Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Üzeyir Hacıbəylinin musiqi irsi müasir təqdimatda

2021-ci ilin 21 sentyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-metodiki və İxtisasartırma Mərkəzinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyası ilə birgə “Üzeyir Hacıbəylinin musiqi irsi müasir təqdimatda” adlı elmi sessiya keçirilib.
 
​Mərkəzin 2021-ci ilin ikinci yarım ili üçün İş Planına əsasən təşkil edilmiş elmi sessiyanın keçirilməsində əsas məqsəd dahi sənətkarın həyat və yaradıcılığı, musiqi sənətimizin və milli operanın banisi, musiqişünas alim, publisist, pedaqoq və ictimai xadim kimi fəaliyyətləri, Azərbaycan və beynəlxalq musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri və digər istiqamətlər üzrə elmi müzakirələrin aparılması olmuşdur.
 
​Tədbiri giriş sözü ilə açaraq Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-metodiki və İxtisasartırma Mərkəzinin rəhbəri Səadət Xələfbəyli və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elm və innovasiyalar üzrə prorektoru, professor Gülnaz Abdullazadə Dövlətin görkəmli şəxsiyyətin yaradıcılığına göstərdiyi xüsusi diqqət və qayğısından, Heydər Əliyev Fondunun Üzeyir Hacıbəyli irsinin qorunub saxlanması, gələcək nəsillərə çatdırılması və dünya miqdasında təbliğində misilsiz xidmətlərindən geniş söhbət açmışlar.
 
​Elmi sessiyada, eyni zamanda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Görkəmli pianoçu, Xalq artisti, professor Ülviyyə Hacıbəyova, elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, Xalq artisti, professor Ramiz Quliyev, elmi-tədqiqat laboratoriyasının elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli, Cövdət Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru, əməkdar müəllim Mehin Orucova və sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, Mərkəzin baş metodisti Səadət Şirinova çıxış ediblər.
 
​Həmçinin, sessiyada Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasının elmi işçiləri, Bakı şəhər və regional mədəniyyət idarələrinin işçiləri, Bakı şəhər və regionlar üzrə musiqi və incəsənət məktəblərinin müdir və müəllim heyəti və Mərkəzin əməkdaşları iştirak etmişlər.
 
“Arşın mal alan” operettası dünya səhnələrində, “Koroğlu” operasının uvertürasının İsmayıl Hacıbəyovun fortepiano üçün işləməsi, Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası müxtəlif tərkibli orkestrlərdə, Üzeyir Hacıbəylinin əsərlərində Azərbaycan xalq rəqsləri, Uşaq musiqi və incəsənət məktəblərində Üzeyir Hacıbəyli irsinin tədrisi məsələləri, Nizami Gəncəvinin “Sənsiz” qəzəli əsasında Üzeyir Hacıbəylinin eyni adlı romansı müxtəlif təqdimatlarda və digər istiqamətləri əhatə edən çıxışlarda ilk dəfə Şuşada Milli Musiqi Gününün qeyd edilməsi və Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi festivalının ilk konsertinin keçirilməsinin tarixi hadisə olduğunu xüsusi qeyd edilib.
Tədbir zamanı “Arşın mal alan” operettasının Avstriyada tamaşalarından bir parça, Ramiz Quliyevin ifasında Üzeyir bəyin əsərlərindən fantaziya və Səid Rüstəmovun “Oxu tar”, Rauf Bəhmənlinin Üzeyir bəyin əsərlərindəki xalq rəqslərindən nümunələr və onun tədqiqatı əsasında ilk dəfə səslənən Üzeyir Hacıbəylinin “Çadralılar” mahnısı və əfsanəvi Müslüm Maqomayevin ifasında Üzeyir Hacıbəylinin “Sənsiz” romansı səsləndirilib.

Oxunub: 452

Əlavə olunub: 23.09.2021 16:04

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz