Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Mədəniyyətdə kamilliyə aparan yol

                                                            

 

                                                                      

İnsan şəxsiyyətinin əvəzsiz keyfiyyəti ciddiyyətdir. Ciddiyət düşncədə dərinləşmək, proqramların icrasında mətinləşmək və amalın reallığına vəfa göstərməkdir.  

                                                                                                                                   Əli Bəy Hüseynzadə 

                 

Görkəmli  şəxsiyyətlər mədəniyyəti, insandakı “insaniyyət”, Adəm övladındakı “adəmiyyət  kimi qiymətləndirmişlər. Dahi Azərbaycan şairi  Nizami Gəncəvi bəşəri dəyərləri məhz  bu baxımdan görür və “...hamının əsli gedib Adəmə cıxırsa, demək, hamı insandır, o, isə başdan-ayağa insaniyyətdir”, deyirdi. Göründüyü kimi, burada insani keyfiyyətlər insanın özündən yüksək tutulur və  onun yenidən doğuluşu məsələsi qoyulur ki, bu da cəmiyyətdə şəxsiyyətin yetişməsi üçün, humanizm prinsiplərindən irəli gəlir.`  

 Insan cəngəlliklər sakini olsaydı, yaxud tək özünü təmsil etsəydi, bəlkə də ondan ali keyfiyyətlər tələb olunmazdı.  Lakin insan cəmiyyətin bir üzvü  olduğu üçün o, daima insani keyfiyyətlərə malik olmaqla, insanlığın ali mərtəbəsində olub, hörmət və ehtiram taxtında əyləşib ətrafı nurlandıra bilər Mədəniyyətdə kamilliyə aparan yol, kamil insan mövzusuna keçid almamışdan öncə mədəniyyət haqqında bəzi məqamları nəzərdən keçirək, müxtəlif filosofların mədəniyyət anlayışına münasibətinə diqqət yetirək. Çünki kamilliyə aparan yol məhz mədəniyyətin dərk edilməsi və anlaşılmasından keçir.

Bəşər tarixində mədəniyyətlər çoxluq təşkil edir. Mədəniyyətlər də insan kimi doğulur, böyüyür, sonra da ölürlər. Lakin elə mədəniyyətlər də mövcuddur ki, onlar ölmürlər və aid olduqları sənət istedadının, memarlıq incəliyinin və zəmanənin intellektual səviyyəsinin əsrlər boyu yad olunmasını təmin edirlər.  Lakin mədəniyyətlərin bu əlaqəsinin yeganə mənbəyi  insandır. Həyatda insan möhtac olraq doğulur və həyatı boyu da ehtiyaclarını qarşılayaraq yaşayır. Bu ehtiyacların içərisində ən ümdəsi və şəxsiyyətin inşasına lazım olanı  mənəvi ehtiyacalrın, yəni əxlaqi dəyərlərin, insani keyfiyyətlərin  qarşılanmasıdır. Bir çox mədəniyyətlər əxlaqi dəyərlərə söykənir. Zamanında bir çox qədim mədəniyyətlər məhz əxlaqi dəyərləri itirdiklərinə görə dünya səhnəsindən silinmişlər. 

“Mədəniyyət” sözünün yaranma tarixi daha uzaq zamanlara gedib cıxırMədəniyyət nəzəriyyəsi “mədəniyyət” anlayışının tərifi və şərhi ilə başlayır.  Mədəniyyət latınca “kultura sözündən olub, işləmə, qulluqetmə, yaxşılaşdırma, həmçinin təlim tərbiyə, inkişaf, tərəqqi deməkdir.  

“Kultura” anlayışını nəzəri termin kimi ədəbiyyata ilk dəfə b.e.ə. 45-ci ildə Roma natiqi, ritorikanın görkəmli banisi, filosof Mark Tulli Siseron gətirmişdir. Onun “Tuskulan” söhbətləri əsərində bu anlayış məcazi mənada işlədilmişdir. Beləki, “kultura” insan zəkasının reallaşmasının özünəməxsus  təzahürüdür. Məhz bu xüsusuyyətinə görə Siseronun məhşur ifadəsi belə səslənir: “Düşüncə mədəniyyəti- fəlsəfədir”. 

 Çin dövlətində mədəniyyətin təşəkkülünə bir qədər nəzər salaq. Çin planetimizin ən qədim maddi və mənəvi dəyərlərə malik dövlətlərindən biridir. Çin filosofu olan Konfutsi cəmiyyətdəki bütün qnunsuzluqları və fəlakətləri mənəvi dəyərlərin pozulmasında görürdü. O, təkcə filosof deyil, həm də pedaqoq və siyasi xadim kimi fəaliyyət göstərmiş, elə bir etik prinsip yaratmışdır ki, özündən sonra da cəmiyyətin idarə olunmasında iştirak etmiş, yaddaşlarda yaşamışdır. Onun humanizmini və insanpərvərliyini ifadə edən “Jen” təlimi “özünə arzulamadığını, başqasına da rəva görmə” kəlamı ilə izah edilirdi. Konfutsinin bu ideyası kamilliyə çatmaq yolunda atılmış ilk addımlardan biri idi. Doğrudan da cəmiyyətddə humanizmin, mənəvi dəyərlərin pozulması və elmdən uzaqlaşma prosesləri baş verərsə insanlıqda  cahillik baş alıb gedər. 

Mədəniyyət anayışının müasir anlamı ilk dəfə Almaniyada öz təsdiqini tapmışdır. Artıq XVIII əsrin axırlarında bu söz alman ədəbiyyatında iki mənada birincisi, bilik və peşələrin köməkliyi ilə təbiət üzərində hökmranlıq, ikincisi isə şəxsiyyətin mənəvi zənginliyini bildirirdi. Məhz kamil insanın formalaşmasında şəxsiyyətin mənəvi zənginliyi ön plana cıxarılır.  

Alman filosofu İohann Qotfrid Gerderin fikrincə, insan təkamülün sonuncu məhsuludur. Insanı digər canlılardan fərqləndirən də  mədəniyyətdir.  Məhz bu xüsusiyyətlərinə görə Gerdər mədəniyyəti hər hansı bir cəmiyyətin özəyi, başlangıcı kimi qiymətləndirirdi. Gerdər mədəniyyətin ən ali məqsədini humanizmin yayılmasında görür. 

Azərbaycan filosofu Nəsərəddin Tusi “Əxlaqi-Nasir” əsərində söyləyir: “İnsanı heyvandan fərqləndirən mədəniyyətdir.” 

Mədəni təkamül haqqındakı nəzəriyyələrin digər nümayəndələrindən biri də başqa bir alman filosofu Qeorq Vilhelm Hegel sayılır. “Təfəkkürün hərtərəfli, əhatəli inkişafı mədəniyyətin mütləq dəyəridir.” fikri Hegelin mədəniyyət  haqqında söylədiklərindəndir.  

Mədəniyyət –ikinci süni təbiətdir, insanın ağlı, hissləri və fiziki əməyi ilə yaradılan bütün pozitivlərdir. Mədəniyyət həm də xaos və cahillikdən- biliyə, nizama, inkişafa və rifaha doğru yoldur. Bütün bu sözləri məhşur Azərbaycan kulturoloq alimi Fuad Məmmədov söyləmişdir. 

“Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları arasında seçilir. Onlardan ən dəyərlisi, ən əhəmiyyətlisi-mədəniyyətdir”, deyən Ulu Öndər  Heydər Əliyev qeyd edirdi. “Bu gün bütün bəşəriyyət, bütün xalqlar və millətlər yaxşı başa düşürlər ki, insanların ən böyük mənəvi dəyərləri olmaqla mədəniyyət, elm və təhsilin  davamlı inkişafını  təmin edən ən mühüm amillərdən biridir... Azərbaycanın hər bir vətəndaşı böyük tarixi keçmişə, zəngin mədəniyyətə, yüksək mənəviyyata malik ölkəmizin həm keçmişinə, həm indisinə, həm də gələcəyinə böyük məsuliyyət hissi ilə yanaşmalıdır... Tarixi baxımdan müxtəlif zamanlarda müxtəlif filosofların, alimlərin mədəniyyət haqqında söylədiklərinin bir anlamı var. Bütövlükdə məqsəd- cəmiyyət üçün humanist , elmli, təfəkkürlü və kamil insan yetişdirmək. Məhz mədəniyyətin əsas məqsədi də bundan ibarətdir. 

Hər bir ölkənin başlıca milli sərvəti insanlardır. Bu sərvətin dəyərinin ölçü vahidi isə  insanların malik olduğu mədəni, elmi, əxlaqi, etik  keyfiyyətlərlə  müəyyən edilir. Şəxsiyyətin mədəni keyfiyyətləri nə qədər yüksək olarsa, o daha yüksək sosial pillədə dayana bilər. Insanın yüksək mədəniyyəti onun öz rifahı və cəmiyyətin rifahı üçün peşə və yaradıcı imkanlarını müəyyən edir. Cəmiyyətdə kamilliyə aparan yolda intelektual və etik mədəniyyət ön planda olmalıdır.  

Mədəniyyətdə kamilliyə aparan yol mədni insanı şərtləndirən  keyfiyyətlərdən keçir. Kamil insanın xarakterizə edən bir sıra dəyərlər var ki, bunların içərisində ən ümdəsi mədəni dəyərlər, əxlaqi normalardır. Məhşur Amerika yazıçısı, Nobel mükafatçısı Ernest Heminqueyin belə bir fikrini xatırlatmaq istərdim. “Əxlaq mövzusunda anladığım əsas budur:  “Bir hərəkətdən sonra özünü yaxşı hiss edirsənsə, o, əxlaqdır, əgər özünü pis hiss edirsənsə, o, qeyri-əxlaqdır”. Bu gün inanlar əxlaq mövzusunda olan bu sadə düşüncəni və düsturu öz gündəlik normalarına çevirsələr əlbətdəki yaxşı olardı. Çünki, mədəni dəyərlər, əxlaqi normalar və etik davranış insanların birgə fəaliyyətini tənzimləyən mədəni göstəricilərdir. Etik davranışlar birgə fəaliyyətdə ön plana cıxır. Avropa dillərində “moral” kimi işlədilən etika insanın qanunlara deyil, öz əxlaqına görə fəaliyyətini nəzərdə tutur. Etika insanın vicdan səsidir, nəfsinə qarşı olan rəftarıdır.  Yunan filosofu Aristotel cox gözəl deyir: “Etika elm yox, əməldir.  

Müxtəlif insanlar eyni mədəni dəyərlərə müxtəlif dərəcədə üstünlük verirlər. İnsanın mədəni potensialının inkişafında intellektual və humanist dəyərlər mühüm rol oynayır. Ibni-Sinaya görə, cəmiyyətin rifahı-elmi biliklərə əsaslanan düzgün, xeyirxah siyasətlə əldə edilir. Mədəni dəyərlər təfəkkürə, psixalogiyaya, dünyagörüşünə, intellektə, davranışa, əxlaqa, xarakterə, taleyə təsir göstərir. Mədəni inkişafın bu başlıca sosial vasitələrinin mühüm vəzifəsi insanın dərk etmə qabiliyyətlərinin yetişdirilməsidir.  Tanınmış alman şair-dramaturqu, mütəfəkkir rəssam İohann Volfanq Höte  təmamilə doğru olaraq qeyd edir di ki, “hər kəs dərk etdiyini eşidir”. Buradan aydındır ki, ailədə, kollektivdə və cəmiyyətdə qarşılıqlı anlaşma və harmoniyaya nail olmaq üçün insanların başa düşmə səviyyəsinin yüksəldilməsinə yardım etmək nə qədər vacibdir. 

Şəxsiyyəti kamilliyə aparan yolda bir neçə mərhələ var. Bu mərhələlər öyrənmə, dərk etmə və yaratma səviyyələrindən keçir. 

İnsanın kamil bir səviyyəyə çatmasını Nəsimi yaradıcılığında da aydın şəkildə görürükZamanı üçün kreativ düşünən Nəsimi  Insan ağlını, elmini, əməlini və ləyaqətini yüksək qiymətləndirən, dövrü üçün kamil insan obrazını yaradan bir filosof olmuşdur. “Nəsimi” filmində Nəsimin  Teymurlənglə dialoqunda belə bir məqam var,”Güclü, gücsüz insan yoxdur kamil insan var bir də cahil” Cahilin tərzi həyatı heyvanatın tərzi həyatı ilə uyğundur. Kamil insan cümlə aləmin sirrinə vaqif olacaq və hecnədən qorxmayacaq Kamil insan yaradır, cahil insan dağıdır. İnsanın gücü qolunda yox əqidəsində və elmində olmalıdır. 

Bəşəriyyət tarixi təkidlə təsdiq edir ki, mədəniyyət insanların inkişafını və rifahını təmin edən bilik və xeyirxahlıqdır, cəhalət isə şər və səfalətdir.  Həqiqətdə isə əsl kamil insan  maariflənmiş, özünə inamı olan, ətraf aləmi dərk edib dəyişə bələn, qəlb gözəlliyi və ağlı  olan insandır. Dahi İmaddədin Nəsimi humanizm fəlsəfəsinin yüksək dünyagörüşü və kulturoloji dəyəri bu gün də öz milli və beynəlxalq əhəmiyyətini qoruyub saxlayır. 

 İnsanın həyat yoluna diqqət edəndə görürük ki, həyat yollar çoxluğudur ki, onların arasından insan özü üçün düzgün yolu seçməlidir. Bunu necə etməli. Bunun üçün insan düzgün həyat mədəniyyətinin mahiyyəti və xüsusiyyətlərinin öyrənmə və dərketmə pillələrini qalxmalı, yetkinliyə, müdrikliyə catmalı və özündə ruhi yaradıcılıq, harmoniya və kamillik qabiliyyətinin yetişdirməlidir. Zəka və elm mücəssəməsi Cəlaləddin Rumi deyirdi: “Müdriklik və bilik ona görə mövcuddur ki, yolu yolsuzluqdan ayırd etmək olsun. Hər yerdə yol olsaydı, müdriklik lazım olmazdı.”  

Millətindən və dinindən asılı olmayaraq, yalnız kamil insanın dəyər meyarı yüksə mədəniyyətdir. Insanın ailədə və iş yerində gündəlik davranışında onun şəxsi mədəniyyəti, bilikləri və etikası, tələbatları və maraqları, xarakteri və temperamentinin xüsusiyyətləri, baxışları, zövqü, vərdişləri, öz qüvvəsinə inam dərəcəsi özünü göstərir. Insanın davranış vahidi əməlləridir. Insanları gələcəkdə kamil və mədəni görmək üçün onları pozitiv və alicənab xarakterdə formalaşdırmaq lazımdır.  İohann Volfanq Hötenin yenədə gözəl bir fikrini çatdırmaq istərdim. “Həmişə qəhrəman ola bilməzsən, amma həmişə insan olaraq qalmaq olar...” Çox gözəl bir kəlamda da var ki, deyirlər: “Cavanlıqda elm öyrən ki qocalanda müdrik olasan qocalıq gələndə özüylə müdriklik gətirmir.” Məhşur Hüseyn Cavid cox gözəl söyləmişdir. “Arif ol, arif, atma vicdanı, Ara qəlbində dini-imanı...” Elm öyrənib müdrikliyə qovuşsaq, arif olub dünyadan hali olsaq, vicdanlı olub yaxşını yamandan ayırsaq, dinli-imanlı olub böyük Yaradanı tanısaq o zaman kamiliyin astanasına çata bilərik. Hələki ancaq, astanasına... Dövrümüzün qəhramanı olmasaq da insanı olaq, çünki bu öz əlimizdədir. 

                                                                     Nəzakət Rəhmanova Sabir qızı 

                                            Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi                     

                                       Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma            

                                                        Mərkəzi  Təlim-tədris şöbəsinin müdiri 

Oxunub: 1037

Əlavə olunub: 14.05.2020 07:44

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz