Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Nəsildən-nəslə teatr” layihəsi davam edir.
Layihə çərçivəsində 26 sentyabr 2024-cü il tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kiçik səhnəsində keçirilən tematik seminarın növbəti paneli “Aktyorluq: təbiət və paradoks” adlandırılıb.
Tədbirin açılışında Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. MEMİM-in direktor vəzifəsini icra edən, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov qonaqları salamlayaraq şəhidlərə rəhmət, qazilərə isə can sağlığı arzulayıb. Daha sonra layihənin xüsusi önəmi haqqında fikirlərini tamaşaçılarla bölüşüb.
Teatrşünas Dağlar Yusifin moderatoru olduğu panelin qonağı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Nurəddin Mehdixanlı gənclərlə aktyor sənətinin təbiət-mədəniyyət əksliyinə dayanan paradoksal mahiyyəti, nəzəri-praktiki əsasları, aktyorun yaradıcılıq psixologiyası, ənənə, müasirlik, yeni yaradıcı tendensiyalardan söhbət açıb.
Nurəddin Mehdixanlı gənclərlə bağlı nitqində onu da vurğuladı ki, nə qədər istedadlı, fədakar gənclər varsa teatr əbədi olaraq yaşayacaq. Çünki teatr insanları kamilləşməyə aparan yoldur.
Qeyd edək ki, seminarın keçirilməsində məqsəd nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla Azərbaycanda teatr prosesinin inkişafına töhfə vermək, teatra müasir beynəlxalq tendensiyaların tətbiqi, bu sahəyə marağın artırılması, gənclərin cəlb edilməsi və aktiv yaradıcı mühitin formalaşdırılmasıdır.
“Nəsildən-nəslə teatr” seminarları çərçivəsində teatr sənətçiləri ilə interaktiv görüşlərin davamlı təşkili nəzərdə tutulur.
Oxunub: 152
Əlavə olunub: 30.09.2024 09:12