Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Qarabağın ədəbiyyat səhifələrində Məclisi-üns

Azərbaycanın qədim mədəniyyət məkanlarından biri Qarabağda xanlıqlar dövründən sonra ədəbiyyat və sənət daha da inkişaf etmişdir. Molla Pənah Vaqifin Qarabağ sarayında fəaliyyət göstərməsi xanlığın söz, sənət adamlarına verdiyi dəyərin göstəricisidir. “Məclisi-üns” Şuşanın mədəniyyət mərkəzi olmasının, mədəniyyətimizin inkişafına verdiyi töhfələrin parlaq nümunəsidir.
 
Sözügedən zəngin mədəniyyətin bir daha təbliği məqsədilə cari ilin 7 dekabr tarixində AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Qarabağın ədəbiyyat səhifələrində Məclisi-üns” adlı elmi-ədəbi konfrans təşkil olunub.
 
Mərkəzin 2021-ci ilin ikinci yarımili üçün nəzərdə tutulmuş İş planına əsasən keçirilmiş tədbiri giriş sözü ilə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli açıblar.
 
Tədbirdə AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun İlkin yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Mahirə Quliyeva, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Raqub Kərimov, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Mərziyyə Nəcəfova, AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin X.Natəvan adına Qarabağ filialının elmi işçisi Rəhman Baxşəliyev çıxış ediblər. Müasir dövrdə ayrı-ayrı ədəbi məclisləri araşdıran alimlərimiz ədəbiyyat tarixini məclis üzvlərinin bədii və pedaqoji fəaliyyətləri haqda yeni məlumatlarla zənginləşdiriblər. Məruzəçilər öz çıxışlarında məclislərin status və funksiyası, strateji əhəmiyyəti məsələlərinə aydınlıq gətirmək üçün yeni tədqiqatlara və elmi dəyərləndirmələrə tələbat olduğunu qeyd ediblər.
 
Tədbirin ədəbi-bədii hissəsində Şövkət Ələkbərovanın ifasında “Durnalar” (mus: C.Cahangirov, söz: M.P.Vaqif), Rəşid Behbudovun ifasında “Qərənfil” (mus: V.Adıgözəlov, söz: X.Natəvan) əsərləri, S.Vurğunun “Vaqif” dramı əsasında səhnələşdirilmiş televiziya tamaşasından Ağa Məhəmməd şah Qacar və Molla Pənah Vaqifin dialoqu səsləndirilib.
 
Bundan əlavə, tədbirdə AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlunun təqdimatında onlayn ekskursiya və AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda “Qarabağın ədəbi-mədəni mühiti əlyazmalarda” adlı sərgiyə ekskursiya təşkil olunub.
 

Oxunub: 620

Əlavə olunub: 07.12.2021 20:08

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz