Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Kitabın və mütaliənin mənəvi inkişafımızda rolu

XIII-XIV əsrlərdə yaşamış Azərbaycan şairi və filosofu Hümam Təbrizi yazırdı.  “İsgəndərin zülmətdə tapa bilmədiyini ağ kagız üzərinə qara mürəkkəblə yazılmış kitablarda tapmaq olar”.  Dahi Nizami də “Kitab elə bir zəmidir ki, ondan hamı biçsə yenə tükənməz”-deyirdi. Biz bu gün axtardıqlarımızı doğrudan da kitablarda tapa bilərik. Böyük türk ədəbiyyatşünası, vaxtının coxunu daima kitabxanalarda keçirən Cemil Meriçin fikri daima yaddaqalandı.” Kitab bir limandı mənim üçün. Kitablarda yaşadım və kitablardakı insanları küçələrdəkindən daha çox sevdim”.  Sevdiyimiz, müqəddəs hesab etdiyimiz kitablar nədir? Onların cəmiyyətdə rolu nədən ibarətdir?

Kitab müxtəlif insanların düşüncələrini vəhdət halında bırləşdirən və onların arasında sıx ünsiyyət yaradan mənəvi körpüdür. Qeyd etməliyik ki, bu gün cəmiyyətdə insan amilinin formalaşmasında, fərdin şəxsiyyətə çevrilməsində mədəniyyətin ayrılmaz tərkib hissəsi olan kitab və kitabxanaların rolu böyükdür. Çünki kitabxanalar milli mədəni sərvətlərin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində, insanların təfəkkür səviyyəsinin formalaşmasında, elmli, intelektli gənc nəslin yetişməsində böyük rol oynayır. Kitab bəşəriyyətin yaratmış olduğu fikir və ideyaların, nəzəriyyələrin, elmi kəşflərin uzun bir müddət üçün insanlara catdırmağın əsas vasitəsidir.

Cəmiyyətimizdə elmə, informasiyaya, mədəniyyətə, təhsilə və tərbiyəyə xidmət etdiyi üçün kitabxanaları sosial institut adlandırırlar. Hər birimiz ilk növbədə ancaq kitab vasitəsilə təhsil almış, elmlərə yiyələnmiş və müstəqil fəaliyyət göstərməyə başlamışıq.

Cəmiyyətin kitaba, biliyə tələbatını ödəmək məqsədi ilə yaranan kitabxanaların ən mühüm vəzifəsi oxuculara ( yaşından asılı olmayaraq) kitabxana- informasiya xidmətini təşkil etməkdir. Müasir dövrdə oxucu və mütaliə probleminin öyrənilməsi, mütaliə mədəniyyətinin formalaşdırılması, kitabın mənəvi inkişafımızda rolunun müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Mütaliə nədir və oxucularda mütaliə mədəniyyətini necə formalaşdırmaq olar? Mütaliə yazılı informasiyanın mənimsənilməsi, ardıcıl və davamlı oxu deməkdir. Yunan filosofu Sokratın zamanında söylədiyi  mükəmməl bir fikri müasir dövr üçün də  mütaliənin aktuallığı baxımından öz əhəmiyyətini itirməmişdir. “ Mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilsə o cəmiyyət xoşbəxt olar.” Mütaliə məqsədli cəmiyyət, o isə məqsədli insan yaradır.

Bu gün mütaliəni obyektiv sosial zərurətə çevirən amillər mövcuddur. Yeni elmi kəşflərin, böyük elmi nailiyyətlərin meydana gəlməsi, dünyada gedən ictimai- siyasi proseslər, yeni elm və bilik sahələrinin yaranması və s. Bütün bu amillər mütaliəni cəmiyyət üçün vacib hesab edir. Mütaliənin səbəb və məqsədlərinin bir sıra növləri var. Həyat təcrübəsi qazanmaq və özünütəkmilləşdirmək, idrakı ehtiyac əldə etmək, şəxsi təhsil və təcrübi faydalanmaq, emosional və estetik tələbatı ödəmək, əylənmək, informasiya almaq, tərbiyəvi etik qaydalara yiyələnmək. Hər kəs şəxsi mütaliə zamanı istədiyini əldə edir. Mütaliə mədəniyyəti həm də kitabla iş prosesində vərdişlər kompleksidir. Bura daxildir. Kitabın mövzusunun seçilməsi, mənbələrdə düzgün istiqamətlənmək bacarığı, mütaliədə sistemlilik, konkret kitabın seçilməsi, oxuduğunu mənimsəmək və kitabın məzmunun dərk etmək, əldə edilmiş informasiyanı təcrübədə tətbiq və istifadə etmək, informasiyanı biliyə çevirmək, nəşrlərə qayğı ilə yanaşmaq, gigiyenik qaydalara əməl edilməsi.

Müasir dövrdə durmadan məlumat aldığımız və beynimizin lazımlı-lazımsız hər cür informasiya ilə dolu olduğu bir şəraitdə insanın fərdi inkişafında mütaliə mədəniyyətinin formalaşdırılması və düzgün istiqamətləndirilməsi həyati zərurətə çevrilmişdir.  Qeyd edək ki, kitabxanalar mütaliə mədəniyyətinin düzgün formada istiqmətləndirilməsində, informasiyanın yayılmasında, maarifləndirici missiyanın yerinə yetirilməsində  əsas məsuliyyət daşıyan sosial institutlardır.

 Mütaliə etmək insanın fiziki, ruhi sağlamlığı üçün olduqca faydalıdır. Mütaliə insan beynin fəaliyyətini artırır. Mütliə zamanı insan yalnız informasiya qəbul etmir, həmin informasiyanı emal edir, düşünür, təhlil edir, nəticə cixarır. Bunun da ən sınanmış yolu yenə müntəzəm və düşünərək kitab oxumaqdan keçir. Biz kitab oxuyarkən əsərin ideyasını anlamağa çalışır və mümkün qədər düşünməyə başlayırıq. Əbəs yerə deyilmir ki, vücud üçün idman nədirsə, beyin üçün də kitab oxumaq o mənaya gəlir. Insanın söz ehtiyatının zənginləşməsində, ətrafdakılarla rahat ünsiyyət qurmasında, nitq qabiliyyətinin inkişafında, özünəinamın artmasında, stresdən uzaq olmasında, hafizənin güclənməsində, fikrin cəmləşdirilməsində mütaliənin rolu son dərəcə böyükdür.

Müasir dövrdə kitabların mənəvi inkişafımızda rolundan danışarkən böyük rus yazıçısı Maksim Qorkinin fikirlərini xatırlatmaq yerinə düşərdi. “ İki qüvvə mədəni insan tərbiyyəsində daha çox fayda verə bilər- incəsənət və elm. Bunların hər ikisini özündə birləşdirən isə kitabdır. İncəsənət daha çox ruha, elm daha çox ağıla aiddir, buna görə də kitab həm ağılı, həm ruhu qidalandırır.” Kitab qocalığın dostu, cavanlığın tərbiyəçisidir.

Kitabın bəşər tarixinə verdiyi fayda, insanlığa göstərdiyi xidmət heç bir əmsalla ölçülə bilməz. Çünki kitab nəsilləri yetişdirən, sivilizasiyaları yönləndirən tərbiyəçidir.

Müasir dövrdə mütaliyənin əsas təbliğatçısı kitabxanalardır. Müharibə dövründə, sosial izolyasiya zamanı, fövqaladə vəziyyətdə  kitabxanalarımız öz sosial funksiyalarını necə yerinə yetirə bilər və maarifləndirici istiqamətdə hansı təbirləri görə bilərlər. Hər birimiz yaxşı bilirik ki, bu gün bütün dünyada COVİD-19 virusunun yayılması ilə əlaqədar olaraq Ümumdünya Səhiyyə Təşkilatı pandemiya elan etmişdir. Mövcud vəziyyət ölkəmizdən də yan keçməmişdir. Qlobal pandemiya ilə əlaqədar olaraq ölkə ərazisində infeksiyanın qarşısnın alınması məqsədi ilə təxirəsalınmaz tədbirlər görülmüş, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Mədəniyyət Nazirliyi  nəzdində fəaliyyət göstərən mədəniyyət müəsissələri o cümlədən kitabxanalar müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır. Təbii ki, dövlətimiz üçün insanların sağlamlığının ön plana çəkilməsi bu addımları zəruri edir. Kitbxanalarda iş prosesinin dayandırılmasına baxmayaraq müasir texnologiyalar müxtəlif formatlarda iş fəaliyyətini davam etdirməyə imkan yaradır. Belə bir şəraitdə kitabxanaların fəaliyyət istiqaməti onlayn xidmətə çevrilmişdir. Kitabxanaların üzərinə düşən ən böyük vəzifə elektron formada oxuculara xidmət etmək,cəmiyyətin informasiyaya olan tələbatını təmin etmək, insanlarda mütaliə mədəniyyətinin formalaşdırılmasını istiqamətləndirmək, kitaba olan marağı artırmaqdır.

Respublikamızda fəaliyyət göstərən kitabxanaların əksəriyyəti “Evdə qal sağlam qal, kitabla mənəvi inkişafa yol al” layihəsinə qoşularaq kitabları təbliğ etməli, mütaliənin insan üçün əhəmiyyətli məqamlarını  catdırmalıdırlar. Bu gün  kitabxanalar öz fəaliyyət istiqamətlərini şəraitə uyğun olaraq qurmuşlar. Respublika əhəmiyyətli Milli Kitabxana onlayın formada oxuculara kitabxana-informasiya xidməini davam etdirir. Milli Kitabxananın onlayın xidmətləri (biblioqrafik sorğu, sənədlərin sifarişi və elektron çatırlması, virtual sərgi və metodiki xidmətlər) oxucular üçün aktivdir. Firudin Bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının “Evdə qal, tək darıxma. Bil ki, nağılarlasan. Hər nağıl bir günəşdir, Otağında parlasın” layihəsi cox təqdirəlayiqdir. Koronavirus pandemiyasının yayılma təhlükəsinin qarşısının alınması üçün həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində evdə qalan uşaqlarımızın vaxtlarının səmərəli keçməsi məqsədi ilə bu layihədən respublikada fəaliyyət göstərən digər kitabxanalarda istifadə edə bilərlər. Layihə çərçivəsində uşaq yazarları evdə qalmaqla öz oxucularına nağıl, hekayə, şeir təqdim edirlər. Bu layihədən əsasən Mərkəzi Kitabxana Sistemlərinin uşaq şöbələri yaralana bilər. Sosial şəbəkələrdə artıq bir sıra şəhər və rayon MKS- nin  və onların filiallarının facebook səhifələrində xüsusi elektron kitabxana xidmətləri təklif olunur və bu xidmətlər sosial izolyasiya dövründə kitabxanaların fəaliyyət istiqamətlərini təşkil edir. Kitabxanalar bu səhifələrdə oxucularına müxtəlif kreativ formatlarda onlayn xidmətlərini göstərirlər. Sosial təcrid dövründə evdə qalan insanların ən gözəl məşğuliyyəti kitab oxumaq olardı. Çünki biz kitab oxumaqla təklik, yalnızlıq kimi pis düşüncələri ortadan qaldırırıq, şəxsi yaradıcılığımıza dəstək veririk, fərqli mədəniyyətləri öyrənmiş oluruq.   Bir sözlə kitab insanlığı ucalığa aparan yolun bələdçisidir. Bir mədəniyyəti yox etmək üçün kitabları yandırmağa gərək yoxdur, oxumağın qarşısını alın, yetər. Dünyamızın qlobal pandemiya əsarətindən xilas olması gec-tez gercəkləşəcək, virusun qarşısı alınacaq. Ancaq bizim istəyimiz oxumağın qarşısını almamaqdır. Ona görə də  müəyyən dövr üçün evdə qalaq və ancaq oxuyaq, mütaliə edək. Bəlkə bu bir fürsətdir kitaba dönməyimiz üçün və kitabların, mütaliənin təbliğində kitabxanalar bu fürsərti  əldən verməməlidr.  Indiki  gənclər keçmişimizi bilməli, bu günümüzlə yaşamalı, gələcəyimizi öyrənməlidirlər. Çünki dövlətin gələcəyi savadlı, geniş dünyagörüşlü şəxsiyyətlərdən asılıdır. Demək kitabdan qaçmaq yox, kitaba dönmək lazımdır. İşıq! Hər zaman işıq! Hər yerdə işıq! Hamının işığa ehtiyacı var. O, isə kitabın mahiyyətindədir.(Viktor Hüqo) Kitabdakı işıq  qəlblərə axdıqca dünya da işıqlanacaq, insanlarda. Nəticədə planetimiz bəlalardan xilas olacaq.     

                                                                                                                     Nəzakət Rəhmanova Sabir qızı

                                                                                                                 Mərkəzin  Təlim-tədris şöbəsinin müdiri

Oxunub: 2117

Əlavə olunub: 06.04.2020 09:05

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz