Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Mədəniyyət işçiləri üçün açıq təlimlər davam edir

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi öz açıq təlimlərini davam etdirir. Yerli və xarici mütəxəssislərin iştirakı ilə təşkil olunan təlimlərin qarşısında duran əsas hədəf müxtəlif profilli mədəniyyət müəssisələrində çalışan əməkdaşlarda müasir peşə səriştələrinin, habelə kreativ təfəkkürün formalaşmasından ibarətdir. Belə ki, növbəti təlim mədəniyyət evlərinin fəaliyyətinə həsr olunmuşdur.  

Qeyd etməliyik ki, Regional Mədəniyyət İdarələrinin nəzdində fəaliyyət göstərən mədəniyyət müəsissələrində çalışan  əməkdaşlar üçün  ixtisasartırma təlimləri bir neçə ay elektron formatda təqdim edilir və Mərkəzin rəsmi facebook səhifəsindən yayımlanır. İxtisasartırma təlimlərinin daha səmərəli və əhatəli olması, mədəniyyət müəssisələrində çalışan əməkdaşların təlimlərlə tam əhatə olunması məqsədilə canlı olaraq Zoom konfrans tətbiqi vasitəsilə aktual mövzularda təşkil olunmuş təlimlərdə yüzlərlə əməkdaş iştirak etmişdir.

Cari ilin 23 iyul tarixində Mədəniyyət Mərkəzləri və klub müəssisələrinin 60-dan çox əməkdaşları üçün “Pandemiya dövründə Mədəniyyət mərkəzləri və klub müəssisələrinin fəaliyyət istiqamətləri” mövzusunda növbəti təlim keçirilib.

Şəhər (rayon) Regional Mədəniyyət İdarələrinin nəzdində fəaliyyət göstərən mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klub müəssisələrinin əməkdaşlarının iştirakı ilə keçirilmiş virtual təlimdə sahə üzrə ixtisaslı mütəxəssislər müvafiq mövzular üzrə çıxış ediblər. Təlimdə sənətşünaslıq üzrə elmlər doktoru, professor, AMEA Folklor İnstitutunun Musiqi folkloru şöbəsinin müdiri Nailə Rəhimbəyli “Ənənəvi milli mədəniyyətin və xalq yaradıcılığının qorunması və inkişafı” mövzusunu,  sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bibiheybət qəsəbə mədəniyyət evinin bədii rəhbəri Fəridə Babayeva “Pandemiya dövründə mədəniyyət müəssisələrinin fəaliyyətində tədbirlərin təşkili istiqamətləri” mövzusunu, Mərkəzin Təlim-tədris şöbəsinin müdiri Nəzakət Rəhmanova “Böhran vəziyyətlərdə mədəni irsin qorunması problemləri”, Tədris proqramları sektorunun müdiri Aygün Hüseynova “Mədəniyyət müəssisələrinin büdcədənkənar maliyyələşmə istiqamətləri” adlı mövzulara həsr olunmuş təqdimatlar ilə çıxış etmişlər. Lenkaran Mədəniyyət Mərkəzinin direktoru Xafiz Mirzə, Əməkdar Mədəniyyət işçisi Səadət Şirinova da Azərbaycanın folklorundan danışdı. Mərkəzin əməkdaşı Elnarə Hacıyeva mədəniyyət müəssisələrinin onlayn fəaliyyərindən bəhs etdi.

Açıq müzakirələr şəkildə davam edən təlim çərçivəsində mədəniyyət evlərinin fəaliyyətində yeni yanaşmalar, müasir forma və üsullardan istifadə yolları, onların sosial populyarlığı, əməkdaşların peşəkarlığı və digər önəmli mövzulara toxunuldu.

Mərkəzin direktoru Asif Usubəliyev məruzəçilərə və tədbir iştirakçılara öz təşəkkürünü bildirərək, sözügedən istiqamətdə fəaliyyətin davam olunmasının zəruriliyini bildirdi. Mədəniyyət müəssisələrinin fəaliyyətinin müasirləşməsi məhz orada çalışan əməkdaşların peşə təfəkkürünün müasirləşməsi prosesindən asılı olduğunu bildirən A.Usubəliyev qeyd etmişdir ki, cəmiyyətə təqdim olunan mədəni xidmətlər ənənələrin qorunması məqsədinə xidmət etməklə yanaşı, mütləq olaraq öz cəlbediciliyi ilə seçilməlidirlər. Bu səbəbdən bir sıra mədəniyyət müəssislərinin fəaliyyətinin təşkili və planlaşdırılması məsələlərinə məhz iqtisadi münasibətlərin xidmət sektorunda olan müəssisələrdəki kimi yanaşmaq lazımdır.     

Xatırladaq ki, açıq xarakterli və ödənişsiz təlimlərdə istənilən şəxs iştirak edə bilər.

 

Oxunub: 735

Əlavə olunub: 24.07.2020 05:18

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz