Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Kitabxana sahəsində fandreyzinq

                                           

Mədəniyyət həmişə xalqın ümumi sərvəti olmuşdur. Mədəniyyət xalqın yaddaşında qorunub saxlanılıb nəsildən nəsilə ötürülsə də bu gün mədəniyyətdə həll edilməsi vacib olan amma həllini tapmayan problemlər vardır. Müasir dövrdə dövlətin qarşısında duran əsas vəzifələrdən biri mədəniyyətin inkişafı və təminatıdır. Kitabxanalar tarix boyu mədəniyyətin ayrılmaz tərkib hissəsi olmuşdur. Bu gün demək olar ki, büdcədən maliyyələşdirilən kitabxanalarda özünü maliyyələşdirmə yox dərəcəsindədir, həmçinin kitabxanalar büdcədən maliyyələşərək dövlətə gəlir gətirməyən sahələrdir və hazırda gündəmdə olan əsas məsələ bütün mədəniyyət müəssisələrinə, o cümlədən, kitabxanalara büdcədənkənar maliyyə vəsaitlərini cəlb etmək, mədəniyyət biznesi, yaradıcı və mədəniyyət sənayesinin formalaşdırılması və inkişaf etdirilməsidir. Çünkü bu sahə az sərmayə tələb edir və əhalinin bütün təbəqələrinə təsir göstərmək imkanına malikdir.  

Hər bir mədəniyyət müəssisəsi qanunvericiliyə zidd olmayan üsul və vasitələrlə büdcədənkənar vəsait əldə edə bilər. Büdcədənkənar vəsait ciddi surətdə təyinatı üzrə xərclənir. Dövlət büdcəsindən maliyyələşən kitabxanalarda büdcədənkənar vəsaitlərin mənbələri əsasən ödənişli mədəni xidmətlər və hər hansı ödənişli fəaliyyət formalarının təşkilindən,  qanunvericiliyə zidd olmayan qrant,  sponsorlardan və s. gələn vəsaitlər daxildir.  Kitabxanalara daxil olan büdcədənkənar vəsaitlər Azərbaycan Respublikası Büdcə qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.  Əldə edilmiş vəsaitlər xüsusi hesaba köçürülür. İdarə həmin vəsaitlərin müvafiq maddələr üzrə kitabxanalara ödənilməsini təmin edir. Həmçinin büdcə qanunvericiliyində nəzərdə tutulduğu qaydada həmin vəsaitdən əməkdaşların, digər cəlb edilmiş şəxslərin əməkhaqları və digər ödənişlər ödənilir. Eyni zamanda büdcədənkənar fondlar formalaşır.  

Qeyd etdiyim kimi kitabxanalara büdcədənkənar cəlb edilən vəsaitin mənbələrindən birini də qanunvericiliyə zidd olmayan qrant,  sponsorlardan gələn vəsaitlər təşkil edir, yəni başqa sözlə desək, kitabxanaların fandreyzinq fəaliyyəti. Bilirik ki, fandreyzinqdən cəmiyyətin müxtəlif sosial sahələrində əlavə maliyyə və s. vəsaitlərin cəlb edilməsi kimi istifadə edilmişdir.  Tarixə  nəzər salsaq görərik əsasən də xeyriyyə fandreyzinqi artıq bir neçə minilliklərdir ki, mövcuddur. Hətta Qədim Macarıstanda və Romada insanlardan əsasən nəhəng amfiteatrlar tikmək, şəhər camaatı üçün böyük banketlər vermək və olimpiya oyunlarını təşkil etmək üçün pul yığırdılar. Onu da qeyd etməliyəm ki, o dövrlərdə dini baxımdan da sitayiş məkanları tikmək və kasıblara kömək etmək, müharibə zamanlarında əsgərlərin yetim qalmış uşaqlarına yardım və s. məqsədlər üçün pul yığılmışdır. Ümumiyyətlə fandreyzinqə müxtəlif məqsədlər baxımından tarix boyu rast gəlmək olar.    

Fandreyzinq – ingilis dilində Fundraising – iki sözün: maliyyə imkanları  və artırmaq ifadələrinin  birləşməsindən ibarətdir . Fandreyzinq - fəaliyyətin təşkil olunması və ya hər hansı bir layihənin həyata keçirilməsi üçün vəsaitlərin  və digər resursların (insan, material, informasiya və s.) cəlb  edilməsi prosesidir. Burada 1-ci fərqləndirici xüsusiyyət ondan ibarətdir ki, qeyri kommersiya təşkilatı qeyri kommersiya layihəsilə cəlb etməlidir. İkincisi bu layihədən gəlir əldə etməlidir.  

Dünya ölkələrinə nəzər salsaq görərik ki, bu və ya digər ölkələr üçün fandreyzinq yenidir. Məsələn Rusiya kimi nəhəng bir ölkədə fandreyzinq  90-cı illərin ortalarından tətbiq edilməyə başlanmışdır və əsasən də layihə fandreyzinqi daha çox investorları cəlb etmişdir. Yəni toplanan  vəsaitlər konkret layihəyə yönəldilir və layihədən də daha çox mənfəət əldə etmək mümkündür. Təəssüf ki, rusiyada potensial olmasına baxmayaraq fandreyzinq geniş yayılmamışdır. Rusiyada fandreyzinqdən danışarkən Mədəniyyət Siyasəti İnistitutunun adını çəkmək vacibdir. Bu inistitut 2002-ci ildən fəaliyyətə başlamışdır. Yəni bu qurum ölkənin mədəniyyət siyasətinə aid müxtəlif məsələlərlə məşğul olur, müxtəlif problemləri həll edir və bir sıra mühüm məsələləri müzakirə edir. Eləcə də dövlət və cəmiyyət arasında əlaqələri təmin edərək mədəni tədbirlər və konfranslar təşkil edir.  

Gəlin dünya ölkələrində mədəniyyətin maliyyələşdirilməsinin fərqləndirilən müxtəlif  modellərinə nəzər salaq.   

  1. Roman modeli 
  1. Alman modeli 
  1. İngilis modeli 
  1. Amerika modeli 

Roman modeli əsasən Fransa, İspaniya və İtaliya üçün xarakterikdir. Demək olar bu ölkələrdə mədəniyyətin maliyyələşdirilməsinin əsas hissəsini dövlət öz üzərinə götürür və maliyyələşdirməni mərkəzləşdirir. Bundan başqa İtaliyadakı mədəni tədbirləri yalnız hökumət təşkilatları və bəzi hallarda isə icazəsi olan xüsusi adamlar təşkil edə bilər. Sözü gedən ölkələrdə mədəniyyətin dövlət tərəfindən maliyyələşdirilməsinin yüksək səviyyədə olması öz mədəni irsinə hörmətlə yanaşmasının təzahürüdür. Fransada milli mədəniyyət dövlət tərəfindən  XVI əsrdən etibarən dəstəklənməyə başlanmışdır. Son məlumatlara görə də fransada dövlət mədəniyyət  müəssisələri 100 % xəzinə hesabına maliyyələşdirilir. Ümumilikdə isə bu mədəniyyət sahəsinda bütün xərclərin 80 %-ni təşkil edir. 

Mədəniyyətin maliyyələşdirilməsinin alman modeli isə əsasən almaniya və skandinaviya ölkələri: İsveç, finlandiya, norveç və danimarka üçün xarakterikdir. Bu ölkələrdə inzibati dəstək mərkəzi hökumət tərəfindən gəlir, lakin maliyyələşdirmənin böyük hissəsi yerli büdcədən, eləcə də müxtəlif müstəqil fondlardan gəlir.  Yəni qrant dəstəyi ilə bağlıdır.  Qrantlar isə bu fəaliyyəti həyata keçirmək hüququna malik olan təşkilatlara, eləcə də fiziki şəxslərə verilə bilər. Yerli qanunvericilikdəki fərqliliklərin səbəbindən onların  təmin edilməsi mexanizmləri və şərtləri ölkədən ölkəyə əhəmiyyətli dərəcədə fərqlənir.  Almaniya tipli mədəni maliyyələşdirmədə qrant dəstəyi müxtəlif ola bilər. Yəni bu ölkələrdə qrantlar əsasən konsertlərin və incəsənət sərgilərinin təşkili üçün ayrılır. Bəzi hallarda isə səhnə çıxışları, film  çəkilişləri və s. üçün də ayrılır.  

İngilis modelinə görə isə Böyük Britaniyada mədəniyyətin maliyyələşdirilməsi  avropa materikinə daxil olan digər ölkələrdən fərqlənir. İngilis modelində maliyyələşdirmə gəlir mənbələrinin şaxələndirilməsinə əsaslanır. Yəni bizneslə hökumət mədəniyyət müəssisələrini birgə maliyyələşdirirlər. Bu təcrübə əsasən 30 il bundan əvvəl formalaşmışdır. Həmin dövrdə soyuq müharibənin ortalarında əvəzsiz müdafiə  xərcləri Marqaret Tetçerin rəhbərlik etdiyi hökuməti məcbur etdi ki, dövlət mədəniyyətin maliyyələşdirməsini kəssin . Bu baxımdan da idarəetmənin yaxşılaşdırılması və alternativ maliyyə mənbələrinin axtarışı mədəniyyət müəssisələri üçün həyat və ölüm məsələsinə çevrilmişdir. Məhz fandreyzinq təcrübəsi də bundan sonra mədəni sahənin ayrılmaz hissəsi olmuşdur.  Mədəniyyətə sponsorluq dövlətlə səylərini birləşdirən korporasiyalar tərəfindən çox yayılmışdır. Belə ki, mədəniyyət layihələrinə ayrılan vəsaitlər xüsusi vasitəçi orqanların hesabına köçürülür. Həmin orqanların işinin mənası isə ictimai və özəl kapitalın köməyi ilə maliyyələşdirilməli olan mədəniyyət və incəsənət müəssisələri üçün maraqlı layihələri  tapmaqdır. 

Dünyada mədəniyyətinin maliyyələşdirilməsi modelinin sonuncusu Amerika növüdür. Baxmayaraq ki, fandreyzinqin vətəni Amerikadır yəni fandreyzinq müstəqil olaraq ABŞ-da yaranıb bu o demək deyil ki, dövlət mədəniyyətin maliyyələşdirilməsindən tam kənarda qalıb. Bildiyimiz kimi amerikada mədəniyyət müəssisələrinin çoxu özəldir, dövlət deyildir. Yəni fransa, italiya və digər ölkələr kimi amerikada da mədəniyyət sahəsində birbaşa subsidiyalar yoxdur. Bəlkə də bu ondan irəli gəlir ki, ABŞ avropa kimi zəngin qədim mədəni ənənələrə malik deyildir. Lakin dövlət mədəniyyətin cəmiyyətdə əhəmiyyətini daim vurğulayır. Amma birbaşa maliyyələşmənin olmaması səxavətlə ayrılan qrantlar vasitəsilə kompensasiya edilmişdir.  

Bu gün fandreyzinq kitabxana sahəsi üçün təmamilə yeni istiqamətdir. Qeyd etmək  yerinə düşər ki, fandreyzinq  son illər Mərkəzi və Şərqi Avropa ölkələrində təsis edilən Vətəndaş Cəmiyyəti Təşkilatlarının qarşılaşdığı ən əsas problemdir. Yəni əslində bu təşkilatlar bir tərəfdən yerli hökümətin və siyasi qurumların maliyyə asılılığına düşmək istəmir, digər tərəfdən isə bu ölkələrdə vətəndaş cəmiyyəti təşəbbüslərinə himayədarlıq etmək istəyən özəl qurumlar mövcud deyil. Belə qurumlar olsa belə onlar reklam gəlirləri gətirən fəaliyyətləri dəstəkləməyə üstünlük verirlər. Belə bir şəraitdə də Vətəndaş Cəmiyyəti Təşkilatlarının üz tuta bildikləri yeganə istiqamət Qərb donorları – beynəlxalq fondlar, maliyyə institutları və korporasiyalardır. Dövlətdən kənar sosial münasibətlər sferasında özəl sektorla yanaşı fərdlərin könüllü formalaşdırdıqları birliklərin (kooperasiyalar, peşə yaradıcılıq, idman, etnik, dini, siyasi, mədəni və s. birlikləri) kompleksi “üçüncü sektor” olaraq önəmli yer tutur.  Hazırda  bu  birliklərin məcmusunu ifadə etmək üçün  “Vətəndaş Cəmiyyəti” anlayışından istifadə olunur. Vətəndaş Cəmiyyəti dövlət, bazar və ailə ilə yanaşı, sosial strukturun dörd əsas kompanentindən biridir. Onlar vətəndaşların müxtəlif xarakterli istək və arzularının, əqidə və baxışlarının həyata keçirilməsini təmin edən mexanizm rolunu oynayırlar. Bu birliklər vasitəsilə insanlar dövlətin və cəmiyyətin idarə edilməsinə qatılır, cəmiyyətin problemlərini müəyyən edir və onun aradan qaldırılmasına təşəbbüslər göstərir, yeni ideyalar istehsal edir və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Öz istək və məqsədlərinə uyğun olaraq insanlar hansı növ VCT- də birləşməyə və fəaliyyət göstərməyə qərar verməkdə sərbəst və müstəqildirlər. 

Bu gün QHT-lər vətəndaş vəmiyyətinin önəmli bir hissəsini təşkil edir. Forma müxtəlifliyi və təşəbbüslərin rəngarəngliyinə görə QHT-lər vətəndaşlar üçün daha geniş imkanlar açır. Onlar ölkənin ictimai-siyasi həyatında iştirak etmək, öz fərdi və kollektiv məqsəd, istək və arzularını daha sərbəst şəkildə ifadə  etmək və cəmiyyətin inkişafına töhfələrini vermək imkanları yaradır. Təsadüfi  deyil ki, bir çox hallarda QHT-ləri məhz ``inkişaf təşkilatları`` kimi xarakterizə edirlər. Cəmiyyətin inkişafına motivasiya olunmuş QHT-lər təhsil,  sağlamlıq, ətraf mühit, insan hüquqları, gender bərabərliyi, sülh və demokratiya, sosial rifah və iqtisadi inkişaf, yoxsulluq məsələlərinə dair müxtəlif inkişaf proqramları həyata keçirirlər.  ``Qeyri-hökumət təşkilatı`` (bəzi ölkələrin qanunvericiliyində ``qeyri kommersiya təşkilatları`` anlayışından da istifadə olunur) anlayışına müxtəlif izahlar verilir. Bu anlayış altında iri beynəlxalq təşkilatlardan tutmuş (məs. Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti) kiçik xidmətlər təklif edən icma əsaslı  təşkilatlara qədər çoxlu sayda müxtəlif xarakterli qurumlar başa düşülür. ``Qeyri-hökumət təşkilatı`` anlayışı ilk olaraq Birləşmiş Millətlər Təşkilatı tərəfindən hökumətdən kənarda olan və məqsədi gəlir əldə etmək olmayan təşkilatları xarakterizə etmək üçün istifadə olunub. “Avropada Qeyri-Hökümət Təşkilatlarının Statusu haqqında” Avropa Şurası Prinsiplərində göstərilir ki, QHT-lər mahiyyət etibarilə öz-özünü idarə edən könüllü təşkilatlardır və buna görə də, dövlət hakimiyyəti orqanları  tərəfindən idarə oluna bilməzlər. QHT-lərin xarakterik xüsusiyyətləri könüllük, müstəqillik, gəlir götürməmək, qeyri siyasilik, ümumi məqsəd/missiyanın olmasıdır. 

Könüllük - Qanunvericilik QHT-lərin yaradılması və onlara qoşulmaq məcburiyyətini və ya onun yaradılmasının qarşısını alan müddəaları nəzərdə tutmur. Onlar könüllü şəkilli yaradılır. Həmçinin üzvü olduğu təşkilatın işində necə iştirak etməkdə də vətəndaşlar könüllüdürlər. 

Müstəqillik – QHT-lər hökumətlərdən asılı deyil, hətta onlar tərəfindən maliyyələşdirildiyi halda belə. Ümumiyyətlə, qanunvericiliyə uyğun fəaliyyət göstərməklə QHT-lər öz seçkili orqanları vasitəsilə öz yaradıcıları və üzvləri tərəfindən  idarə  və  nəzarət olunurlar. 

Gəlir götürməmək – QHT-lər qazanc məqsədilə fəaliyyət göstərmirlər. Burada əldə olunan gəlirlər işçilərin əməkhaqqılarını çıxmaqla təsisçilər və üzvlər arasında bölüşdürülmür. Bu gəlirlər təşkialtın məqsədlərinə sərf olunur. 

Qeyri siyasilik – Bu təşkilatlar siyasi hakimiyyət uğrunda mübarizə aparmır və seçkilərdə namizədlərlə çıxış etmirlər. 

Ümumi məqsəd/missiya – QHT-lər özünə xidmət məqsədi güdməyən, humanitar funksiyalar daşıyan, ictimai fayda və xeyir naminə çalışan təşkilatlardır.  

QHT-lərin oynadığı rol, daşıdığı funksiya əsasən ictimai xarakter daşıyır. Onlar öz məqsədlərinə çatmaq üçün tarixən formalaşmış 2 istiqamətdə fəaliyyət göstərirlər: a) qayğı və rifahın artırılmasına yönəlmiş fəaliyyətlər;  b) dəyişiklik və inkişaf yönümlü fəaliyyətlər 

Azərbaycan qanunvericiliyinə görə, QHT-lər fəaliyyət ərazisinə görə aşağıdakı kimi təsis oluna və fəaliyyət göstərə bilərlər:  

  1. Ümumazərbaycan - belə QHT-lərin fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisinə  şamil edilir  
  1. Regional – bu cür QHT-lər Azərbaycan Respublikasının iki və ya artıq  

inzibati ərazi vahidində fəaliyyət göstərə bilərlər  

  1. Yerli – belə QHT-lər bir inzibati vahid ərazisində fəaliyyət göstərirlər. 

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna görə, Azərbaycan Respublikasında “qeyri-hökumət təşkilatı” anlayışına ictimai birliklər və fondlar aid edilir. İctimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünü idarə edən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və  əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. Fond - üzvləri olmayan, bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxslər tərəfindən könüllü əmlak haqqı  əsasında təsis edilən və sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai-faydalı məqsədlər daşıyan qeyri-hökumət  təşkilatıdır. Qeyri-hökumət təşkilatları 18 yaşına çatmış Azərbaycan vətəndaşları, o cümlədən Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan fiziki şəxslər, habelə dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla hüquqi şəxslər tərəfindən yaradıla bilər.  Qeyri-hökumət təşkilatının təsis edilməsi nəticəsində yaradılması təsisçilərin (təsisçinin) qərarı ilə həyata keçirilir. Bu halda təsis yığıncağı çağırılır və onun nizamnaməsi qəbul edilir. İctimai birlik fiziki şəxslər tərəfindən təsis edilirsə, təsisçilərin sayı  ən azı 2 nəfər olmalıdır. Fond yaradılarkən onun nizamnamə kapitalı on min manatdan az olmamalıdır. Qanunvericilik bütün bunlarla yanaşı, QHT-lərin qrant müqavilələrinin şəfffaflığını da nəzərdə tutur və bu tip məsələlər QHT-lərin digər maliyyə məsələləri kimi kommmersiya sirri hesab edilmir. Ona görə də “Qrant haqqında” Qanun bütün hallarda QHT-lərin qrant şəklində və ya digər formada proqram və institutsional maliyyələşməsinə dair müqavilələrin bəyan edilməsi və qeydə alınması tələbini nəzərdə tutur. Belə ki, “Qrant haqqında” Qanunun 4-cü maddəsinə görə Azərbaycan Respublikasının hüquqi şəxsləri tərəfindən qrant alınması (verilməsinə) dair müqavilələr (qərarlar) müvafiq icra hakimiyyəti orqanlarında qeydə alınmalıdır. Azərbaycan Respublikası prezidentinin fərmanı ilə təsdiq edilmiş “Qrant alınması (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları”na görə, Müqavilə (qərar) bağlandığı (verildiyi) andan ən geci bir ay müddətində müqavilənin (qərarın) surəti qeydiyyata alınmaq üçün ədliyyə nazirliyinə ərizə ilə müraciət etməlidirlər. Ərizəyə müqavilələrin (qərarın) notarial qaydada təsdiq olunmuş surəti əlavə olunmalıdır. Ərizə və müqavilə (qərar) təqdim edildiyi andan bir həftə  ərzində qeydiyyat orqanı həmin müqaviləni (qərarı) qeydə alır və bu barədə müraciət edən hüquqi şəxsə bildiriş verir. Qaydaların 2.3—cü maddəsinə görə, müqavilələrin (qərarın) qeydiyyat məlumatları açıqdır və hər bir şəxs həmin məlumatlarla tanış ola, müvafiq arayışlar əldə edə bilər. Bunula bağlı onu da qeyd edək ki, İnzabati Xətalar Məcəlləsində qrant müqavilələrinin təqdim edilməməsinə görə inzibati cərimə nəzrdə tutulur (1000 manatdan 2500 manatadək cərimə). 

QHT-lərin mövcudluğu və davamlılığı bilavasitə onların yaxşı layihə təklifləri hazırlamaq qabiliyyətinə bağlıdır. Fandreyzinq məsələsinə QHT-lər iki fərqli mövqedən yanaşa bilərlər:  

  1. Aktiv  
  1. Passiv  

Bəzi QHT-lər əvvəlcə öz fəaliyyət sahələrini müəyyənləşdirib, məqsəd və mövzularını qətiləşdirdikdən sonra bu məqsədlərin reallaşmasına maliyyə ayıran donorların axtarışına çıxırlar. Bu halda QHT aktiv mövqedədir yəni, əgər onun məqsədləri bir donorun məqsədləri ilə uzlaşmazsa, başqa bir donora müraciət edəcək. Digər bir yanaşmada isə QHT-lər öncəliyi donorların ehtiyac və prioritetlərinə verir və tamamilə onların məqsəd və mövzularına köklənirlər. Nəticədə QHT-nin bütün strategiyası donorun tələblərinə uyğunlaşdırılır və QHT sadəcə olaraq donor istəklərinin icraçısına çevrilir ki, bu halda QHT passiv mövqedə olur. İlk baxışda passiv mövqe fandreyzinq baxımından sizə daha perspektivli görünə bilər. Ancaq çoxsaylı təcrübələr göstərir ki, QHT-lərin inkişafı üçün aktiv mövqedə durmaq daha doğrudur. Passiv mövqe yeni yaradılmış və inkişaf etmək istəyən QHT-lər üçün bir müddət (yetərli imic toplayanadək) keçərli ola bilər. 

Ümumiyyətlə, nəticə olaraq  qeyd etmək istəyirəm ki bu gün respublikamızda fəaliyyət göstərən kitabxanalar öz fəaliyyətlərində inkişafa yer verməlidirlər. Çalışmalıdırlar ki, onların kitabxanaları da müasir dövrün modern kitabxanaları kimi digər xarici ölkələrdə olan kitabxanalara inteqrasiya etsinəməkdaşlıq sahəsində beynəlxaıq əlaqələr qurulsun.  Mədəniyyətimizin, mədəni irsimizin yaşadılması,  nəsildən nəsilə çatdırılmasında,  dünyada brend kimi tanıdılmasında kitabxanaların da rolu olmalıdır. Kitabxanalar bu işlərin həyata keçirilməsində təkcə dövlət büdcəsindən  maliyyələşdirməni gözləməməlidirlər. Fandreyzinq üçün daima alternativ variantlar axtarışında olmalıdırlar.    

 

İstifadə olunmuş ədəbiyyat və internet resursları 

  1. Kitabxana   menecmenti və onun hüquqi əsasları [Mətn] /X.İsmayılov // Kitabxanaşünaslıq və biblioqrafiya.-2004. - № 1- S.15; 23. 
  1. Менеджмент формирования и учета библиотечных фондов: современный подход [Текст] : практическое пособие /ред. сов. О. О. Борисова [и др.]. – 300, [3] с. 
  1. Kitabxana-informasiya fəaliyyətinin marketinq və menecmenti [Mətn] : dərs vəsaiti /A. İ. Qurbanov, P. F. Kazımi, M. Ə. Məmmədov ; elmi red. A. A. Xələfov ; rəyçi K. İ. Aslan, Ş. İslamova ; Azərb. Resp. Təhsil Nazirliyi, Bakı Dövlət Un-ti. – Bakı: Mütərcim, 2012. – 207, [1] s. 
  1. Kitabxanalarda marketinq və fandreyzinq fəaliyyəti [Mətn]: [metodik vəsait] /K. Ənvərqızı; elmi red. İ. Əliyeva- Kəngərli; AMEA, Mərkəzi Elmi Kitabxana– Bakı: Nafta-Press, 2009. – 140 s. 
  1. Фандрайзинг в сфере культуры/ Ю. П. Куликова //Культуролгия и        

искусствоведение №4 (8).-2012 

  1. https://www.localist.com/blog/5-library-fundraising-tips-you-need-to-know/ 
  1. http://www.techsoupforlibraries.org/blog/creative-fundraising-ideas-for-libraries 
  1. http://www.library.ru/1/kb/books/usa_libraries/chapter4.php 
  1. https://cyberleninka.ru/article/n/modeli-finansirovaniya-kultury/viewer 

    Aygün Hüseynova Əhliman qızı 

                                                       Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi 

                                                 Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi 

                                                Təlim-tədris şöbəsinin Tədris proqramları sektorunun müdiri 

 

 

Oxunub: 1256

Əlavə olunub: 08.04.2020 15:17

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz