Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

İşğal altında qalmış abidələrimiz

30 iyul 2020-ci il tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələri” adlı vebinar təşkil edib. Tədbirin əvvəlində Mərkəzin əməkdaşı Sevinc Cəfərova tərəfindən hazırlanan “Qarabağın tarix və mədəniyyət abidələri” videoçarx nümayiş olunub.

Daha sonra Mərkəzin sektor müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Səadət Şirinovanın moderatorluq etdiyi vebinarda AMEA Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli  “Qarabağ abidələri”, “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrini müdafiə təşkilatı” ictimai birliyinin sədri, NK yanında itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupun üzvü Faiq İsmayılov “Azərbaycanın işğal altındakı ərazilərdə qalan tarix və mədəniyyət abidələrinin ümumi vəziyyəti”, Şuşa Mədəniyyət şöbəsinin müdiri Zahid Abbasov “Şuşada tarixi abidələr”, Qərbi Kaspi Universitetinin Tarix və Fəlsəfə kafedrasının müdiri, Tarix üzrə fəlsəfə doktoru Nurlan Nəsirli “XIII-XIV əsrlərdə Qarabağın memarlıq abidələri”, Azərbaycan Memarlar İttifaqının üzvü, Memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlı “Qarabağ memarlığı” mövzuları ətrafında, həmçinin Mərkəzin sektor müdiri Pakizə Almazova, şöbə müdirləri Sənan Talıbov, Nəzakət Rəhmanova, Nurəddin Babazadə geniş məruzələrlə çıxış ediblər.

Mütəxəssislər qeyd etdilər ki, 90-cı illərdən bu günə qədər mənfur düşmənlərimizlə müharibədə torpaqlarımız uğrunda minlərlə oğullarımız şəhidlik zirvəsinə ucalmışlar. Qarabağ  münaqişəsi nəticəsində işğal altında qalan daşınmaz tarix və mədəniyyət abidələrinin erməni vandalizminə uğradılması  səbəblərinin indiyə qədər beynəlxalq elmi ictimaiyyətə məlum olmayan tərəfləri hələ də araşdırılır. Bildirdilər ki, işğala məruz qalmış ərazilərdə məhvə məhkum edilən maddi-mədəniyyət abidələri tariximizin daş yaddaşı kimi əvəzolunmaz milli sərvətimizdir. Bu abidələr təkcə maddi-mədəniyyət deyil, həm də mənəviyyat tariximizin arxividir. Qarabağın tarixi abidələrinin darmadağın edilməsi isə mədəniyyət və mənəviyyat tariximizin daşlaşmış yaddaşının silinməsi kimi acınacaqlıdır. Daha sonra alim və mütəxəssislər arasında fikir mübadiləsi aparılmışdır.

Tədbiri yekunlaşdıran Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev qeyd etdi ki, belə vebinarlar Azərbaycan xalqının milli-mənəvi sərvətlərinin, mədəni irsinin, habelə tarix, mədəniyyət və incəsənət abidələrinin qorunmasına, təbliğinə, tanıdılmasına, həmçinin gənclərin diqqətini cəlb etmək məqsədinə xidmət edir. Önəmli mövzu ətrafında alimlər ilə yanaşı gənclərin də toplaşması məsələnin daim diqqət mərkəzində olacağına ümid verir. “İşğal altında qalmış hər bir abidəmiz tarixin canlı şahididir. Onların qaytarılması və bərpa olunması torpaqlarımızın qaytarılması qədər önəmli vəzifədir” sözlərini deyən A.Usubəliyev daha sonra ermənilərin tarixi falsifikasiya siyasətlərindən söhbət açdı. Azərbaycan hökuməti tərəfindən mövcud istiqamətdə gördüyü işlərdən iştirakçılara məlumat vermiş məruzəçi alim və mütəxəssislərin potensiallarının səfərbər olunması, tədqiqatların şaxələnməsi, təsdiqedici faktorlar sisteminin artırılması, beynəlxalq aləmə adekvat məlumatların çatdırılması və s. bu kimi işlərin birgə və ara vermədən görülməsinin zəruriliyini bildirmişdir.

Tədbirin sonunda birgə görülə biləcək layihələr haqqında geniş diskussiyalar aparılmışdır.   

 

 

   

 

Oxunub: 704

Əlavə olunub: 30.07.2020 09:42

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz