Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən dekabrın 15-də Mingəçevir şəhərində fortepiano ixtisası üzrə ustad dərsi təşkil olunub.
Ustad dərsində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Mingəçevir şəhər, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon musiqi və incəsənət məktəblərindən fortepiano ixtisası üzrə müəllim və şagirdlər iştirak ediblər.
Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli onbirillik musiqi məktəbində keçirilən ustad dərsi Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci Fortepiano şöbəsinin fənn birləşmə komissiyasının sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Kazımova tərəfindən aparılıb.
Tədbirdə iştirak edən MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova ustad dərslərinin dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, ustad dərsləri şagird və müəllimlərin müvafiq ixtisaslar üzrə nəzəri və praktiki biliklərinin artırılmasına şərait yaratmaqla yanaşı, müəllimlərin müasir tədris metodlarına yiyələnməsi baxımından da əhəmiyyət kəsb edir.
Sonra Ülviyyə Kazımova şagirdlərin ifası üzərində öz tövsiyələrini verib, sualları cavablandırıb.
Ustad dərsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Ülviyyə Kazımova müəllifi olduğu kitabları məktəbə hədiyyə edib.
Oxunub: 136
Əlavə olunub: 16.12.2025 11:32