Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Hərb tariximiz Azərbaycan muzeylərində

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi xalqımızın şəhidlərinin ruhu önündə ehtiram, dövlətimizə, ordumuza dəstək yolunda silsilə layihələrini davam etdirir. Cari ilin 28 iyul tarixində Mərkəz tərəfindən “Muzeylər və müasir Azərbaycanın hərb tarixinin şanlı səhifələri” adlı videokonfrans keçirilib. Muzey işinin hərbi istiqamətdə spesifik fəaliyyətini işıqlandıran tədbirdə Mərkəzin rəhbərliyi və əməkdaşları ilə yanaşı, Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, e.o.polkovnik Əzizağa Qəni-zadə, Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi, s.f.d. Vüsalə Məmmədzadə, Mərkəzin elmi katibi Cavid Əliyev, şöbə müdiri Nurəddin Babazadə, metodisti Rafiqə Nəsirova, respublikada fəaliyyət göstərən digər muzeylərin direktorları  iştirak etmişdir. Mərkəzin sektor müdiri Pakizə Almazovanın moderatorluğu ilə keçirilmiş tədbirdə xalqın tarixi yaddaşının qorunması və formalaşması istiqamətində muzeylərin artan rolu haqqında geniş diskussiyalar aparılmışdır.

Alimlər qeyd etdilər ki, tarixin səhifələrini özündə təcəssüm edən muzeylər bu gün müasir Azərbaycanın hərb tarixini yaşadacaq elmi-tədqiqat mənbələri olmalıdır. Hərb işinə aid hər hansı bir məlumatı özündə əks etdirən yazılı mənbələr hərb tarixi üçün qiymətli materiallardır və ona görə də qədim mənbələrin, hərbi fikir tarixinin araşdırılması da hərb tarixinin öyrəndiyi sahələrdən biridir. Hərb tarixi müharibələrin meydana gəlməsi qanunauyğunluqlarını, onların gedişini və nəticələrini, təzahür xüsusiyyətlərini, tarixdəki ictimai yerini, mürəkkəbliyini və ziddiyyətlərini, iqtisadi-siyasi səbəblərini, məzmun və məqsədini, müharibələrin aparılmasında xalq kütlələrinin və ayrı-ayrı şəxslərin rolunu və digər məsələləri öyrənir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Ə.Qənizadə, Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Quba rayon Tarix-diyarşünaslıq muzeyin nümayəndəsi Məryəm Hacıyeva təmsil etdiyi qurumların fəaliyyətindən bəhs edərək, muzeylərin uğurları və saxlanılan bəzi eksponatlar haqqında konfrans iştirakçılarına məlumat vermişlər. “Hər bir eksponat bir tarixdir” – deyən polkovnik bütün dövrlərdə orduya qarşı xalqın ehtiramını vurğulamışdır.

Daha sonra Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev “müharibə şəraitində yaşayan ölkənin hər bir vətəndaşı özünü dövlətin əsgəri kimi hiss etməlidir” sözlərini deyərək bu gün gənclərimizin səfərbərliyə hazır olduğunu xüsusi olaraq vurğulamışdır. Ölkəmizin hərb tarixinin öyrənilməsi Azərbaycan haqqında dünyaya həqiqətlərin çatdırılması qədər önəmli vəzifə olduğunu bildirən A.Usubəliyev mövcud istiqamətdə bütün potensialların səfərbər olmasının vacibliyini bildirmişdir. Alimlərin, mədəniyyət müəssisələrinin, xüsusilə də muzeylərin və sözsüz ki, hərbi ekspertlərin birgə səyləri nəticəsində mövcud istiqamətdə əsaslı nəticələrin əldə olunmasının mümkün olduğunu bildirən iştirakçılar, mütləq olaraq bu kimi layihələrin gələcəkdə də davam etdirilməsini təklif etdilər. Daha sonra tədbir fikir mübadiləsi və konkret təkliflərin səsləndirilməsi şəraitində davam etmişdir. 

 

Oxunub: 830

Əlavə olunub: 28.07.2020 13:16

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz