Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Elmin və təhsilin vəhdəti cəmiyyətin inkişafıdır

Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz.

Nizami Gəncəvi

Bizim gələcəyimiz elm və təhsilin inkişafı ilə bağlıdır, bu, ölkəmizin, millətimizin gələcəyi məsələsidir. Elm və təhsil inkişaf perespektivlərimizi müəyyən edən başlıca sahədir. Ölkənin uğurunu bilik, elm, texnologiya və təhsil müəyyən edir. Müasir dövrdə dünya ölkələrinin inkişafının uğurlu olmasının bir neçə göstəricisi var. Bunların içərisində elm və təhsil səviyyəsinin bu gün hansı inkişaf mərhələsində olması çox mühüm rol oynayır. Elm və təhsil hər bir insana öz davamlı gələcəyini formalaşdırmaq, zəruri bilik, bacarıq, münasibətləri və dəyərləri əldə etmək üçün imkan yaradan əsas amillərdən biridir. Yaşadığımız mürəkkəb əsrdə elmin və təhsilin qarşısında duran ən aktual problemlərdən biri dünyagörüşlü, elmli, peşəkar kadr potensialının formalaşdırılması məsələsidir. Müasir dünyanın inkişaf axarında təkcə insanları deyil, bəlkə də bütöv bir xalqı dəyişə bilən ən böyük amil elm və təhsil fenomenidir. Bu səbəbdən dünya ölkələri elmin inkişafına xüsusi diqqət ayırır, təhsil səviyyəsini artırmaq üçün yeni-yeni üsullar tətbiq edir, büdcələrinin böyük hisəssini elmin və təhsilin inkişafına ayırırlar. Dünya ölkələrinin inkişaf dinamikasına nəzər salsaq görərik ki, onlar dünya arenasında tutduqları mövqeyə elm və təhsildəki uğurları sayəsində gəlmişlər. Belə bir deyim var var ki, “iqtisadiyyatın açarı texnikada, texnikanın açarı texnologiyada, texnologiyanın açarı elmdə, elmin açarı isə təhsildədir.”

Buradan belə bir nəticəyə gəlmək olur ki, elmin və təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması həmçinin insanın həyatının daha yüksək səviyyədə qurulması üçün də zəmin yaradır. Çünki elm və təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu bu prosesə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək,cəmiyyətdə mədəni insan kimi

formalaşmaq imkanı verir. Təhsil prosesində əldə olunan elm, bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsil alanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaraır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir. Yazıçı publisist, ictimai xadim Nəriman Nərimanovun gözəl bir fikri dediklərimi tamamlayır: “Tərbiyə və əxlaq da ancaq elmin və təhsilin gücü ilə olur”. Demək bu gün istənilən sahədə yüksək naliyyətlər əldə etmək üçün təhsil sistemi düzgün qurulmalıdır.

Müasir dövrdə elmi-texniki və təhsil əlaqələrinin genişlənməsi hər bir ölkənin inkişafına əhəmiyyətli təsir edir. Belə ki, hər hansı ölkədə yaranan yeni ideyalar, elmi kəşflər, başqa bir ölkədə daha yeni ideyaların yaranmasına, elmin özəlləşməsinə əsas verir. Çünki, elm heç bir millətin malı deyil, kim ona yiyələnsə, onun olur. (Cəlaləddin Əfqani) Bu amil elmin fasiləsiz olaraq daim inkişaf etdiyini və sərhədsiz fəaliyyət sahəsi olduğunu göstərir. Elm müxtəlif ölkələr və millətlərarası elmi-mədəni əlaqələrin qurulmasında, cəmiyyətdə obyektivliyin qorunmasında, ədalətli qanunların qəbul edilməsində ən əhəmiyyətli yerlərdən birini tutur.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, mövcud şəraitdə elmin və elmi biliklərin köməyi olmdan ölkənin və millətin dünya miqyasında tanınmasına, dünya bazarına elmi tutumlu məhsulların çıxarılmsına və ən nəhayət, beynəlxalq aləmdə layiqli mövqe tutmağa nail olmaq qeyri-mümkündür.

Hər birimiz yaxşı bilirik ki, cəmiyyətdə baş verən hər bir tərəqqi əsasən iki mərhələdən keçir. Burada təhsil, elm və elmi biliklər ilkin mərhələ hesab olunur. Bu mərhələdə elm və təhsil mərkəzi mövqe tutmaqla cəmiyyətin inkişafının əsasını təşkil edir. İkinci mərhələ elmin və təhsilin nəticələrinin istehsalatda reallaşması mərhələsidir. “Elm” və “elmi fəaliyyət” anlayışları da fərqli cəhətlərdir. Elm müəyyən zaman mərhələsində əldə olunmuş biliklər sistemidir. Biz bu biliklər sistemini zaman-zaman təhsil prosesində əldə edirik. Elmi fəaliyyət isə yeni elmi biliklərin yaradılması prosesidir. Biz elmi fəaliyyəti çalışdığımız elmi müəsissələrdə realaşdırırıq. Elmi müəsissələrdə tətbiq edilən elm yeni elmi biliklərin yaradılması üçün vasitə rolunu oynayır. Bu gün cəmiyyətimizdə inkişaf etməli olan ən vacib məqam yüksək təhsilin əsasında elmi formalaşdırmaq, daha sonra fərqli istiqamətlərdə elmi fəaliyyətlə məşğul olaraq onun tətbiqini həyata keçirməkdir. Qeyd elədiyim kimi elmə doğru gedən yol isə təhsildən keçir. Fəlsəfə Elmlər Doktoru, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilovun (Əli Turxan) gözəl bir fikri yerində söylənilmişdir. “Bütün elmlərin bünövrəsi təhsillə qoyulur.” Məhz bu baxımdan bu gün bizim təhsil sistemimiz mükəmməl olub gələcəkdə elmin inkişafına öz təsirinin göstərməlidir. Çünki, təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir və bu səbəbdən də cəmiyyət təhsilsiz inkişaf edə bilməz.

XXI əsrin UNESCO tərəfindən elm və təhsil əsri adlandırılması təsadüfi deyil. Çünki dövlət elm və təhsilin sahəsində yetişdirilən kadrların, intellekt kapitalının əldə etdiyi nailiyyətlərlə dünya miqyasında tanınır. Bu gün Azərbaycanda elmin və təhsilin inkişafı dövlət siyasətinin əsas istiqmətlərindən biridir. Azərbaycan Respublikası elm və təhsilə hərtərəfli qayğı ilə yanaşır,ölkədə elmin və təhsilin inkişafı üçün münbit şərait yaradır. Bir məqamı da yaddan cıxartmaq lazım deyil ki, elmin inkişafı təhsildən asılı

olduğu qədər də, ideyadan da asılıdır. İdeya sahibi isə həmişə yaradıcı insan və alimdir. Deməli, ideya elmi, elm texnologiyanı, texnologiya yeni tərəqqini, tərəqqi isə innovasiyalı iqtisadiyyatı inkişaf etdirir. Bütün bu qarşılıqlı təsirlər isə keyfiyyətli təhsil və elm mühütündə baş verir. Zamanında elm və təhsilin ölkəmizdə inkişaf etməsində xüsusi rolu olan Ulu Öndər Ümummilli Lider Heydər Əliyev vaxtilə deyirdi: “Ümumi çətinliklər nə qədər çox olsa da, biz elmə, təhsilə daim qayğı göstərməliyik və elmin inkişafı üçün mövcud imkanlardan daha da çox istifadə etməliyik”.

Bu gün Azərbaycanda elm və təhsilin birgə inkişaf konsepsiyasının reallaşdırılmasını, elm sahəsində kadr hazırlığını genişləndirməyi, ali məktəblərdə, elmi müəsissələrdə elmin inkişafına şərait yaradılmasının önə çəkilməsi məsələsi məhz Ulu Öndərin yeritdiyi siyasətin nəticəsidir. Elm və təhsil sahəsində Heydər Əliyevin müəyyənləşdirdiyi ideoloji və metodoloji kurs aşağıdakından ibarətdir. "Keçmiş tariximizə hörmət və diqqətlə yanaşmalı, yaxşı ənənələri qoruyub-saxlamalı və ancaq ənənələrə əsaslanan zəmində, əlbəttə, inkişaf etmiş ölkələrin və qabaqcıl ölkələrin təcrübəsini də nəzərə almaqla yeni sistemlər qurulmalıdır".

Doğrudan da, bu gün Azərbaycan keçmiş ənənələrə əsaslanaraq, müasir prinsiplərə söykənən elm-təhsil sistemi yaratmağı həmişə önə plana çəkilr. Müstəqil Azərbaycan Respublikası üçün yeni kadrların hazırlanması daha da aktuallaşıb, nəzəri və praktik əhəmiyyət kəsb edib. Son zamanlarda Azərbaycanda elm və təhsilin birgə inkişaf konsepsiyasının reallaşdırılmasını, kadr hazırlığını genişləndirməyi, ali məktəblərdə elmin inkişafına şərait yaradılmasının önə çəkilməsi məsələsinə diqqət yetirilir.

Qeyd etmək istərdim ki, elm sahəsidə həyata keçirilən işlər, peşəkar kadrların hazırlanması elmi təşkilatların əldə etdikləri nəticələr, elmi inkişafa əhəmiyyətli diqqət ayrılmasından və şəraitin yaradılmasından asılıdır. Bu baxımdan müəsissədə çalışan əməkdaşların elmi hazırlığına, öz üzərlərində daim çalışmalarına, vəzifə öhdəliklərini anlayaraq icra etmələrinə, sahə üzrə araşdırmalar aparmalarına xüsusi önəm verilir. Bütün bu hallarda müəsissədə bəzi məqamları nəzərə almaq lazımdır: yenilik və işləmlərin perespektivliyi, irəli sürülmüş və həyata keçirilmiş elmi və metodiki təkliflərin sayı, başa çatmış işləmələrin və reallaşdırılmış işlərin istifadə olunması nəticəsində əldə edilmiş yeniliklər və elmi kadrların hazırlığı məsələsi. Bütün bu amillərin hamısı elm müəsissələrinin inkişafına müsbət təsir göstərir.

Müasir dövrdə yaradıcı insanlar, ilk növbədə elm adamları əhalinin digər təbəqələrinə nisbətən iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin, incəsənətin və bütövlükdə cəmiyyətin inkişafında daha fəal rol oynayır. Bu gün cəmiyyətdə böyük kapital qoyuluşu hesabına hazırlanaraq peşəkar kadr kimi formalaşmış insanların- elm, incəsənət, mədəniyyət təhsil, səhiyyə s. sahələrin insanlarının sayının artımı ölkənin davamlı sosial-iqtisadi, mədəni inkişafına, daima öz təsirini göstərəcək. Ölkə elmli, intelektli insanların sahəsində arzulanan məqamlara cata biləcəkdir. Fikirlərimi Yunan filosofu Platonun maraqlı yanaşması ilə tamalamaq istərdim. “Elmlər insan ruhunun gözünü təmizləyir və yenidən açır. Ruhun gözü min dənə adi gözdən önəmlidir, çünki

ancaq onun köməyi ilə həqiqəti görmək mümkündür”. Həyatda həqiqətləri görmək üçün isə təhsilimizi davamlı, elmimizi işıqlı etməliyik.

Nəzakət Rəhmanova Sabir qızı

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma

mərkəzinin Təlim-tədris şöbəsinin müdiri

Oxunub: 2389

Əlavə olunub: 09.04.2020 14:31

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz