Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

SİYASİ PROQNOZLAR DÖVRÜ

Bəli, biz bu gün əminliklə deyə bilərik ki, siyasi proqnozların əhəmiyyətinin kəskin şəkildə artdığı bir dövrdə yaşayırıq. Strateji və perspektiv hədəflərə nail olmaq üçün refleksiv idarəetmə və ya sadəcə çeviklik artıq kifayət etmir. Davamlı pressinq, təhdidlərin artması, müasir dünyamızın rəqəmsal cəmiyyət formasiyasına keçid etməsi, qlobal proseslər, dinamik informasiya axını, yeni nəsil texnologiyaların gündəlik həyatımızda iştirak payının sürətlə artması və digər obyektiv sosial-siyasi, iqtisadi, habelə humanitar təzahürlər gələcəkdə dövlətin rastlaşa biləcəyi əsaslı çətinlikləri və ya yaşana biləcək arzuolunmaz tendensiyaları öncədən proqnozlaşdırılmasını tələb edir. Belə ki, düzgün siyasi proqnozların aparılması və gələcəyin modelləşdirilməsi sabitliyin və davamlı inkişafın zəmanəti kimi qiymətləndirilməlidir.

Düşünürəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan institusional islahatlara məhz mövcud kontekstdə yanaşmaq lazımdır. Şahidi və iştirakçısı olduğumuz islahatların qarşısında duran əsas strateji hədəflərdən biri, məhz bütün sahələrdə peşəkar münasibətlərin bərqərar olunmasıdır. Əlbəttə ki, "peşəkarlıq" anlayışı geniş məfhumdur, ancaq bütün digər meyarlarla yanaşı sahəsindən asılı olmayaraq, peşəkar menecmentdə düzgün proqnozların aparılması artıq bir şərtdir. Hətta müasir menecment nəzəriyyələrinə müraciət etsək, görə bilərik ki, proqnoz xarakterli təhlilləri aparmadan hər hansı bir konkret sahənin fəaliyyət planının hazırlanması prosesi qüsurlu hesab olunur və bu halda maksimal nəticələrin əldə edilməsi mümkünsüzdür.

Cavabı gözləmədən bir ritorik sualı səsləndirmək istərdim: faiz etibarı ilə nə qədər sahə və ya neçə dövlət müəssisəsi Azərbaycanda öz illik fəaliyyət planını tərtib edəndə proqnozlara xüsusi diqqət ayırır? Müasir analitikanın ayrılmaz parçası olan proqnozların aparılması üzrə mütəxəssislərin yetişdirilməsi məsələsi isə əfsuslar olsun ki, ölkəmizdə hələ də heç müzakirə predmeti belə deyil. Halbuki, ABŞ və Rusiya kimi ölkələrdə siyasi proqnozların aparılması ilə məşğul olan bir sıra nüfuzlu qurumlar mövcuddur. Bu mənada məhz adıçəkilən ölkələr əsas qlobal geosiyasi ssenarilərin müəllifi olduqları məsələsi yəqin ki, təsadüfi hal deyil. Odur ki, ölkə başçımızın reallaşdırdığı müstəqil siyasət kursuna sadiq qalmaq üçün proqnozlar artıq bir zərurətə çevrilib.

Proqnozların aparılması dövlət və siyasi idarəetmənin də ayrılmaz funksiyasıdır. Risklərin azaldılmasına xidmət etməklə yanaşı, proqnozların aparılması siyasi esteblişmentə zaman qazandırır. Bildiyiniz kimi idarəetmədə zaman ən önəmli strateji resurslardandır. Düzgün müəyyənləşdirilmiş proqnozlar yaşanıla biləcək istənilən prosesləri idarəolunan vəziyyətdə saxlamağa qadirdir. Odur ki, davamlı siyasi sabitliyin qorunması üçün siyasi proqnozların aparılması müasir hökumətlərin qarşısında duran strateji vəzifələrdəndir. Etiraf etmək lazımdır ki, "narıncı inqilablar"ın intensiv şəkildə idxal və miqrasiya olunduğu bir dövrdə siyasi proqnozların əhəmiyyəti son dərəcədə aktuallaşır.

 

Rəqəmsal texnologiyalar və qlobal internet, ölkələr arasında sərhədlər haqqında təsəvvürləri də surətlə dəyişdirir. Yaşamaq məcburiyyətində olduğumuz pandemiya katalizator olaraq, dünyamızı "rəqəmsal cəmiyyət" formasiyasına keçid prosesinin sadəcə sürətləndirib. Rəqəmsal texnologiyalar, nəzarətsiz internet, virtual reallığın həyatımızda dəyişən payı, sonsuz dərəcədə yeni informasiya mənbələrinin mövcudluğu, cərəyan edən proseslərin dinamikası, habelə aparıcı dövlətlərin öz geosiyasi maraqlarının ödənilməsi uğrunda apardıqları mübarizə siyasi proqnozların qaçılmaz olaraq aktuallığının artmasını şərtləndirir.

Azərbaycanda siyasi proqnozların aparılmasını zəruri edən digər amil ölkə başçısı tərəfindən müəyyən olunmuş xarici siyasətimizin düsturudur: "Azərbaycan diplomatiyası hücum xarakterli olmalıdır". Bildiyiniz kimi, hücum taktikası dəqiq proqnozların aparılmasını və atılan addımlarda rəqibi qabaqlamasını tələb edir. Dünyanın siyasi təcrübəsi açıq şəkildə bizə göstərir ki, rəqibi qabaqlamaq - bəzən ən gözəl hücum növüdür. Razılaşın ki, müstəqilliyimizin ilk illərində sözügedən siyasi həqiqət nəzərə alınmış olsaydı, biz bir çox hadisələri yaşamaq məcburiyyətində qalmazdıq.

Proqnozlaşma siyasi analitikanın bir növü olaraq müvafiq bilik və bacaqrıqları tələb edir. Burada sadəcə hadisələri şərh etmək və fərqli mülahizələri irəli sürmək kifayət etməz. Hadisələrə təsir etmək iqtidarında olan bütün amillər sisteminin müəyyən olunması, ehtimal ssenarilərin formalaşması, alternativ və ya ehtiyat addımların hazırlanması, cərəyan edən proseslərin sonluğunun modelləşdirilməsi, qanunauyğunluqların müəyyən olunması və bir sıra digər xüsusi analitik əməliyyatların görülməsi dəqiq proqnozların verilməsi üçün zəruridir.

Belə ki, dəqiq proqnozlar peşəkar analitikanın nəticəsidirsə, informasiya analitikanın qidasıdır. Bu səbəbdən əldə olunan və ya mövcud informasiyanın düzgün emal olunması prosesi də peşəkar proqnozların ayrılmaz hissəsidir. Burada biz yaşadığımız əsrin ən səciyyəvi xüsusiyyətlərindən biri informasiya bolluğunun olması faktını unutmamalıyıq. Siyası fəlsəfəyə istinadən deyə bilərik ki, müxtəlif mənbələrdən olan informasiyaların toqquşması nəticəsində tamamilə yeni bir informasiya və yeni həqiqət yaradılır.

Böyük ölkələrin siyasi strateqləri informasiyanın məhz sözügedən xüsusiyyətinə müraciət edirlər. Konkret ölkələrdə müşahidə olunan siyasi sabitliyə sarsıntı vurmaq və ölkə daxili manipulyasiyaların aparılması məqsədilə hədəfə aldıqları ölkələrdə "idarə olunan xaos"u yaradaraq daxili qarşıdurmaya nail olurlar. Əlbəttə ki, bu cür niyyətlərə müvəffəq olmaqda "5-ci kolon" və ya radikal müxalifət kimi adlanan öz ölkəsinə və xalqına qarşı xain mövqe tutan qüvvələrdən istifadə olunur. Etiraf etməliyik ki, qeyd olunanlar Azərbaycanda peşəkar siyasi proqnozların aparılması məsələsini son dərəcədə aktuallaşdırır. İnformasiya əsrində, xüsusilə informasiya müharibəsi şəraitində peşəkar proqnozları aparmadan hər hansı bir siyasət yürütmək okeanında ünvansız üzmək kimidir.

Asif Usubəliyev - siyasi elmlər üzrə fəlsəfə doktoru

Oxunub: 534

Əlavə olunub: 12.08.2020 12:30

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz