Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Əgər insanlar Ramazan ayının fəzilətini bilsəydilər, əlbəttə, bütün ilin Ramazan olmasını istərdilər. Sevgili Peyğəmbərimiz (səlləlahu əleyhi və alihi vəsəlləm) hədislərinin birində söyləmişdir bu kəlmələri. Bəşər tarixində Ramazan ayının əhəmiyyətli bir yeri vardır və Qurani-Kərimdə adı zikr edilən yeganə aydır. Ramazan sözünün mənalarından biri ərəb dilində “rəmzə” kəlməsindən götürülmüşdür. Mənası yandıran deməkdir. Bu ay insanların günahlarını yandıraraq yox edir, insan paklanır, təmizlənir. Ramazan mərhəmət və rəhmət ayıdır. Bu ayda Uca rəbbimiz cənnətin qapılarını açır, cəhənnəmin qapılarını bağlayır, insanları fəsada, pisliyə yönəltməməsi üçün şeytanları zəncirləyir.
Ramazan ayı həm Allahın, həm də Quranın ayıdır. Bu ayın özünəməxsus ibadətləri var. O ibadətlərdən biri orucdur. “Oruc” sözünün lüğəti mənası nəfsin istəklərindən, meyillərindən qorunmaqdır. Hədii- buluğa çatmış, xəstə və müsafir olmayan hər bir müsəlman oruc tutaraq onu pozan amillərdən uzaq olmalıdır.
Insan övladı üçün həyatın bütün sahələrində uğur qazanmaq vacib və əsaslı şərtdir. Mənim üçün uğur, yəni məqsdəinə tam mənada istədiyin kimi nail olmaq, həyatda əsil insani keyfiyyətlərə malik olmaq, nəfsin quluna çevrilmədən Allahın buyurduğu yolla getmək deməkdir. İnsana Allah tərəfindən qazandırılan uğur isə ən gözəl uğurdur. Bu uğuru isə biz yalnız Ramazan ayının gözəlliklərini, insana verdiyi paklığı dərk etməklə əldə edirik. “Bütün əməllər Adəm övladınındır. Oruc isə Mənə aiddir, onun savabını Mən verəcəm.” deyən Rəbbimiz dünyada insanın ağlını, vicdanını, iradəsini, dilini, ruhunu və saf əməllərini misilsiz olaraq qiymətləndirir. Allah qarşısında bu uğuru qazanmaq üçün isə onun qiymətləndirdiyi əməl sahibi olmalıyıq.
Bu ayda sanki dünyanı yenidən dərk edib öyrənirik. Öyrəndikcə , zehnimizdə, qəlbimizdə yeni-yeni pəncərələr açılır, “Qurani Kərim”lə daha yaxın oluruq, oxuyuruq, oxuduqca saflaşırıq, kamilləşirik, dünyanı dərk edirik. Bax budur Ramazan ayının gözəlliyi, fəziləti. Surələri, ayələri kitaba sığan, mənası, hikməti, müqəddəsliyi aləmə sığmayan, dünyanın işığı, Allahın bizlərə lütfü “Qurani Kərim” məhz bu ayda Ramazan ayında insanlığa bəxş edilmişdir. Ona görə bu ayın biz insanlara verdiyi mənəvi paklıq, saf niyyətlər insanları pis əməllərdən, dedi-qodudan, kin-kudurətdən, paxıllıqdan, mənəmlikdən, həsəd hissindən uzaqlaşdırır.
Oruc tutmağın maddi və mənəvi cəhətdən bir cox xeyirləri var. Oruc tutan Allah tərəfindən onlara verilmiş ilahi nemətlər olan dilin, ruhun, vicdanın da orucunu tutmalıdır. Dilin orucu dedikdə anlamalıyıq ki, dil qəlbin tərcümanı olduğu üçün, qeybətdən, küfrdən, haqqı inkardan, riyakarlıqdan, yalandan, insanları təhqir edən hər cür sözlərdən uzaq olmalıdır. Ruhun orucu isə qəlbin orucu, düşüncələrin orucu anlamına gəlir. Oruc tutan hər kəsin ruhunda dircəliş, düşüncə dünyasında yenilik yaranır.
Oruc tutmaq sadəcə ac qalmaq deyil, acları doyurmaq yəni yardımlaşmaqdır. Oruc səbri, iradəni, şəfqəti, sevgini artırır. Sosial ədaləti və yardımlaşma prinsipini gercəkləşdirir. “Qabusnamə”nin tərtibşisi Keykavus ibn İsgəndər oğluna nəsihət edərək yazır: “Ey oğul!... bil və agah ol ki, Allah-Təalanın sənin ac və ya toxluğuna ehtiyacı yoxdur. Oruc Allah tərəfindən sənin var-dövlətinə və özünə vurulan möhürdən ibarətdir. Bu möhür mal və bədənin yalnız bir hissəsinə deyil, bəlkə, bütün üzvlərinə vurulur: əl-ayağa, gözə, dilə, qulağa, qarına. Ey oğul, bil və agah ol: orucluğun ən böyük məqsədi ondadır ki, sən gündüz yemədiyini ehtiyacı olanlara verəsən ki, zəhmətinin faydasını görmüş olasan, elə bu zəhmət ona görə lazımdır ki, onun xeyri ehtiyacı olana çatsın. Oruc tutmağın ən böyük üstünlükərindən biri həm də nəfsin tərbiyəsidir. Məhz bu tərbiyə nəticəsində bədən ruha baş əyir. Ruh paklaşır, kamilləşir. Insan da insanlığın dəyişməz dəyərlərini bu ayda daha da anlayır. Əgər anlaya bilirsə. Oruc tutmaq insan psixologiyasına da müsbət təsir göstərir. Oruclu insan yaxşı iş gördüyünü dərk edincə mənən rahatlaşır. Mənəvi rahatlıq isə dünyanın ən gözəl istirahətlərindən biridir.
Mübarək Ramazan ayının birinci on günü rəhmət, ikinci on günü bağışlama, ücüncü on günü isə cəhənnəmdən qurtuluşdur demişdir Həzrəti Məhəmməd. (səlləlahu əleyhi və alihi vəsəlləm) Insan övladı sağlığnda rəhmətini qazanıb, bağışlanmağını diləyib cəhənnəm əzabından qutrulmaq istəyirsə təkcə müqəddəs ayda deyil ilin bütün aylarında insanlığını unutmamalı, nəfsinin quluna çevrilməməli, vicdanını təmiz saxlamalıdır.
On bir ayın sultanı Ramazan ayı bu il dünyamıza qlobal bəlanın yayıldığı bir dövrdə aprel ayının 25 də qədəm qoyacaq. Ölkəmiz bu ağır karantin dövründə də müqəddəs ayın tələb etdiyi qayda-qanunlara inşAllah ki, riayət etmək iqtidarındadır. Çünki Ramazan ayı orucluq, inan nəfsinin paklığı, eyblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrü olduğu üçün insanlar bunun savabından istifadə edərək dünyamızın bu bəladan qurtarması üçün dua edəcək, əməlləri ilə savab qazanacaqlar. Dünyamız məhz bu qaydaları yerinə yetirərək, dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir. Bu ay ruhun tərəqqisi, Allaha tərəf yol almağın göstəricisidir. Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir. Bu baxımdan da bu dövrdə oruc tutub, Allahın buyurduğu yolla gedib, iradəmizi, səbrimizi, həm mənən həm də cismani təmizliyimizi, yardımsevərliyimizi, humanistliyimizi və eyni zamanda mulkultural dəyərlərimizi nümayış etdirməliyik. Bu insanlıq üçün verilmiş bir fürsətdir. Bəlkə etdiklərimiz yaxşılıqların sayəsində Allahın sevimli bəndələrindən olaq, dünyamızı bu bəladan xilas edə bilək.
Millət olaraq biz yeterincə bu dəyərlərə malikik. Ramazan ayı boyunca isə bütün millətimiz insani xüsusiyyətləri bir daha nümayiş etdirərək Ramazanın lütvündən istifadə edib sevgini, mərhəməti əskik etməyərək, yardımlaşmağı da davam etdirəcəklər.
On bir ayın sultanı Ramazanın sonu bayramla bitir. Müqəddəs günlərin hər birindən doya doya istifadə edən, Qurani Kərimlə oyanıb, onu mütaliyə edib dərk edən, Peyğəmbər əxlaqıyla əxlaqlanmış, paklaşmış insanlar sonda bayramlaşırlar. Bayram namazı, bayram xütbəsi, kasıbların, fəqirlərin qəlbini sevəndirmək bu bayrama başqa bir rəng də qatır. Küsülülərin barışması, qocalar evinə, uşaq evlərinə, xəstə yanına ziyarətlər cəmiyyətimizin bir-birinə qaynayıb qarışması Allahın lütvündəndir.
Cox arzu edirəm ki, müqəddəs ayımızın sonu yəni baramda insanlarımız həmişəki sevgi və şəfqət hissi ilə bayramlaşa bilsinlər. Ramazan bayramının bütün ayinlərini birgə yerinə yetirmək mümkün olsun. Çünki, xoş günlər paylaşdıqca coxalır, artır. Ramazan ayına xoş və sağlıqlı gəlin. Uğurunuz xeyrə aşılsın.
Nəzakət Rəhmanova Sabir qızı
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırmа
Mərkəzi Təlim-tədris şöbəsinin müdiri
Oxunub: 975
Əlavə olunub: 17.04.2020 19:17