Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Möminə Xatun türbəsi haqqında elmi seminar

Məlumdur ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tarixi-mədəni irsin qorunması, inkişafı, istifadəsi və təbliği istiqamətində müxtəlif səpkili tədbirlər həyata keçirilir. Azərbaycan bəşər sivilizasiyasının ilk beşiklərindən biri olmaqla, zəngin maddi-mənəvi irsə malikdir. Maddi mədəni irs nümunələrimizdən olan tarixi abidələr Azərbaycan xalqının qədim mədəniyyətinin göstəricisidir. Hər bir tarixi abidə məxsus olduğu dövrün mədəni mühitini, təfəkkür və düşüncə tərzini özündə yaşadır.

Bu məqsədlə, 10 iyun 2021-ci il tarixində Mərkəz tərəfindən intibah dövrünün tikililərindən olan Möminə Xatun türbəsinin 835 illiyi çərçivəsində “İntibah dövrünün memarlıq incisi: Möminə Xatun türbəsi” adlı onlayn elmi seminar təşkil olunub. Seminar, həmçinin Mərkəzin 2021-ci ilin birinci yarım ili üçün İş Planına əsasən keçirilib.
Seminarın əvvəlində Möminə Xatun türbəsi haqqında videotəqdimat nümayiş olunub.

Tədbirdə Mərkəzin əməkdaşları ilə yanaşı, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Rəhibə Əliyeva və doktorantı Aysel Hüseynova, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli, AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin kiçik elmi işçisi Səbuhi Həsənov, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Memarlıq, şəhərsalma və abidələrin bərpası şöbəsinin kiçik elmi işçisi Brilyant Cəfərli və digər alim və mütəxəssislər iştirak etmişlər. Alimlər öz çıxışlarında abidənin tarixindən, inşasından, tarixi estetik dəyərlərindən, Əcəmi memarlığının Azərbaycanda ölkədaxili və xarici türbə memarlığının inkişafına təsirindən, Əcəmi yaradıcılığının bilinməyən səhifələrindən - Kiran türbələrindən və digər maraqlı faktlardan bəhs etmişlər. Eyni zamanda XII əsrdə Atabəylər dövlətində 11 il ərzində inşa olunmuş Möminə Xatun türbəsinin türk İslam mədəniyyətinin memarlıq incisi olduğu vurğulandı.

Qeyd edək ki, türbəni Atabəylər dövlətinin banisi Atabəy Şəmsəddin Eldəniz öz həyat yoldaşı Möminə Xatunun məzarı üzərində tikdirib. Amma təəssüf ki, özü türbənin qoyuluşunu görməyib, çünki o, 28 gün sonra vəfat edib. Türbənin inşasını oğlu Məhəmməd Cahan Pəhləvan başa çatdırıb. Naxçıvanın “Tac Mahal”ı sayılan və böyük sevgidən bəhs edilən əsər bu gün Naxçıvan memarlıq məktəbinin, bədii memarlıq səviyyəsinin nümunəsi kimi şəhərin mərkəzində yüksəlir.

Oxunub: 551

Əlavə olunub: 14.06.2021 17:59

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz