Bu müdafiə istehkamı Qazax bölgəsinin simvolu sayılan Göyəzən dağının ətəyində yerləşir. İstehkam dağın sıldırım hissəsinə söykənərək yerli daşdan hörülmüş enli divarlara malikdir.
Qalanın dəqiq tikilmə tarixi məlum deyil, lakin o, orta əsrlərə aid edilir. Qalaya giriş cənub tərəfdən olub, bir çox orta əsr qalalarında olduğu kimi giriş iki tərəfdən bürclərlə əhatə olunub.
Qala divarlarında yeddi bürc olduğuna görə yeddi bürclü qala da deyirlər, lakin bu bürclərdən başqa dağ boyu müdafiə divarları keçir və düz zirvəyə qədər davam edir.
Qalanın içində müxtəlif təyinatlı tikili qalıqları və su toplamaq üçün qurğular mövcuddur.