Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Sənətkarın dostu” layihəsi (video)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsinə start verilib.

Layihə, mədəniyyətin təşviqi, mədəni gündəlik həyat tərzinin formalaşması, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, görkəmli mədəniyyət xadimləri ilə gənclərin zəngin təcrübə mübadiləsinin təşkili məqsədilə həyata keçiriləcəkdir.

Layihənin ilk görüşü cari ilin 1 iyun tarixində Üzeyir Hacıbəylinin ev-muzeyində Azərbaycan Respublikasının Xalq artisti, professor, pianoçu Ülviyyə Hacıbəyova ilə baş tutub. Tədbir Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.

Pianoçu Ü.Hacıbəyova çıxışında Hacıbəylilər nəslinin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı önəmindən söz açmış, hər bir yaradıcı insanın həyatındakı uğurun, gərgin əmək bahasına qazanıldığını qeyd etmişdir. O, peşəkar Azərbaycan musiqisinin inkişafı, tarixi, bəstəkarlıq ənənələri, Hacıbəylilərin musiqi dünyası və digər mövzulara toxunmuşdur.

         Görüş zamanı G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin fortepiano şöbəsinin II sinif şagirdi Seyidova Amaliya (müəllim Respublikanın Əməkdar müəllimi K.Əmirova) P.Morisin " Vals", "Marş", VI sinif şagirdi Əhmədzadə Məryəm (müəllim N.Süleymanova) Ü.Hacıbəylinin "Cəngi", VII sinif şagirdi Əhməd Sona (müəllim, Respublikanın Əməkdar müəllimi K.Əmirova) Q.Qarayevin "İnsan məskən salır" kinofilmindən musiqi əsərləri səsləndiriblər. Uşaqlar üçün muzeyə maraqlı ekskursiya təşkil olunub və onlara bayram hədiyyələri verilib. Tədbirin sonunda xatirə şəkil çəkilib.

“Sənətkarın dostu” layihəsi çərçivəsində mədəniyyətin müxtəlif sahələri  üzrə incəsənət xadimlərinin iştirakı ilə paytaxt Bakı və regionlarda maarifləndirici, musiqili və interaktiv görüşlərin təşkili nəzərdə tutulur.

 

Oxunub: 275

Əlavə olunub: 01.06.2024 14:46

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz