Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə 12 İyun, 2024-cü il tarixində “Musiqinin psixoloji təsiri” mövzusunda elmi-praktiki seminar keçiriləcək.
Seminarın keçirilməsində əsas məqsəd musiqinin cəmiyyətdə rolu, insanların bədii zövqünün formalaşmasında, etik və estetik tərbiyənin düzgün təmin olunmasında tutduğu mövqe ilə bağlı maarifləndirmə məsələləridir. Elmi seminarda “Terapiyada musiqinin rolu”, “Musiqinin tərbiyədə və təhsildə rolu”, “Ritmin fəlsəfəsi”, “Musiqi və beyin”, “Musiqinin uşaq psixologiyasına təsir vasitələri” və bu kimi mövzularda mütəxəssis araşdırmaları iştirakçıların diqqətinə çatdırılacaq.
Çıxışlar əsnasında musiqi nömrələri təqdim olunacaq. Tədbirin moderatoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızıdır. Elmi seminarda tamaşaçı qismində iştirak sərbəstdir.