Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Əsrlərin o tayından gələn səs...

Yazı Azərbaycanın musiqi xiridarı, doyumsuz bir səsin sahibi, Azərbaycan muğamının dünyada brendi olan Xalq artisti Alim Qasımova ithafən qələmə alınıb. Məqalənin məzmununu bu səsə və sənətə aşiq olan bir qəlbin kövrək notlarının əlvan çalarları təşkil edir.

Yeri-göyü riqqətə gətirən, dünyanı duyğu selinin ağuşuna atıb beşik kimi silkələyən ilahi bir səs. Bu səsin hər rəngi yaradanın ərməğanıdır. Əgər əfsanələr həqiqətə çevrilsə, eşq və gözəllik ilahələri yer üzünə qədəm qoyub fanilərin sırasına qarışsa, bu səsin sehri onları belə valeh edərdi. Onların heyranlığı o qədər böyük olardı ki, öz yaradılışlarının möcüzəsini unudub bu səsə səcdə edərdilər. Kim bilir, bəlkə bu səsi yaradan günahkar bəndələrini öz ruh aləmlərini paklaşdırmaq üçün xəlq edib dünyamıza?

Əgər bu səs olmasaydı, dünyanın maddi varlığından heç nə əskilməzdi deyənlər böyük bir yanlışa qapılır. Çünki onun tilsimi dünyanın mizanına belə meydan oxumaq qüdrətindədir. O avaza qapılan insan dünyada var olan bütün ülviyyətin müridinə çevrilir, yaradanın gözlə görünməyən yalnız seçilmiş bəndələrin ruhunda intişar tapan ovsununa bürünüb billur kimi parlaq olur. Bir qədəhin günəş işığında göz qamaşdırmasından daha şəffaf nur topasını əks etdirir vücudunun hər zərrəsində. Bu qədəhin cisminə səpilən hər damla isə dirilik suyu olub xəstə könüllərə məlhəm olur. Eşq dərdliləri onları öz mübhəminə həmdəm seçir, atılmışlar ona ibadət edir, dünya neymətlərindən sərməst olanlar isə onun zövqü ilə daha da sərxoş olur. Alim Qasımov səsində var olan tilsimin qoynuna sığınıb hərarət tapanlar kimi. Onun dili ilə həyat tapan neçə qəzəlin heyranına çevrilirlər. Gənc istedadların bu səsdən güc alıb muğam sənətinə üz tutduqları kimi, Alim adı çəkiləndə daha minlərlə bənzətmə və möhtəşəm ifadə gəlir insanın ağılına. Əslində biz o aləmi tam mənada dərk edə bilmirik. Bəlkə buna görə də o gözəllik ləkələnmir. Bu yaxınlarda ölkəmizdə böyük nüfuza, savada malik olan dəyərli bir insanın dilindən Alim Qasımov haqqında eşitdiyim sözlər məni heyran etdi. O, Alim müəllimin ifası zamanında getdiyi yolu, gördüyü gözə görünməyən ilahi qüvvələri öz dili ilə qarışıq o qədər möhtəşəm təsvir edirdi ki, dil söz söyləməyə utanırdı. Bəli, məhz Alim Qasımov dünyasına məxsus ola bilən bu nüanslar onun sənətini bu dərəcədə əzəmətli edir. Əziz oxucu mənim əksər yazılarımda yer alan bir ifadə bu məqalədə lap yerinə düşür. “Yaradanın xəlq etdiyi seçilmiş bəndə” : Bəli məhz seçilmiş çünki, bir insana nəsib olan belə böyük qüdrətin adı yalnız seçilmişlik ola bilər. Əgər Alim müəllimin həyatına nəzər salıb uşaqlıq, gənclik illərini gözdən keçirsək çox sadə və sıradan bir zəhmətkeş obrazı canlanar gözümüzün qarşısında. Elə öz dilindən dəfələrlə eşitdiyimiz kimi gənclik çağlarında həyatını təmin etmək üçün getdiyi bir istiqamət var idi. O zamanlar kim deyərdi ki, bəlkə çoxları üçün elə böyük əhəmiyyət daşımayan bu insan çox keçmədən muğamın ustadına çevriləcək? Yaradanın onun üçün açdığı cığır o qədər hamar olacaq ki, kələ-kötürlüklər, nahamarlıqlar özündən utanıb bu səthin səfinə düzüləcək. Allahın bəxş etdiyi sadəlik o qədər gözəl olacaq ki, bir çox eybəcərlikləri yox edəcək. Sınaqların özü belə bu sehrin sınağına tabe olunacaq. Bütün bu yolların zirvəsi isə Alim Qasımov adlanacaq. Həyatın sevincini dadıb, kədərinə şükr etməyi bacaran ustad. Bu dünyada gözəl olan bir çox şeylər o səsin ahəngilə rəqs eləyir. Zülmət isə nura qovuşmaq üçün can atır. Müsəlmanların Allaha ibadətə üz tutduğu azan belə bu səsdə başqa bir ruh qazanır. Dilindən, dinindən aslı olmayaraq dünya insanları bu avazın ahənginə qapılıb özlərini unudurlar. Elə buna görə də dünyanın müxtəlif qitələrindən olar musiqiçilər onunla duet oxumaq üçün səfər edir ölkəmizə. Hind boğazlarının xırdalıqları belə bu səsdə ayrı bir rəngə bürünürdü. “Musiqinin dili yoxdur” ifadəsi bu səsin böyüklüyü ilə sözün əsil mənasında örtüşür. O,illərin gətirdiyi təcrübə və ustalıqla bu gün heç bir insanın çata bilməyəcəyi  bir məqama yüksəldi. Bu zirvə həm hər kəs üçün əlçatan, həm də hamı üçün çox alidir. Onu sevmirəm deyənlərin belə ilham mənbəyi olan ustada insanlığın keşiyində dura bilmək üçün misilsiz bir qüvvət diləyirəm. Çünki onun varlığı bu millətin gələcəyi üçün çox dəyərlidir.

Rəfiqə RAFİQQIZI

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşı

Oxunub: 525

Əlavə olunub: 23.08.2020 08:47

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz