Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Dekorativ tətbiqi sənət

Azərbaycan  xalqının coxəsrlilik  tarixə  malik  mədəni  irsi  vardır. Onları  qorumaq, mənimsəmək, təbliğinə  və  təşviqinə  çalışmaq  hər  bir    vətəndaşın    borcudur.  Azərbaycan  mədəniyyətinin  dünyaya  inteqrasiyası  nəticəsində  tətbiqi  və  dekorativ  sənət  öz  inkişafının  yüksək  mərhələsinə  çatmışdır.Bu sənət  bizə  tarixi  keçmişimizin  köklərindən  xəbər  verən  ən  qiymətli  xəzinədir.   İnsanın məişətdə istifadə etdiyi əşyalar — qab-qacaq, mebel, parçalar, əmək alətləri, silah, geyim — zinət əşyalarıdır. Onların bəzədilməsi dekorativ-tətbiqi sənətnövünə aiddir. Bu sənətdə istənilən obyekt naxışa çevrilə bilər. 

Dekorativ-tətbiqi sənətin müxtəlif növləri mövcuddur: məsələn, mozaika (ala-bəzək saxsı parçalarından quraşdırılmış təsvir), oyma (ağac, daş, sümük üzərində oyularaq həkk olunmuş naxış), vitraj (şüşə üzərində çəkilmiş və ya şüşədən quraşdırılmış təsvir və ya naxış), şəbəkə (ağacdan və alabəzək şüşələrdən düzəldilmiş təsvir). Dekorativ tətbiqi sənətə el arasında “xalq sənəti” də deyilir. Bu sənətin xalçaşılıq, batika (kəlağayı),qobelen,dulusçuluq (keramika), toxuma və bədii tikmə, zərgərlik, bədii şüşə, bədii oyma (ağac,metal,daş,sümük üzərində oyma) və digər növləri vardır. Dekorativ  tətbiqi sənət həmçinin bədii sənətin müxtəlif növlərini əhatə edir. Onların arasında döymə sənəti və zərgərlik, metal üzərində işləmələr, agac, daş və sümük üzərində oyma naxış, xalçaçılıqhörmə sənəti, ornamental toxuculuq və basmanaxış, toxuma, bədii tikmələr və bir çox digərlərini göstərə bilərik.  Azərbaycan xalq  tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus  yer  tutur. 

Xalq sənətlərinin ən geniş yayılmış növü Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş xalça sənətidir. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edir.   Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Azərbaycan xalça sənəti öz yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir.. Xovsuz xalçaların, ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür: palas, cecim, ladı, kilim, şəddə, vərni, zili, sumax 

Azərbaycan xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və professional rəssamların yaradıcılığında müasir inkişafı Azərbaycanın xalq rəssamı Lətif Kərimovun (1906-1991) adı ilə bağlıdır. Şərq, o cümlədən Azərbaycan xalçası və dekorativ - tətbiqi sənətinin mahir bilicisi, görkəmli ornamentalist - rəssam, tədqiqatçı alim kimi tanınan L.Kərimov uzun illər Azərbaycan xalçalarını tədqiq etmiş,  Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirmiş, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaratmışdır. L.Kərimovun eskizləri əsasında toxunmuş "Əfşan" (1932), "Qonaqkənd" (1939), "Ləçəktürünc" (1952), "Şuşa" (1953), "Göygöl" (1958), "Qarabağ" (1960), "İslimi"  "Əcəmi" (1976) və s. ornamental və portret xalçalar ornament elementlərinin uyarlığı, kompozisiya bitkinliyi, rəsmlərinin zərifliyi və ifadəliliyi, zəngin koloritinə görə xalçaçılıq sənətinin qiymətli nümunələrindəndir. Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq 7 xalçaçılıq məktəbi: Quba, Bakı, yaxud Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ,Təbriz xalçaçılıq məktəbinə  bölünür. 

Azərbaycan xalqının qədim ənənələrə malik kəlağayı sənətinin  çağdaş varisi batikadır. Batika qədim sənət növü olub,kəlağayı mənasını verir. lağayı ipək sapdan toxunmuş dördkünc formalı qadın baş ortüyüdür. Azərbaycanın qərb zonasında buna “çarqat”da deyilir. Azərbaycanda kəlağayı istehsalınin  qədim tarixi vardır. Şəki və Basqal kəlağayıları sırasında “Şah buta”, “Saya buta”, “Xırda buta “çeşidlərindən daha çox istifadə olunub. “Heyratı”, “Soğanı”,   ”İstiotu”,  “Albuxarı”,  “Abi”, “Yeləni”  adlı əlvan kəlağayılar böyuk şöhrət qazanmışdır. 

     Qobelen hiss və duyğuların sənətidir, düşüncə tərzidir. Qobelen dünyada geniş yayılmış, Azərbaycanda isə qədim xalq mədəniyyətinə aid xalça sənətidir. Qobelenin hazırlanma texnikasının əsasını öncədən çəkilmiş eskiz, fikir,  ideya təşkil edir. 

         Qobelen xovsuz xalça növü olub, hazırda dekorativ sənət kimi tanınmaqdadır. Sənəti dekorativ edib, onu adi xalıdan fərqləndirən əsas cəhət isə qobelen üzərində insan duyğularının, hisslərinin cəmləşdiyi süjetli kompozisiyanın məna və məzmunla ipə-sapa koçürülməsidir. Qobelen sənəti ilə məşğul olan ilk növbədə yaradıcı rəssam olmalıdır. Rəssamın qobelen toxuması üçün ona ilk lazım olan avadanlıq, material düşüncə və xəyallarıdır. 

       Boyama üçün bitki mənşəli boyayıcılardan istifadə olunur. Azərbaycanın bədii tikmələrində ən çox işlədilən bitki motivləri qızılgül, nərgiz, qərənfil, lalə,  zanbaq, meyvə ağaclarının yarpaqları, nar, heyva, alça çiçəkləri elecə də sünbül və müxtəlif formalı yarpaqlardı. Bədii  tikmələrdə  əsasən  quşların təsvirinə  ustunluk  verilir. Bədii  tikmə  növündən  ən  geniş  yayılmış  forması  piləktikmədir. 

        Bədii şüşə dekorativ  əşyaların, vitrajların  interyerdə  oz  əksini  tapmasıdır. Təsviri sənətin qədim nümunələri  arasında  Mingəçevirdən, Şamaxıdan  tapılmış  müxtəlif  tipli və formalı  bədii  şüşə məmulatı  nümunələri  Azərbaycanda  şüşə  istehsalının  da  movcud  olduğunu  göstərir. 

Bədii  oyma  - dekorativ  sənətin  ən  qədim  və  ən  geniş  yayilmış  növlərindən  biridir. Daş, ağac, sümük  və  başqa  materiallar  üzərində  işlənir. Azərbaycanın  ən  qədim  yaşayış  məskənlərindən  olan  (Qobustan, Gəmiqaya və.s.) daş  üzərində oymaları  bədii  oyma  sənətinin  ilkin  nümunələri  kimi  göstərmək  olar. 

  Dekorativ-tətbiqi incəsənətin bir növü olan  bədii tikmələrin tarixi çox qədimdir. Azərbaycan tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Buraya müxtəlif növ sap, parça, muncuq, pilək və digər bədii materiallar daxildir. 

   Milli tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Buraya müxtəlif növ sap, parça, muncuq, pilək və digər bədii materiallar daxildir. Tikmə sənətində ən çox rəngli ipək saplardan istifadə olunmaqla yanaşı, qızıl və gümüş tellərdən, ağac qabığı və fil sümüyündən hazırlanmış lövhəciklərdən, metal piləklərdən, hətta qiymətli daş-qaşlardan da geniş istifadə edilirdi. 
Azərbaycan tikmələri işlənmə üsuluna görə bir çox növə bölünür: təkəlduz, güləbətin, saya, piləkli, cülmə, muncuqlu, qurama, oturtma. Təkəlduz orta əsrlərdə Şəki şəhərində geniş yayılmışdı və bu bu tikmə növündə naxışlar “gəzmə” və ya “doldurma” üsulu ilə salınırdı. Təkəlduzçular əsasən yerli və ya xaricdə istehsal olunan qırmızı, qara və tünd göy rəngli məxmər və mahuddan istifadə edirdilər. Təkəlduz sənətinin ilk nümunələrinə hələ Sasanilər dövründən rast gəlirik. Get-gedə o təkmilləşərək bir xalq sənəti kimi özünə yer tutur və məişətdə ən çox işlənən tikmə sənətinə çevrilir. Bu sənətin inkişafı yun, ipək kimi xammalın, həmçinin təbii rənglərin Azərbaycanda istehsal olunması ilə sıx bağlıdır. “Təkəlduz” hərfi mənada “təkəllə düz” mənasını verir. Avropa dillərində bu tikmə növünə “zəncirli naxış” deyilir.  
     Tikmə sənətinin geniş yayılmış növlərindən biri də güləbətindir.  Güləbətin əsasən qızılı və gümüşü saplardan istifadə edilməklə işlənilir. Güləbətin tikmə üçün yerlik adətən tirmə parçalardır. Azərbaycanın bir çox şəhərlərində, xüsusilə də Təbriz, Bakı, Şamaxı və Naxçıvanda bu sənət növü inkişaf etmişdir. Ən qiymətli güləbətin tikmələri Şamaxı sənətkarlarının tikmələri hesab edilir. Güləbətin adətən arxalıq, araqçın, çəpkən kimi bəzi geyimlərin, saatqabı, daraqqabı və başqa məişət əşyalarının üzərində işlənirdi.  Saya tikmələr üzərindəki bəzəklərinə görə bir-birindən fərqlənirlər; süjetli kompozisiyalı, nəbati və həndəsi ornamentli və s. Bunlardan biri muzeyin fondunda saxlanılan kiçik ölçülü saya dəsmaldır. Bu tikmə Mirzəyeva Peykər Mürsəl qızı tərəfindən 1958-59-cu illərdə tikilmişdir.  Milli İncəsənət Muzeyində piləkli tikmə növünə aid nümunələr də xüsusi yer tutur. Bu növ tikmələr əsasən böyük və kiçikölçülü taxça və pəncərələr üçün düzəldilmiş pərdələrin üzərində işlənirdi. Hazırda muzeyin ekspozisiyasında nümayiş etdirilən XIX əsrə aid (Şamaxı bölgəsi) piləkli pərdə belə nümunələrdəndir.   Muncuqlu tikmələrdə çox xırda və rəngli muncuqlardan istifadə edilir. Muncuqlar xüsusi saplarla düzülür, sonra isə pul kisəsinin, daraqqabının və s. kiçik torbaların üzərinə tikilib bərkidilir. Belə tikmə növünə biz görkəmli klassik şairə xanimimiz Xurşudbanu Natəvanın əl işlərindən    ona məxsus olan pul kisəsi nümunələrində rast gəlirik.   

 Tikmə elə bir sənət növüdür  ki, onunla həm sadə  camaat, həm də zəngin təbəqəyə məxsus insanlar məşğul olurdu. XIX əsrdə yaşamış Azərbaycan şairəsi Xan qızı Natəvan gözəl şeirlərlə  yanaşı, zərif tikmələrin də müəllifidir. Azərbaycan bədii tikmələrində ən çox  qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq, nar, heyva, alça çiçəkləri, sünbül, müxtəlif formalı yarpaqlar, və digər motivlərə yer verilirdi. Eyni zamanda bədii tikmələrdə aşağıdakı quşları: bülbül,  tovuz  quşu, göyərçin, tutu quşu, hophop (şanapipik), sərçə, qırqovul, bildirçin,  kəklik və digərlərini  təsvir  etməyi  sevirdilər. Bədii  tikmələrdə  tez -  tez rast  gəlinən  cüt  quş  təsvirləri  dekorativ – tətbiqi  incəsənət  məmulatlarında  ən  qədim və  sevilən  motivdir.   Bu gün də Azərbaycanda bədii tikmə məktəbi qorunub saxlanılır.  

              Təsviri  sənət  tarixində  ilk  dəfə  2007, 2009 , 2011 , 2013 və  2015 -ci  illərdə  İtaliyada  keçirilən  Ümumdünya təsviri  sənət  sərgisində  Azərbaycan  pavilyonu  təşkil  edilmiş ,  Azərbaycan  rəssamlarının əsərləri  nümayiş etdirilmişdi.  2009  və  2011 -ci  illərdə  ilk  dəfə  olaraq  Respublikanın  bütün  şəhər  və  rayonlarını  əhatə  edən  “Ümum Respublika  dekorativ  tətbiqi  sənət “ festivalı  keçirilmiş ,festivalın  yekun  sərgisi  Bakıda  təşkil  olunmuşdur.  Azərbaycan  Xalça  Muzeyində  2019 -cu ilin fevral  ayında  “Azərbaycanın mədəni  sərvəti” layihəsi  çərçivəsində  naxışlı  çətən  toxuma  texnologiyası  üzrə  mühazirə  və  ustad  dərsləri  keçirilib. Ustad   dərslərinin  keçirilməsində  məqsəd  unudulmaqda  olan  texnologiyaların  nəsildən - nəsilə  ötürülməsinə  şərait  yaratmaqdır. Dərslər  YUNESKO üzrə  Azərbaycan  Milli  Komissiyası  və  Xalça  Muzeyinin  birgə  təşkilatçılığı  ilə  reallaşmışdır. Parça  tikmə  və  milli  geyimlərin  bərpası  “Azərbaycanın  mədəni  sərvəti”  layihəsinin  bir  proqramıdır. Proqramın  məqsədi  bu  sahə  üzrə  yeni  kadrların  yetişdirilməsi  və  muzeydə  müasir,  beynəlxalq  standartlara  cavab  verən  bərpa  mərkəzinin  yaradılmasıdır.  

 Azərbaycanda dekorativ-tətbiqi sənət növlərinin istehsalı o qedər geniş vüsət tapmışdır ki, ölkəmizdə ilk dəfə olaraq yeni formalaşmış auksion ənənəsinin əsasının qoyulmasına səbəb olmuşdur. 

 Tövsiyə olunan ədəbiyyat siyahısı və internet resursları: 

 1.Tağıyev R.C  Azərbaycan dekorativ tətbiqi sənəti 

 Bakı, “Elm” 1986 

2.Əliyeva G. Azərbaycan bədii parça və tikmələri 

Bakı , “Elm” 1990 

3.Keримов Л.Г.»Азэрбайджанский ковер» Б.Гянджлик,1983 

4.Rasim Efendi.Azərbaycan Dekorativ Tətbiqi Sənətləri. Bakı.İşıq 1976 

  1. http://unec.edu.az/application/uploads/2018/12/Az-rbaycan-dekorativ-t-tbiqi-s-n-t-sah-l-rinin-kompozisiya-x-susiyy-tl-rinin-t-hlili.pdf
  2. http://portal.azertag.az/az/node/1281

Kəmalə Sürət qızı Şahverdiyeva  

Mədəniyyət üzrə Elmi-Metodiki və 

 İxtisasartırma Mərkəzinin metodisti 

Oxunub: 12781

Əlavə olunub: 08.04.2020 15:28

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz