Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

İstanbul şəhərində bir sıra görüşlər keçirilib

28 noyabr - 1 dekabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində qarşılıqlı əlaqələrin qurulması, eyni istiqamətlər üzrə çalışan müəssisələr ilə işguzar təmasların saxlanılması və gələcəkdə bərabər fəaliyyətlərin müzakirəsi məqsədilə bir sıra görüşlər həyata keçirmişdir.
Səfər çərçivəsində İstanbul Kültür Sanat Vakfı (İKSB) başkanı Görgün Taner, İstanbul Beyazit Devlet Kütüphanesi müdürü Ramazan Minder, Türkiye Yazarlar Birliği İstanbul Şubesi başkanı Mahmut Bıyıklı, mədəni menecment üzrə mütəxəssis Lütfi Şen, Kars ve Yöresi Kültür, Sosyal, Yardımlaşma ve Dayanışma Derneği başkanı Orhan Çerkes görüşlər təşkil edilmişdir.
İstanbul Kültür Sanat Vakfı başkanı Görgün Taner rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barəsində ətraflı məlumat vermiş və gələcəkdə Azərbaycan Respublikasının mədəniyyət sahəsində ixtisaslaşmış fərqli qurumları ilə bərabər layihələr üzərində çalışmaq istəklərini söyləmişdir. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli İKSV-nin sərgi və festivalların, müxtəlif simpoziumların, mədəni menecment üzrə təlimlərin təşkilində qazandığı təcrübənin öyrənilməsi məqsədilə qarşılıqlı fəaliyyətlərin önəmini vurğulamışdır. Görüşün nəticəsində Mərkəz tərəfindən keçirilməsi planlaşdırılan təlimlərdə İKSV-nin kadr potensialının cəlb olunmasına dair razılıq əldə edilmişdir.
Daha sonra Mərkəzi təmsil edən heyət İstanbul Beyazit Devlet Kütüphanesini ziyarət etmişlər. Kitabxananın müdiri Ramazan Minder Beyazit Devlet Kütüphanesinin 1884-cü ildə dövlət tərəfindən qurulan ilk kitabxana olduğunu xüsusi olaraq vurğulamış və sonra kitabxanın müxtəlif bölümləri ilə nümayəndə heyətini tanış etmişdir. Görüşdə kitabxananın iş prinsipləri, yeni oxucuların cəlb edilməsi, daxil olan kitab və sənədlərin kataloqlaşdırılması işləri ətrafında müzakirələr aparılmışdır. Mərkəzin direktoru xüsusilə yeni oxucuların cəlb edilməsi naminə atılan addımların önəmini vurğulamışdır. Beyazit Devlet Kütüphanesinin oxu zallarından birində universitet tələbələrinin, məktəb şagirdlərinin istifadəsinə açıq olması və pulsuz internetdən istifadə edərək dərs çalışma məkanı olaraq istifadə edilməsi xüsusilə diqqəti cəlb etmişdir. Yekunda qeyd edilən mövzular ətrafında birgə layihələrin hazırlanmasına, kitabxanaçıların peşə səriştələrinin artırılmasına dair Türkiyə təcrübəsinin öyrənilməsi və tətbiq edilməsinə dair razılıq əldə edilmişdir.
Türkiye Yazarlar Birliği İstanbul Şubesi başkanı Mahmut Bıyıklı ilə baş tutan görüş çərçivəsində ortaq mədəni irsin öyrənilməsi və təbliğ edilməsi, yazarların qarşılıqlı olaraq oxucularla görüşü kimi məsələlər müzakirə edilmişdir. Xüsusilə ortaq mədəni və ədəbi irsimizin təbliğinə dair çeşidli layihələr ətrafında fikir mübadiləsi aparılan görüşdə təbliğat xarakterli bərabər promo məhsulların hazırlanmasına dair razılıq əldə edilmişdir. Mahmut Bıyıklı mədəniyyətimizin ayrılmaz parçası olan ədəbi irsimizin kəsişən nöqtələrinə daha da çox diqqətin ayrılmasının önəmini qeyd etdi. Səadət Xələfbəyli öz növbəsində bu istiqamətdə Mərkəzin hazırladığı promo məhsullar haqqında məlumat verərək, gələcəkdə birgə fəaliyyətin xalqlarımız arasındakı mədəni bağların daha da dərinləşdirilməsinə töhvə verəcəyindən əminliyini vurğulamışdır. Görüş zamanı aparılan fikir mübadiləsi nəticəsində artıq bir-neçə maraqlı layihələrə dair təkliflər müzakirə olunmuş və ilkin addımlar planlaşdırılmışdır.
Mədəni menecment üzrə mütəxəssis Lütfi Şen Mərkəzin nümayəndə heyətini rəhbərlik etdiyi ARTİZAN mədəniyyət mərkəzi ilə tanış etmişdir. Sözügedən mədəniyyət mərkəzinin müxtəlif səpkili mədəni tədbirlərə ev sahibliyi etdiyini vurğulayaraq sərgi salonu, kino nümayişi bölümü, müxtəlif təlim və görüşlər üçün kreativ məkanlardan ibarət olduğunu bildirmişdir. Sərgilərin, festivalların, mədəniyyət günlərinin təşkili işində ixtisaslaşan Lütfi Şen sözügedən istiqamətlər üzrə Azərbaycanın mədəniyyət müəssisələri ilə işbirliyi qurmaq niyyətini Səadət Xələfbəylinin diqqətinə çatdırmışdır. Səadət Xələfbəyli öz növbəsində günümüzün aktual mədəni gündəliyini özündə əks etdirən sərgi və mədəniyyət günlərinin qarşılıqlı təşkili məsələsində birgə fəaliyyətin qurula biləcəyini bildirmişdir. Eyni zamanda səyyar sərgilərin, mədəniyyət günlərinin təşkil edilməsi, mədəniyyət sahəsində menecment mövzusunda fərqli təlimlərə Lütfi bəyin təlimçi olaraq cəlb edilməsinə dair razılıq əldə edilmişdir.
Kars ve Yöresi Kültür, Sosyal, Yardımlaşma ve Dayanışma Derneği ilə keçirilən görüşdə mədəniyyət sahəsində ixtisaslaşan dərnəklərin təşkilinə dair fikir mübadiləsi aparılmışdır. Bu sahədə Türkiyənin zəngin təcrübəsinin Azərbaycanda aşılanmasına və təbliğ edilməsinə dair razılıq əldə edilmişdir. Bunun nəticəsi olaraq sözügedən dərnəyin rəhbəri Orhan Çerkez ilə Mərkəzin direktoru Səadət Xələfbəyli anlaşma memorandumu imzalamışlar. Memoranduma əsasən hər iki təşkilat bərabər fəaliyyətin qurulmasına, birgə layihələrin gerçəkləşdirilməsinə, ortaq mədəni irsin təbliğinə dair razılığa gəlmişlər.
Kars ve Yöresi Kültür, Sosyal, Yardımlaşma ve Dayanışma Derneğinin dəvəti ilə təşkil edilən ziyafət çərçivəsində daha geniş tərkibdə fikir mübadiləsi aparılmış. Mədəniyyət sahəsində Türkiyə və Azərbaycan qurumlarının bərabər çalışmasının perspektivləri müzakirə edilmişdir.
Mərkəzin direktoru Səadət Xələfbəyli qarşıdan gələn 2023-cü il ərzində Mərkəzin fəaliyyət istiqamətləri arasında Türkiyənin mədəniyyət sahəsində ixtisaslaşmış fərqli qurum və təşkilatları ilə daha da sıx əməkdaşlıq şəklində işləyəcəklərini vurğulamışdır.

Oxunub: 450

Əlavə olunub: 13.12.2022 18:44

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz