Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Maraqlı və qədim Kəndovan kəndi

Azərbaycanda danışıldıqca bitməyən mövzulardan biri Təbrizdir. Gedənlər bilir onun özünəməxsus gözəlliyini, tarixiliyini, insanlarının mehribanlığını və səmimiyyətini. Bəli, xoş xasiyyətli insanlara bənzəyən görnüşü var Qədim Təbrizin. 17-ci əsr tarixçisi Oruc bəy Bayat Təbrizi “Şərqin paytaxtı” adlandırırdı.

Şəhər Eynalı dağının cənubunda, Səhənd vulkanik qalxımından şimalda, qırmızı rəngli Surxab dağının ətəyində yerləşmişdir. Təbriz gözəl və qədim şəhərlərdən biridir. Eynalı dağının ətəklərindən baxanda Təbriz ovuc içi kimi görünür. Buradan qədim şəhəri seyr etməyin öz ləzzəti var. Təbrizlilər və qonaqlar Eynalıya axşamlar gedirlər. Çünki axşamlar bu dağdan Təbriz çox gözəl görünür, sanki muncuqlarla bəzədilmiş çilçırağa bənzəyir. Eynalı dağı çılpaq dağ olduğundan buradakı yaşıllıqlar sonradan salınmışdır.

Səfəvilər dövründə Azərbaycanın paytaxtı olan Təbriz şəhəri Tehran və Məhşəddən sonra İranın üçüncü böyük şəhəri hesab olunur. Təbrizə tutduğu coğrafi mövqeyinə görə “İranın Günbatan qapısı” da deyirlər. Bütün dövrlərdə Təbriz İranın mədəni cəhətdən ən inkişaf etmiş şəhərlərindən biri olub və ilklərə imza atıb. İranda ilk mətbəə evi Təbrizdə açılıb, ilk müasir məktəb Həsən Rəşidi tərəfindən Təbrizdə qurulub, İranın ilk qadın dərnəyi də bu şəhərdə fəaliyyətə başlayıb. Eyni zamanda, Təbrizə ümumdünya şöhrəti gətirən Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məhşur xalçaçılıq məktəblərindən biri olub. Çox qədim mədəniyyəti və tarixi özündə yaşadan Təbriz şəhəri hal-hazırda Cənubi Azərbaycanın ən böyük şəhəri, iqtisadi və mədəniyyət mərkəzi, Şərqi Azərbaycan əyalətinin inzibati mərkəzidir. Təbrizdə olarkən görülməsi gərək olan tarixi və mədəni məkanlar kifayət qədərdir. Şəhər mərkəzində yer alan Göy Məscid, Cümə Məscidi, Tarixi Bələdiyyə Binası, Ərk qalası, Təbriz bazarı, Azərbaycan Muzeyi, Şəhriyar Muzeyi, Qacar Muzeyi, Ustad Bohtuni Muzeyi, Bələdiyyə Muzeyi, Xəqani Parkı, Şah Gölü, Şairlər Məqbərəsi və s. bütün bunlar Təbrizin gəzib-görməli tarixi və mədəni məkanlarıdır.

Əsası 1958-ci ildə qoyulan Azərbaycan muzeyi İranın ən böyük muzeylərindən biridir. Muzeydə əsasən İranın Azərbaycan vilayətindən qazıntılar zamanı tapılan eksponatalar, heykəltaraşların əl işləri yer alır. Muzeydə 2500-ə yaxın əlyazma və kitab var.

Üstüörtülü Təbriz bazarı dünyanın ən məhşur qapalı bazarlarından biridir və 2010-cu ildə UNESCO-nun dünyanın mədəni irsi siyahısına daxil edilib. Təbriz bazarından bir qədər aralıda yerləşən Cümə məscidi Azərbaycan tarixi üçün böyük əhəmiyyət kəsb edir. Məhz burada Şah İsmayıl Xətai Səfəvilər dövlətinin əasını qoyub.

Əvvəllər Şah gölü sonralar El gölü adlanan park Elxanilər dövründə yarandığı ehtimal olunur. Park Pəhləvilərin hakimiyyəti dövründə yenidən qurulb və hal-hazırda şəhərin gözəl istirahət məkanlarından biridir.

Təbrizin 2018-ci ildə İslam Mədəniyyət paytaxtı seçilməsi təsadüfü deyil. Doğrudan da şəhəri gəzib dolaşdıca, onun tarixinə və mədəniyyətinə bələd olduqca, Təbrizin həqiqətən turizm və mədəniyyət paytaxtı elan olunmasına şübhə etmirsən.

Bu yazını qələmə almaqla, əlbəttə ki, Təbrizin tarixi və mədəniyyəti, abidələri, muzeyləri haqqında tam məlumat vermək niyyətim yoxdur. Qeyd etmək istəyirəm ki, qədim tarixə malik olan bu şəhərdə turistlərin cəlb olunması baxımından olduqca maraqlı abidələr və tarixi məkanlar var. Mənim fikrim bu məkanlardan ən maraqlısı və nadirliyi baxımdan dünyada üçüncü olan vulkanik Kəndovan kəndi haqqında gördüklərimi sizlərlə bölüşməkdir. Kəndovan İranda gördüyüm ən maraqlı və qeyri-adi məkanlardan biri idi. Deyilənlərə görə, dünyada üç belə yer mövcuddur. Onlardan biri Türkiyədəki Kapadokiya, digəri Amerika Birləşmiş Ştatlarındakı Dakotadır. Belə güman edirlər ki, Kapadokiya Yaradanın yer üzünə hədiyyəsidir.

Mən deyərdim ki, belə qeyri-adi hədiyyələrdən biri də Kəndovandır. Kapadokiyadan fəqli olaraq qayalıqda yerləşən kənddə yaşayış mövcuddur. Bu kənd Təbrizdən 50 kilometr uzaqlıqda, Səhənd dağının ətəyində yerləşir. Kəndin vulkanik püskürmədən yarandığını iddia edirlər. Onun ümumi quruluşu elədir ki, sanki o göylərə çəkilib, yenidən geri qayıdan nəhəng dəniz dalğasına bənzəyir. Kəndovan turistlərin maraq göstərdiyi və sevdiyi bir məkandır. Fars dilindən tərcümədə “arı pətəyi” deməkdir. Qayalıqda yerləşən kəndə kənardan nəzər yetirdikdə onun arı pətəyinə, arı yuvalarına bənzədiyi aydın görünür. Bəzi mənbələrdə kəndin adı Gündoğan, bəzisində isə Xandabandır. Lakin hər kəs onu Kəndovan kimi tanıyır.

Kəndin yaranması ilə bağlı xeyli ziddiyyətli fikirlər var. İddia edirlər ki, kənd vulkanik püskürmədən sonra yaranıb. Səhəndin ətəklərində qərarlaşan kəndin evləri qayalar içindədir. Kəhrəba təpələrin yamacında sıralanmış şişpapaq qayalar sıra-sıra dayanmış sufi müridlərinə bənzəyir. Kəndin düşməndən qorunmaq, gizlənmək üçün sığınacaq yeri seçildiyini iddia edənlər də az deyil. Evlərin içini gəzdikcə bu iddiaların yanlış olmadığını düşünürsən. Çünki burada həm düşməndən, həm vəhşi heyvanlardan, həm də təbiətin şıltaqlıqlarından qorunmaq olar. Kənd sakinlərinin verdiyi məlumata görə, bura insanlar Monqol tatarlarının istilası zamanı sağ qalmaq üçün pənah gətiriblər. Sığındıqları mağaralar isti və daha təhlükəsiz olduğu üçün onlar buranı əbədi məskən seçiblər. Kəndovandakı qaya evləri gəzdikcə, onların əl işi olan xalça-kilimlə bəzədilməsinin şahidi olursan və bu da insana ayrıca bir zövq verir. Eyni zamanda, Təbriz xalçaçılıq məktəbinin ənənələrinin burada saxlanıldığının şahidi olursan. Kənddəki evlərin bəzilərinin 700 yaşı olduğunu deyirlər kənd sakinləri. Kənddə 168 ev və təxminən 600-700 sakin var. Kəndin havası yayda cox isti olur. Lakin buna baxmayaraq, qayalıqlarda yerləşən evləri gəzdikdə sanki qış havasını hiss edirsən. Bu isə kənd sakinləri üçün əlverişlidir. Kəndin evləri vulkanik suxurdan yaranmış dağ olduğu üçün rahatlıqla oyulur. Bir evi 3-4 ilə külünglə çapıb düzəldirlər. Kənddə əhali artıqca insanlar yaşamaq üçün ətrafdakı kəndlərə, şəhərlərə dağılışır. Mənim fikrimcə, bu qədim kəndi elə olduğu kimi qoruyub, saxlayıb gələcək nəsillərə çatdırmaq lazımdır. Çünki belə möcüzələrin yaranması əsrlər boyu tək-tək hallarda olur.

Burda olan yaradıcı təxəyyüllü insanlar bu kəndi fərqli-fərqli obrazlarda görürlər. Kəndobanın ab-havası məni qədimlərə apardı. Sanki ya ayrı planetdəsən və yaxud sehirli xalatla keçmişə səyahət edirsən. Kənd sakinlərinin qayalar arasındakı əks-səda verən şirin Azərbaycan türkçəsi, insanların içərisində gəzdirdikləri xoş duyğuları və gözlərindəki ifdələr bir çox mətləblərdən xəbər verir və insanlarda gözəl əhval-ruhiyyə yaradır. Qarışıq, mürəkkəb, informasiya ilə dolu çağdaş dünyadan qoparaq bura düşmək insanda duyğulu anlar yaşadır və burada ömür sürmək arzusuna düşürsən. Ancaq nə zamana kimi burada yaşaya biləcəksən bax onu bilmək olmur.

Kənd əhalisinin dili Azərbaycan dilidir. Əsas məşğuliyyəti turizm, əkinçilik, arıçılıq, bal istehsalı və maldarlıqdır. Əkinçilik dedikdə, sizlərə qəribə gəlməsin ki, qayalıqda nə əkinçilik? Əhali kəndlə üz-üzə dayanan dağın ətəklərində əkinçiliyə yararlı torpaqlardan istifadə edirlər. Kəndlilər hevanlarını hündür qayaların başındakı tövlələrdə saxlayırlar. Yəqin ona görədir ki, burada iri buynuzlu mal-qara deyil, qoyunçuluq inkişaf edib. Çünki qoyunlar çox rahatlıqla hüdürlükdə yerləşən oyuqlara kecə bilirlər.
Açıq səma altında olan muzeyi xatırladan bu kənddə kifayət qədər müasir və dəbdəbəli otellər də mövcuddur. Hazırda kənddə turizm inkişaf etmişdir. Yerli əhali əkinçiliklə, maldarlıqla və arıçılıqla məşğul olmaqla yanaşı, turizm sahəsindən də gəlir əldə edirlər. Kənd əhli çox firavan yaşayır. Çünki turist axını onların evlərində toxuduqları xalça-palaza, xırda əl işlərinə xeyli tələbat yaradıb. Artıq bir neçə ildir ki, kənd dünyadan bura axışan turistlərin sevimli məkanına çevrilib. Kənddə bizə bələdçilik edənlərin dediyinə görə, burada yaşayanların demək olar ki, hər birinin Təbrizin mərkəzində evi, bağı və ya bir dükanı var. Kəndovanlıların buranı tərk etməməsi üçün dövlət tərəfindən müavinətlər də verilir.

Kəndin mətbəxi Təbrizin digər yerlərindən fəqlənmir. Kəndovanın şəfalı otları və qayalıqdan axan suyu minbir dərdin dərmanıdır. Eyni zamanda, balı və çərəzi ilə də məşhurdur.

Sonda söyləmək istərdim ki, Kəndovan kəndi dünyada ölmədən öncə mütləq ziyarət edilməli olan yerlərdən biridir. Min deməkdənsə, bir dəfə görmək yaxşıdır.

Nəzakət Rəhmanova,
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Təlim-tədris şöbəsinin müdiri

Oxunub: 853

Əlavə olunub: 28.07.2020 13:11

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz