal və ssenaridir, ancaq razılaşın ki, bu gün yaşadıqlarımız iyirmi-otuz il bundan öncə Holivud filmlərin süjet və motivlərində artıq görə bilirdik. Düşünürəm ki, burada söhbətimizi mədəniyyət və yaradıcılıq kimi sahələrə keçidlə davam edə bilərik. “Rəqəmsal cəmiyyət” formasiyası inkişaf edərək tədricən mütləq olaraq insanların milli-mədəni identifikasiya prosesinə də təsir edəcəkdir. Sərt və dəyişkən proseslərin nəticəsində meydana gələcək yeni faktorların təsiri altında fərdlərin öz milli-mədəni identifikasiya düsturu da dəyişəcəkdir. Digər daha təhlükəli ehtimal: fərd öz milli-mədəni identifikasiyasının müəyyən etməsində ümumiyyətlə ehtiyac duymayacaq. Bu proses isə tədricən xalqların identifikasiya kodunun itirməsinə gətirib çıxara bilər.
Yeni rəqəmsal münasibətlər formasiyasına keçid aldığımız bir dövrdə biz konkret sahələrin öz aktuallığının qorunması üsullarının panik axtarış proseslərinin də şahidi olacağıq. Deyə bilərik ki, sahələrin aktuallığı eyni zamanda onlar daşıdığı siyasi çəkidən də asılıdır. Başqa sözlə, hesab edirəm ki, sahələr yeni fəaliyyət növlərinin axtarışı ilə yanaşı daha çox öz strateji əhəmiyyətlərini təsbit etməyə çalışmalıdır. Bu mənada şərtsiz və tərəddüdsüz öz əhəmiyyət və strateji statusunu qoruyan sahələrindən biri məhz mədəniyyət siyasəti olacaqdır. Heç də təsadüfi deyil ki, ölkə başçısı cənab İlham Əliyev son dövrdə mədəniyyət sahəsinə prinsipial diqqət ayırmaqla və mövcud istiqamətdə ardıcıl islahatlar aparmaqla mədəniyyət məfhumunu dayanıqlı inkişafın təməl amili kimi müəyyən etmişdir. Məhz mədəniyyət milli identiklik kodunun əsas göstəricisi olduğu üçün onun qorunması və inkişafı milli təhlükəsizlik müstəvisində olan dövlətin strateji vəzifələrdən biridir.
Asif Usubəliyev,
siyasi elmlər üzrə fəlsəfə doktoru
Oxunub: 859
Əlavə olunub: 21.04.2020 09:09