Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Kitabxana-informasiya sahəsində yeni çağırışlar

Respublikada yaranmış sosial izolyasiya və karantin dövrü ərzində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi rəqəmsal fəaliyyəti çərçivəsində aktual mövzularda Zoom tətbiqi vasitəsilə müxtəlif formatlı veb konfranslar, debatlar, müzakirələr və ixtisasartırma təlimləri ilə öz fəaliyyətini davam etdirir. Qeyd etmək lazımdır ki, elektron formatlı tədbirlərin təşkili dövrün tələbi olmaqla, xüsusi əhəmiyyət kəsb edir və mədəniyyətimizin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına, nəsildən-nəslə ötürülməsinə xidmət edir.

Bu səbəbdən də 29 iyul tarixində Mərkəz “Rəqəmsal cəmiyyətdə kitabxana-informasiya sahəsində yeni çağırışlar” mövzusunda ümumrespublika veb-konfransını təşkil etmişdir. 

60-dan çox şəhər və regionlarda fəaliyyət göstərən kitabxanaların direktorları və əməkdaşlarının iştirakı ilə keçirilmiş konfransda BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan “Pandemiya şəraitində kitabxanaların yeni fəaliyyət istiqamətləri: virtual format və aktiv modernləşmə”, BDU-nun biblioqrafiyaşünaslıq kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Xuraman Ağayeva “Kitabxana-informasiya fəaliyyətində innovativ xidmət üsulları”, BDU-nun kitabxanaşünaslıq kafedrasının müəllimi Sevda Məmmədova “Sosial media və kitabxanalar”,  ADMİU-nun “Turizm və kitabxana-informasiya fəaliyyəti” kafedrasının müəllimi, AMEA-nın doktorantı Natiq Mürsəlov “Müasir kitabxana işinin hüquqi problemləri”, Mərkəzin şöbə müdiri Nəzakət Rəhmanova “Rəqəmsal cəmiyyətdə mütaliəyə marağın azalmasının mövcud səbəbləri”, sektor müdiri Aygün Hüseynova “Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemləri və onlara verilən tələblər – mövcud problemlər” mövzuları ilə və digərləri çıxış ediblər.

Alim və mütəxəssislər pandemiya şəraitində kitabxanaların yeni fəaliyyət istiqamətləri, onların virtual format və aktiv modernləşməsi, innovativ xidmət üsulları, sosial media, rəqəmsal cəmiyyətdə mütaliəyə marağın azalması və mövcud hüquqi və digər problemləri müzakirə ediblər.

Mərkəzin direktoru Asif Usubəliyev konfransı yekunlaşdıraraq qeyd etdi ki, tariximizi, mənəvi sərvətlərimizi qoruyub saxlayan və gələcək nəsillərə ötürən məbədlərdən biri də kitabxanalarımızdır. O, mədəniyyət, təhsil və digər sistemlərin ayrılmaz atributu, insanların bələdçisi olan kitabxanaların cəmiyyətin mənəvi cəhətdən formalaşması istiqamətindəki danılmaz əhəmiyyətini bildirdi. Vurğuladı ki, kitabxana – cəmiyyətin maarifçisidir.

 

Oxunub: 981

Əlavə olunub: 29.07.2020 12:04

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz