Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Fərq

Hər hansı bir sosial-siyasi təzahür və ya məsələyə obyektiv qiymət vermək üçün müasir siyasi nəzəriyyədə “komparativ” adlanan metoda tez-tez müraciət olunur. Sözügedən empirik metod müqayisəli təhlil üsulları vasitəsilə siyasi proseslərdə iştirak edən əsas aktorların fəaliyyətinin adekvat qiymətləndirilməsi üçün şərait yaradır. Müqayisəli təhlil fərqi çılpaqlığı ilə aşkar edir və konkret siyasi hadisəyə şəxsi münasibətin müəyyən olunması prosesini emosionallıq yükündən azad edir. Göstərilənləri nəzərə alaraq, bizim müasir siyasi təcrübəmizdə olan cəmi bir neçə epizoda müraciət etmək istərdim.

Bəli, biz ölkəmizin tarixində heç də asan olmayan mərhələni yaşayırıq. Prezidentin təşəbbüsü ilə reallaşan peşə təfəkkürü və münasibətlərinin müasirləşməsi, habelə siyasi sistemin modernləşməsinə yönəlmiş ağrılı, ancaq qaçılmaz islahatlara başlanılması, dünya enerji bazarında müşahidə olunan böhran, beynəlxalq münasibətlər sistemində ikili siyasətin açıq hökmranlığı, münaqişə və dözümsüzlük tendensiyalarının artımı, informasiya manipulyasiyaları vasitəsilə süni yaradılan və dünyada tüğyan edən fobiyalar, bir çox dövlətlərin hələ də keçidə hazır olmadığı şəraitdə qlobal təzyiqlər altında dünyaya “rəqəmsal cəmiyyət” formasiyasının yeridilməsi və sözsüz ki, yaşadığımız dünya və həyat haqqında təsəvvürləri tamamilə dəyişdirən “koronovirus” - təbii və istisnasız olaraq, bütün dövlətlərdə müxtəlif mahiyyətli stresslərin yaşanmasına səbəb olmuşlar. ABŞ, Avropa və Şərq ölkələrində müşahidə olunanlar, hadisələrin nəzarətdən çıxa biləcəyi ehtimalını istisna etmir. Məhz bu səbəbdən bu gün ölkəmizdə atılan addımların əsas məqsədlərindən biri cərəyan edən hadisələri nəzarətdə saxlamaq və pandemiya ilə mübarizədə dayanmadan preventiv tədbirlərin görülməsidir.

Mövcud obyektiv durumda bir vətəndaş olaraq ən üzücü mənzərələrdən biri, məhz bəzi qüvvələrin yaranmış vəziyyətdən “ucuz” faydalanma cəhdlərinin müşahidə etməkdən ibarətdir. Nümayış etdirdikləri prinsipsizlik, yaşadıqları dövlətə qarşı xainlik, qeyri-peşəkarlıq, fürsətçilik, emosional manipulyasiyalar və əlbətdə ki, demaqogiya konkret şəxslərə müvəqqəti siyasi bonus qazandıra bilər, ancaq bu cür yanaşma və mövqe heç də onların vətən və xalq sevgisindən qaynaqlanmır. Məhz sözügedən konteksti inkişaf etdirərək komparativ təhlil üsullarına keçmək istərdim.

Belə ki, bir tərəfdən pandemiya ilə mübarizə işinin təşkili kontekstində cənab Prezident öz nitqində cəmiyyətə müraciət etdiyi zaman dəfələrlə səsləndirdiyi “Biz birlikdə güclüyük” ifadənsini eşidirik. Bu məhz o ifadədir ki, obyektiv olaraq “Azərbaycançılıq” ideologiyasının əsas müasir leytmotivi sayılmalıdır. Yaşanan hadisələrə qarşı müşahidə olunan münasibətlərin digər tərəfində isə ümumbəşəri bəla sayılan və dünyanın heç bir dövlətinin hazır olmadığı “koronovirus”u siyasi demaqogiya və spekulyasiya predmetinə çevirən bəlalı müxalifətimiz var. Başqa sözlə, bir tərəfdən birliyə çağıran və insanları bir-birinə yardım əlini uzatmağa dəvət edən ölkə başçımızı görürük, digər tərəfdə isə şəxsi ambisiyalarının ödənilməsi niyyəti ilə cəmiyyətdə neqativ emosiyaların artması naminə fürsətçiliklə məşğul olanları görmək məcburiyyətindəyik.

Nəzərə almaq lazımdır ki, demaqogiya ilə məşğul olan və özünə müxalifət lideri adı vermiş insanlar həqiqət axtarmırlar. Onların məqsədi manipulyasiya və təzyiq göstərməkdir. Cəmiyyətdə şübhə və inamsızlıq toxumu səpməklə qeyri-sabit mühitin yaradılması – müxalifətin siyasi mübarizəsinin əsas alətidir. Deyilənləri sübut etmək üçün sadəcə hadisələri müşahidə etmək kifayətdir. Belə ki, bu insanlar yumşaq karantin rejimi şəraitində, rejimin sərtləşməsi təklifləri ilə çıxış edirlər, məcburi sərtləşmə tədbirləri görüldüyü zaman isə, əksinə, şərtlərin dözümsüzlüyü və mütləq olaraq karantinin yumşaldılması çağırışlarını səsləndirirlər. Aydındır ki, “karantin” mövzusu onların əlində sadəcə siyasi spekulyasiya alətinə çevrilib.      

Acı müqayisələri davam edək. Belə ki, dünya enerji bazarında böhranların mövcudluğuna və pandemiyanın yaratdığı iqtisadi kataklizmlərə rəğmən prinsipial olaraq, heç bir sosial yönümlü layihələrdən imtina etməyən və insan həyatını iqtisadi göstəricilərdən üstün tutan Prezident İlham Əliyevi görə bilirik. Məsələyə münasibətdə “cəbhənin” digər tərəfində isə dünya bazarında neftin kəskin ucuzlaşması xəbərləri ilə acıqlı, istehza və sevinc hisslərilə bölüşən “müxalifətimiz” var. Edilən bu cür hərəkətlər iqtidarla siyasi rəqabət aparan tərəfin mövqeyinin nümayişi deyil, əksinə, vətənə qarşı düşmənçilik mövqeyinin sərgilənməsidir.

Müqayisəyə digər aspektdən yanaşaq. Bir tərəfdən heç bir sosial məsuliyyət daşımayan, cəmiyyətin və konkret sahələrin inkişafına xidmət edə biləcək layihələri cəmiyyətə təqdim etməyən (halbuki, alternativ inkişaf proqramlarının hazırlanması hər bir partiyanın əsas vəzifələrindəndir) və öz siyasi fəaliyyətini tamamilə iqtidarın nailiyyətlərini kölgəyə salmaq üzərində quran müxalifətimizin monoton mövcudluğunu izləyirik. Digər tərəfdən isə dayanmadan islahatlar ilə çıxış edən və sıralarında dəyişiklərin aparılması üçün özündə güc tapan iqtidarımız var.

Hətta pandemiya dövründə qlobal humanitar təşəbbüslərlə çıxış edən Azərbaycan Respublikasının Prezidenti və onun ümumbəşəri bəla ilə mübarizədə dünya qüvvələrinin səfərbər olunmasına dair çağırışlar siyasəti ölkəmizin beynəlxalq münasibətlər sisteminin tam mənalı subyekti statusunun təsdiqinə xidmət edir. Müxalifətimizin isə öz Qərb sifarişçilərinin tapşırıqlarının icraçısı statusu eyniliklə ölkəmizin də beynəlxalq statusuna proyeksiya oluna bilər.

Sözsüz ki, biz digər müqayisə kontekstləri də müəyyən edə bilərik və hər bir kontekst xüsusi tədqiqatların predmeti olmaq iqtidarındadır. Ancaq qüdrətli tarixə sahib olan, müstəqillik ruhu damarında axan, böyük şəxsiyyətləri yetişdirən və dünya mədəni xəzinəsinə öz tövsiyələrini vermiş Azərbaycan xalqı, emosiyalardan üstün olmaq üçün arifliyi və fərqi duymaq üçün zəkası ilə hər zaman seçilmişdir.

           

            Asif Usubəliyev - siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Oxunub: 631

Əlavə olunub: 14.07.2020 10:50

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz