Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Qarabağ ədəbiyyat inciləri” mövzusunda vebinar

25 may 2021-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Qarabağ ədəbiyyat inciləri” mövzusunda vebinar keçirilib.

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 2021-ci ilin birinci yarım ili üçün İş Planına əsasən keçirilmiş tədbirin məqsədi Azərbaycan ədəbiyyatının əsas istiqamətlərindən biri olan Qarabağ ədəbi mühitinin keçdiyi inkişaf yolunun və yetişdirdiyi sənətkarların ədəbiyyata gətirdiyi yeniliklərin elmi aspektdə tanıdılmasıdır.

Tədbirdə Mərkəzin əməkdaşları, ədəbiyyat və musiqi sahəsində xüsusi xidmətləri olan elm və sənət sahibləri ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının, Yazıçılar Birliyinin və digər təşkilatların nümayəndələri iştirak etmişdir.

Həmçinin şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, ATU-nun kafedra müdiri, texnika və filologiya elmləri doktoru, professor Elçin İsgəndərzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMEA-nın Folklor İnstitunun Musiqi folklor şöbəsinin böyük elmi işçisi Kəmalə Atakişiyeva, Əməkdar artist, aktyor, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov, filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Fəridə Vəliyeva və digərləri Qarabağ poeziyasından, ədəbi məclislərdən, Qarabağ musiqi mədəniyyətindən, folklor nümunələrindən, milli adət-ənənələrin ədəbiyyata təsirindən bəhs ediblər.

Çıxış edənlər qeyd etdi ki, Qarabağda təşkil edilən ədəbi və musiqi məclisləri (“Məclisi-üns”, “Məclisi-fəramuşan”) yeni sənətkarların yetişməsinə təkan vermişdir. Onların ədəbiyyata gətirdikləri yeniliklər və özlərinə xas olan üslubları müasir ədəbiyyatın yüksəlişinə də yol açmışdır. Qarabağ ədəbi mühitinin təmsilçiləri XX və XXI əsr ədəbiyyat irsimizin formalaşmasına töhfə vermişdir.

Tədbirdə, həmçinin Azərbaycan dramaturgiyasının inkişafında dönüm nöqtəsi sayılan əsərlərin müəllifləri Ə.Haqverdiyevin və N.Vəzirovun, tənqidi satiranın banilərindən olan Q.Zakirin, eləcə də X.Natəvanın yaradıcı fəaliyyətlərinə nəzər salınmış və bu barədə müzakirələr aparılmışdır.

Oxunub: 479

Əlavə olunub: 27.05.2021 18:11

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz