Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Dövlət xadimi Nəriman Nərimanov

Nəriman Nərimanovun həyatı

Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov 1870-ci ilin aprel ayının 14-də Tiflis şəhərində anadan olmuşdur. Ona əslən Cənubi Azərbaycanın Urmiya mahalından olan ulu babası Nərimanın adını vermişlər. Nərimanovun böyük qardaşı Salman Nərimanov xatirə dəftərində yazırdı ki, ulu babamız Nəriman XVII əsrdə Kaxetiya valisi I İraklinin sarayında “sabitqədəm” eşikağası olmuşdur. Nərimanın babası Allahverdi bəy XIX əsrdə Zaqafqaziyada tanınmış musiqi xadimlərindən idi. O, şərq musiqi alətlərində ustalıqla ifa edir, Azərbaycan, gürcü mahnılarını məharətlə oxuyardı. Şair Qriqol Orbeliani Allahverdi bəyin bütün Gürcüstanda məşhur tarzən olduğunu öz müxəmməsində qeyd etmişdir. Şahzadə İohan isə “Kalmasoba” dastanında şah İohan Xelaşvilinin Gürcüstanda Şulaver kəndində şahanə bir məclisdə məşhur tarzən-xanəndə Allahverdi bəyin məlahətli səsinə və məharətlə tar çalmasına heyran qaldığını qələmə almışdır. II İrakli Allahverdi bəyin bu xidmətlərini yüksək qiymətləndirmiş və ona bəyzadəlik mənsəbi vermişdir. Allahverdi bəy Tiflisin ən uca və görkəmli yerində, Kürün sağ sahilindəki dağın döşündə özünə xüsusi zövqlə ikimərtəbəli ev tikdirmiş və ömrünün axırına kimi bu mülkdə yaşamışdır. Sonralar bu ata-baba mülkü Kərbəlayı Nəcəfə qalmışdır. Kərbəlayı Nəcəf tiflisli Hacı Məhəmmədqasım Zamanovun qızı Həlimə xanım ilə evlənmiş və onların doqquz övladı olmuşdur: Salman, Mərziyə, Rza, Rizvan, Fatma, Səkinə, Rizvan (ölən uşağın adı verilib), Nəriman, Zöhrabanu.
Kiçik yaşlarından Nəriman böyük qardaşı Salmanın və əmisi Əlimirzənin köməyi ilə ərəb, fars və rus dillərinin əlifbasını öyrənir. 1879-cu ildə o, Tiflis ruhani məktəbinə daxil olur. İlk təhsilini müvəffəqiyyətlə başa çatdırdıqdan sonra 1885-ci ildə Nərimanı Qori şəhərində Zaqafqaziya müəllimlər seminariyasına qəbul edirlər.
1890-cı ildə Qori seminariyasını bitirən Nəriman Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kəndinə müəllim təyin edilir. 1891-ci ildə Nəriman Nərimanov Bakıya gəlir və 1902-ci ilədək burada geniş miqyaslı mədəni-maarif və ədəbi-siyasi fəaliyyət göstərir. O, əvvəlcə A.İ.Pobedonostsevin şəxsi progimnaziyasında, sonra isə realnı məktəbdə və Bakı oğlan gimnaziyasında müəllimlik edir. Nəriman Nərimanov yüksək səviyyəli pedaqoji fəaliyyətinə görə əvvəlcə bürünc medalla, 1900-cü il yanvarın 1-də isə üçüncü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif edilmişdir.
Həmişə ali təhsil almaq arzusunda olan Nərimanov 1902-ci ildə Bakı kişi gimnaziyasında ekstern qaydası ilə imtahan verərək kamal attestatı alır və Odessadakı Novorossiysk Universitetinin tibb fakültəsinə daxil olur. 1906-ci ildə Nərimanov təhsilini başa vurmaq üçün yenidən Odessaya qayıdır. 1908-ci ildə universiteti bitirib Bakıya dönən Nərimanov şəhər xəstəxanasında işləyir. 1909-cu ilin əvvəllərində isə o, Tiflisə köçüb xüsusi müalicəxana açır, həm də inqilabi fəaliyyətini davam etdirir. İnqilabi fəaliyyətinə, xüsusən İran inqilabçıları ilə yaxın əlaqəsinə görə 1909-cu ilin mart ayında həbs olunub 7 ay Tiflisin Metex həbsxanasında saxlanılır. Zaqafqaziyanın demokratik ictimaiyyətinin etirazına baxmayaraq çar hakim dairələrinin tələbi ilə Nəriman Nərimanov himayəsində yaşayan qardaşı Salmanın dörd uşağı və bacısı uşaqları ilə birlikdə 1909-cu il sentyabrın 30-da Həştərxana sürgün edildi. 1913-cü ilin iyulunda Nəriman Nərimanov Bakıya qayıdır.
1914-cü ildə 44 yaşında ikən o, evlənməyi qərara alır. 1915-ci ildə Nərimanov Şamaxının varlı tacirlərindən biri olan Mir Kazım Əliyevin qızı Gülsüm xanımla evlənir. Gülsüm xanım 1900-cü ildə anadan olmuş, ev təhsili almışdır. Sonralar təhsilini davam etdirmiş, 1931-1935-ci illərdə Moskvada Timiryazev adına Kənd Təsərrüfatı İnstitutunu bitirmişdiir. Nəriman Nərimanovun yeganə oğlu Nəcəf 1919-cu il dekabrın 2-də Moskvada anadan olmuşdur.
1925-ci ildə Nərimanovun ictimai-siyasi və elmi-ədəbi fəaliyyətinin 30 illiyi təntənə ilə qeyd olunmuşdur. 1925-ci il mart ayının 19-da vəfat etmiş Nəriman Nərimanov Moskvada, Qızıl Meydanda Kreml divarı yanında dəfn olunmuşdur. Gülsüm xanım ömrünün son illərini Moskvada yaşamış və uşaq evlərinin müdiri vəzifəsində işləmişdir. 1953-cü ildə vəfat etmiş və Moskvada dəfn olunmuşdur. 1938-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirən Nəcəf Leninqrad (Sankt-Peterburq) Tankçılıq məktəbinə daxil olur. O, sonralar Hərbi Akademiyada oxumağı arzulayırdı. Lakin 1941-ci ildə başlayan Böyük Vətən Müharibəsi onun arzusunun həyata keçməsinə mane olur. Qvardiya baş texnik-leytenantı Nəcəf Nərimanov Stalinqrad uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə «Stalinqradın müdafiəsi uğrunda» medalı ilə təltif olunur. 1943-cü il sentyabr ayının 10-da cəsur komandir, 24 yaşlı Nəcəf Nərimanov həlak olur. Onu Volnovaxada qardaşlıq qəbiristanlığında əsgəri ehtiramla dəfn edirlər. SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Nəcəf Nərimanov ölümündən sonra Birinci Dərəcəli Vətən müharibəsi ordeni ilə təltif olunur. Volnovaxa və Bakıda xatirəsini əbədiləşdirən Nəcəf Nərimanovun adına məktəb və küçə vardır.
Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, yazıçı, publisist, həkim Nəriman Kərbəlayı Nəcəf oğlu Nərimanovun adı hər zaman ehtiram və hörmətlə yad edilir. Azərbaycanda, Gürcüstanda, Rusiya və digər yerlərdə Nəriman Nərimanov dühasının adını əbədiləşdirən parklar, prospektlər salındı, abidələr ucaldıldı, elm, təhsil, mədəniyyət ocaqlarına onun adı verildi. Təsadüfi deyildir ki, Moskva Şərqşünaslıq İnstitutu uzun müddət
Nəriman Nərimanovun adını daşımışdır.

Azərbaycan xalqının görkəmli dövlət xadimi, həkim, inqilabçı, yazıçı, publisist Nəriman Nərimanov xalqımızın rifahının yüksəldilməsi istiqamətində göstərdiyi xidmətləri bu gün də yaddaşlardan silinməmişdir.

Nəriman Nərimanov yaradıcılığı

Azərbaycan xalqının görkəmli yazıçısı Nəriman Nərimanov ədəbi fəaliyyətinə gənclik illərindən başlamışdır. Nərimanov hələ seminariyada oxuyarkən “Nadanlıq” dramının qalan iki pərdəsini də yazıb qurtarır. 1892-ci ildə o, Nikolay Qoqolun “Müfəttiş” əsərini azərbaycancaya tərcümə edir. Əsər 1900-cü ildə Tağıyev teatrında böyük müvəffəqiyyətlə tamaşaya qoyulur. Nərimanov əsərin həm rejissoru olur, həm də bələdiyyə rəisi rolunu özü ifa edir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nərimanovun pyesləri Azərbaycan teatrının səhnəsində oynanılmışdır. Üzeyir bəy Hacıbəyli hələ 1917-ci ildə Nərimanovu “ustad dramaturq” adlandırırdı.
1894-cü ildə Bakıda müsəlmanlar üçün ilk pulsuz qiraətxana açır. Elə həmin il “Nadanlıq” pyesi nəşr olunur, 1895-ci il yanvarın 15-də əsər ilk dəfə olaraq Bakı teatrı səhnəsində tamaşaya qoyulur. Tamaşadan əldə olunan bütün gəlir qiraətxananın inkişafına yönəldilir. Bu dövrdə Nəriman Nərimanov ictimai və siyasi problemlərə toxunduğu “Dilin bəlası” yaxud “Şamdan bəy” (1895), “Bahadur və Sona” (1896-1908), “Nadir şah” (1899) kimi ədəbi əsərlər, sosial və mədəni məsələlərə dair publisistik məqalələr yazmış, Azərbaycan və rus dillərini müstəqil öyrənənlər üçün dərsliklər, həmçinin “Türk- Azərbaycan dilinin müxtəsər sərf nəhvi” adlı qiymətli dərs vəsaiti tərtib etmişdir.
1913-1915-ci illərdə Nərimanov “Pir” povestini, “Bir kəndin sərgüzəşti”, yaxud “Əmi” hekayəsini yazır, “Bahadır və Sona” əsərini səhnələşdirir, rus ədibi Q.Q.Genin “Edam” dramını Azərbaycan dilinə tərcümə edir, həmçinin “Bəsirət”, “Tərəqqi”, “İqbal”, “Yeni iqbal” qəzetlərində məqalələrlə çıxışlar edir.
Xalqımızın şərəfli yazıçı, dramaturqu, publisist, maarifçisi Nəriman Nərimanovun yaradıcılığına bu günkü gündə də dəfələrlə müraciət edilir, araşdırılır, sevə-sevə öyrənilir və tədqiq edilir.


Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyəti

1890-cı ildə Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kəndində müəllimlik fəaliyyətinə başlayan Nəriman Nərimanov sonralar A.İ.Pobedonostsevin şəxsi progimnaziyasında (5 il), realnı məktəbdə və Bakı oğlan gimnaziyasında müəllimlik peşəsini davam etdirir. Nəriman Nərimanov yüksək pedaqoji fəaliyyətinə görə əvvəlcə bürünc medalla, 1900-cü il yanvarın 1-də isə III dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif edilmişdir. O, 1891-ci ildə Bakıya gəlir və 1902-ci ilədək burada mədəni-maarif və ədəbi-siyasi fəaliyyət göstərir. Nərimanovun Bakıdakı ədəbi-publisistik fəaliyyəti siyasi-maarifçi məzmun daşımış, ictimai problemləri diqqətdə saxlamaqla, cəmiyyəti ətalətdən qurtarmaq, müsəlman əhalisinin düşüncə tərzini irəlilətmək məqsədinə xidmət etmişdir.
Nəriman Nərimanov siyasi fəaliyyətə də Odessada başlamışdır. Bakıya qayıtdıqda o, sosial-demokrat “Hümmət” təşkilatına daxil olur. Həmin dövrdə o, İran inqilabçıları ilə də sıx əlaqə saxlayır və İran sosial-demokrat “İctimaiyyun-amiyyun” (“Mücahid”) partiyasını yaradanlardan biri olur. “Nicat” mədəni-maarif cəmiyyətində sədr müavini vəzifəsində çalışır.
1906-cı ildə Bakıda Zaqafqaziya müsəlman müəllimlərinin I qurultayının təsis komissiyasına rəhbərlik edən Nərimanov qurultayın işində fəal iştirak edir, Azərbaycan dilinin öyrənilməsi, dilin təlim üslubu uğrunda mübarizə məsələsini qurultayda yenidən baxılmasını irəli sürür.
1908-ci ildə Nərimanov şəhər xəstəxanasında işləyir. 1909-cu ilin əvvəllərində isə o, Tiflisə köçüb xüsusi müalicəxana açır, həmçinin inqilabi fəaliyyətini davam etdirir. İnqilabi fəaliyyətinə, xüsusən İran inqilabçıları ilə yaxın əlaqəsinə görə 1909-cu ilin mart ayında həbs olunub 7 ay Tiflisin Metex həbsxanasında saxlanılır. 1909-cu il sentyabrın 30-da ailəsi ilə birlikdə Həştərxana sürgün edilir. Həştərxanda olduğu müddətdə Nəriman Nərimanov Qafqaz ilə əlaqəsini kəsmir, ictimai-siyasi fəaliyyətini davam etdirir, yerli mətbuatla əməkdaşlıq edir, həkimliklə məşğul olur. Həştərxan Xalq Universitetinin sədri, Həştərxan şəhər dumasının üzvü seçilir. 1913-cü ilin iyulunda Bakıya qayıdır. Nərimanov “Nicat” cəmiyyətinin maarif bölməsinin sədri seçilməklə “Tənqid” gecələri ədəbi dərnəyini yaradır, “Ədəb yurdu”, “Xalq evi”, “El yurdu”, “Qənaət” adlı təşkilat və cəmiyyətlərin təşkilatçısı və siyasi mühazirəçilərindən biri kimi fəaliyyət göstərir.
1917-ci il martın 2-də Nəriman Nərimanov “Hümmət” təşkilatının Müvəqqəti Komitəsinin sədri, iyunda “Hümmət” təşkilatı komitəsinin sədri və RSDF(b)P Bakı komitəsinin üzvü seçilir. 1918-ci il aprelin 25-də Nəriman Nərimanov şəhər təsərrüfatı komissarı kimi Bakı Xalq Komissarları Sovetinin tərkibinə daxil edilir. 1919-cu ilin yanvarında Nərimanov Həştərxanda Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissarlığın sədri seçilir. 1919-cu ilin iyulunda RSFSR Xalq Xarici İşlər Komissarlığı Yaxın Şərq şöbəsinin müdiri təyin edilir, həmçinin bir müddət RSFSR Xalq milli işlər komissarının müavini işləyir. RK(b)P MK-nın qərarı ilə Şimali Qafqazda Sovet Hakimiyyətini bərpa etmək üçün Nərimanov aprelin 8-də yaradılmış Büronun üzvü idi. Aprelin 27-də o, qiyabi olaraq Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin, sonra isə Azərbaycan SSR XKS-nin sədri seçildi. Milli ordunun, aviasiyanın, nəqliyyat sisteminin yaradılmasına diqqət yetirmiş, Bakı-Culfa dəmiryolunun, Bakı-Tiflis-Batum neft kəmərinin çəkilməsini başa çatdırmışdır.
1922-ci ilin martında Nərimanov Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) İttifaq Sovetinin sədrlərindən biri oldu. O, Zaqafqaziya partiya təşkilatlarının I qurultayında (1922, fevral) RK(b)P Qafqaz Ölkə Komitəsinin, iyunda isə Zaqafqaziya Ölkə Komitəsi Rəyasət Heyətinin üzvü, RK(b)P XII-XIII qurultaylarında MK üzvlüyünə namizəd seçilmiş, Sovet nümayəndə heyətinin üzvü kimi Genuya konfransında (1922) iştirak etmişdir. SSRİ-nin I Sovetlər Qurultayında (1922, dekabr) yaradılmış MİK-in ilk sessiyasında ZSFSR-dən SSRİ MİK sədri seçilmiş, SSRİ-nin ilk konstitusiyasının (1924) hazırlanmasında yaxından iştirak etmişdir.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏLƏR



1. “Nəriman Nərimanov”. Teymur Əhmədov, Bakı, 1977.

2. “Nəriman Nərimanov”. Teymur Əhmədov, Bakı, 1982.

3. “Nəriman Nərimanovun dramaturgiyası”. Teymur Əhmədov, Bakı, 1971.

4. “Nariman Narimanov”. İzbrannıe proizvedeniya, tom 1, Baku, 1988.

5. “Nəriman Nərimanov. Ucqarlarda inqilabımızın tarixinə dair”. /İ.V.Stalinə məktub/ Bakı, 1992.

6. “Nəriman Nərimanov” Teymur Əhmədov, Bakı, 2010.

7. “Nəriman Nərimanov. Dünən, bu gün, sabah”. Rəna Qəhrəmanova, Bakı/Azərbaycan, 2013.

8. “Nəriman Nərimanov 140”. “Qarapapaqlar” jurnalı, xüsusi buraxılış.

9. “Nəriman Nərimanov arxivinin təsviri”. Mehri Məmmədova, Bakı, 2012.

10. “ Görkəmli ictimai-siyasi xadim, böyük ədib”. (Nəriman Nərimanovun anadan olmasının 140 illiyinə həsr edilir). Teymur Əhmədov, Bakı, 2010.

Ağamusa Hüseynov
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təlim-tədris şöbəsinin tədris proqramlarının sektorunun metodisti.

Oxunub: 1376

Əlavə olunub: 07.07.2020 06:31

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz