Cavad xan Gəncədə XVI əsrdən hökmranlıq edən Ziyadoğlular (Qızılbaş tayfalarından olan Qacarların bir qoludur) nəslindən olub, 1786-1804-cü illərdə Gəncə xanı olmuşdur.
1804-cü ildə general Sisianovun başçılığı etdiyi rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. Cavad xanın, oğlu Hüseynqulu ağanın, eləcə də Qacarlar nəslindən başqa adlı-sanlı şəxslərin türbə və qəbirləri Şah Abbas məscidinin həyətindəki Qacarlar qəbiristanlığında idi.
Sovet hakimiyyətinin sonrakı illərində Cavad xanın məzarını itirmək məqsədilə qəbiristanlıq ərazisində müxtəlif təyinatlı tikililər inşa edilir. 1963-ci ildə fəvvarə inşa etmək məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən Cavad xanın baş daşı və məzarı tapılır. Xanın məzarı qorunmaq məqsədi ilə Səbiskar qəbiristanlığına aparılır və 27 il Əsgər Ağa Goraninin türbəsində saxlanır.
1990-cı ildə Azərbaycanda milli azadlıq hərəkatı başlayanda Gəncə əhalisinin tələbi ilə Cavad xanın nəşinin qalıqları öz məzarında yenidən dəfn olunur.
Nəhayət, 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə məzarın üstündə türbə inşa edilərək Cavad xanın xatirəsi əbədiləşdirilir. Türbə Arran memarlıq məktəbi üslubuna uyğun bişmiş kərpicdən dördkünc formada inşa edilib və üstü gümbəzlə örtülür.
Türbənin mərkəzində Cavad xanın məzarı durur. Əski baş daşı isə qiymətli eksponat kimi Gəncə Tarix Diyarşünaslıq Muzeyində saxlanılır.