Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

İlahə Qismətin “Rəngli Lövhələr” əsəri

Azərbaycan Bəstəkarlar İttifaqında Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin iştirakı ilə gənc bəstəkar, ABİ-nin üzvü, Bakı Musiqi Akademiyasının doktorantı İlahə Qismətin “Rəngli Lövhələr” adlı fortepiano məcmuəsinin təqdimatı keçirilib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin şöbə müdiri, Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti, Respublikanın əməkdar artisti, tarzən Neymət Mürsəlovun, ABİ-nin katibi, əməkdar incəsənət xadimi Zemfira Qafarova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadənin və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının  doktorantı Fidan Nəsirova-Əhmədovanın çıxış etdiyi tədbir Mərkəzin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının moderatorluğu ilə baş tutub.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin  şöbə müdiri Neymət Mürsəlov çıxış edərkən gənc bəstəkar İlahə Qismətin yaradıcılıq  nailiyyətlərini qeyd edərək bildirdi: Mənim İlahə xanımla həm bir insan kimi, həm də bəstəkar kimi yaxından tanış olmaq imkanım olub. Belə ki, biz onunla bir çox xarici səfərlərdə əməkdaşlıq etmişik. İsrayil, Almaniya, Türkiyə, Rusiya, Gürcüstan və digər ölkələrdə onun tar və fortepiano üçün bəstələdiyi əsərləri ifa etmişəm. Eyni zamanda bəstəkarın öz müşaiyyəti ilə də əsərləri ifa edərək bir çox beynəlxalq səhnələrdə Azərbaycan mədəniyyətini təmsil etmişik. İlahə Qismət hər bir janra müraciət edib. Hətta balet janrında belə əsər bəstələyərək bu işin öhdəsindən mükəmməl şəkildə layiqincə gəlib, bu da hər bəstəkara gənc yaşda nəsib olmur.”Rəngli lövhələr” fortepiano məcmuəsi haqqında onu demək istərdim ki, bu kitab fortepiano ixtisasında təhsil alan şagirdlərin tədris prosesinə töhvə verə bilər.

Daha sonra Mədəniyyət uzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktarantı, Respublika və Beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu Lalə Xəlilli “Rəngli lövhələr” fortepiano məcmuəsinin “Sarkazm”, “Zərlər”, “Şəfəq” əsərlərini peşəkarcasına ifa edərək tədbirə xüsusi zövq və rəngarənglik qatmışdır.

Oxunub: 635

Əlavə olunub: 29.01.2024 18:33

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz