Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Füzuli rayonunda bir sıra mədəniyyət tədbirləri

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi müharibədən əziyyət çəkmiş sakinlər üçün mədəni proqramlar təşkil edib.

Ölkəmizin qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra bütün istiqamətlərdə olduğu kimi mədəniyyət sahəsində də bir sıra prioritet hədəflər müəyyən olunmuşdur. Aktual məsələlərdən biri də keçmiş təmas xəttində yaşayan əhalimizin mədəni-ictimai həyatının bərqərar olunması, mədəniyyət müəssisələrinin fəaliyyətinin effektiv təşkil edilməsidir.

Vaxtilə təmas xəttinin mövcud olduğu ərazilərdə müharibə şəraitinin ağır şərtləri altında yaşamış vətəndaşlarımızın mədəni həyatına rəng qatmaq, həmin ərazilərdə əcdadlarımızdan yadigar qalan mədəni irs nümunələrini tanıtmaq və təbliğ etmək, gənclərin mədəni-ictimai fəallığını daha da artırmaq məqsədilə Füzuli rayonunda bir sıra mədəniyyət tədbirləri təşkil olunmuşdur. Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən, eyni zamanda Kürdəmir Regional Mədəniyyət İdarəsi və Füzuli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirlər proqramına müxtəlif sahələrdə fəaliyyət göstərən təmsilçilər arasında mədəniyyət mövzusuna dair “Kim? Harada? Nə vaxt?” intellektual yarışması, “Bir abidə - bir könüllü” layihəsi, gənc mədəniyyət işçiləri ilə görüş, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrasına dair teatr tamaşasının nümayişi daxil edilmişdir.

Mədəniyyət tədbirləri çərçivəsində Füzuli Dövlət Dram Teatrında “Qanadlarıma sığal çək” adlı (onlayn) tamaşa səhnəyə qoyulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası məqsədilə səhnələşdirilən tamaşada narkotik maddələrdən istifadə edən gənc psixoloqun faciəvi həyatından bəhs edilir. “Ağ ölüm” səhnəsi ilə başa çatan süjet xəttində doğru yolu seçməyən gəncin həyat hekayəsi maraqlı ssenari üzrə tamaşaçıların diqqətinə çatdırılır. Lentə alınmış qısametrajlı teatr tamaşasının narkomaniyaya qarşı mübarizəyə dair təbliğat materialı kimi sosial şəbəkələrdə paylaşılması nəzərdə tutulur.

Füzuli rayonunda fəaliyyət göstərən müxtəlif dövlət və özəl təşkilatların mədəniyyət sahəsinə dair maraqlarının artırılması, gənclərin intellektual potensialının zənginləşdirilməsi, eyni zamanda faydalı biliklərin bölüşdürülməsi məqsədilə fərqli strukturlardan ibarət olan komandaların iştirakı ilə mədəniyyət mövzusuna həsr olunmuş “Kim? Harada? Nə vaxt?” intellektual yarışması təşkil olunmuşdur. Bilik yarışmasında Füzuli Rayon İcra Hakimiyyətinin “Zəfər”, Füzuli Müalicə-Diaqnostika Mərkəzinin “Təbib”, Füzuli Rayon Statistika İdarəsinin “Dəmir yumruq”, Kapital Bankın Füzuli rayon filialının “Bir Bank”, Füzuli Rayon Təhsil Şöbəsinin “Xarıbülbül”, 1 saylı Horadiz şəhər Məktəbinin “Ərgünəş” komandaları mübarizəyə qoşulmuşlar. “Qarabağ şikəstəsi”nin sədaları altında başlanılan yarışmada gərgin bilik mübarizəsi fonunda Kapital Bankın “Bir Bank” komandası qalib gəlmişdir. Qaliblərə müxtəlif hədiyyələr və diplomlar təqdim olunmuşdur. Digər iştirakçılara Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən həvəsləndirici hədiyyələr təqdim edilmiş və “Xudayar təsnifi” ilə başa çatan intellektual yarışmanın yekununda qaliblərlə xatirə şəkli çəkilmişdir.

Azərbaycanın zəngin mədəni irs nümunələrinin cəmiyyətdə tanıdılması və təbliğ olunması məqsədilə “Bir abidə - bir könüllü” layihəsinə başlanılmışdır. Layihə çərçivəsində zəngin mədəni tariximizi təcəssüm etdirən müxtəlif türbə, məbəd, hamam və s. tikililər barədə maarifləndirici videoçarxların hazırlanması nəzərdə tutulur. Layihəyə ilk öncə Füzuli rayonunda mövcud olan tarixi abidələrdən başlanılmışdır. Belə ki, qısa təqdimat formatında hazırlanacaq videomateriallar tarixi faktları ehtiva edən məlumatları əks etdirəcəkdir. Çəkilişlərə yaxın günlərdə start veriləcəkdir. Gələcəkdə işğaldan azad olunmuş ərazilərimizdə layihənin davam etdirilməsi nəzərdə tutulur.

Mədəniyyət tədbirləri proqramı çərçivəsində Füzuli rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrində çalışan gənc əməkdaşlarla görüş keçirilmişdir. Görüşdə mədəniyyət sahəsində qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün birgə fəaliyyətin zəruriliyi barədə məlumat verilmişdir.

Səfər çərçivəsində Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş müddətdən artıq hərbi qulluqçu şəhid Araz Baxşəliyevin ailəsi ziyarət olundu. Şəhidin keçdiyi döyüş yolu və göstərdiyi şücaət haqqında ailəsi tərəfindən məlumat verildi. Görüşdə şəhidlərimiz rəhmətlə yad edildi, qazilərimizə şəfa və müharibə iştirakçılarına cansağlığı arzulandı.

Oxunub: 487

Əlavə olunub: 22.05.2021 18:31

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz