Respublika Prezidentinin 18 fevral 2021-ci il tarixli Sərəncamına əsasən Göyçə aşıq mühitinin ən parlaq nümayəndəsi olan ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi məqsədi ilə 16 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Dədə Ələsgərdən miras qalan Aşıq sənəti” adlı onlayn beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Konfransda beynəlxalq alimlər və musiqişünaslar: Ahmet Yıldırım və Zikri Aliyar – Türkiyə Cumhuriyyəti Konya Mədəniyyət və Turizm Dərnəyinin üzvü, Türkiyə Aşıqlar Birliyinin üzvü Bilal Ersarı Karapapaq və Ali Rıza Özkan, elmlər doktoru (İran), İran - Azərbaycan Aşıqlar Birliyinin sədri Məhəmməd İbadi “Alışıq”, Pakistan Beynəlxalq İslam Universitetində köməkçi professor (Pakistan) Dr.Fareed Brohi, Gürcüstan - Azərbaycan Qadınlar Birliyinin mədəniyyət şöbəsinin rəhbəri (Gürcüstan) Nargilə Mehdiyeva, Qırğızıstan İslam Universitetinin Sosial elmlər fakultəsinin dekan vəkili, fəlsəfə və dini elmləri doktoru (Qırğızıstan) Dr.Ermamat Ergeshov, L.N.Gumilyov adına Eurazya Milli Universitetinin “Otırar kütüphanesi” Elmi araşdırma Mərkəzinin baş tədqiqatçısı (Qazaxıstan) Erkegül Arykkarkızı iştirak ediblər.
Ölkəmiz isə ADMİU-nin “Aşıq sənəti” kafedrasının baş müəllimi, Azərbaycan Aşıqlar Birliyinin sədr müavini Altay Məmmədov, Azərbaycan Milli Konservatoriyasının “saz” ixtisası üzrə müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mübariz Əliyev, Azərbaycan Aşıqlar Birliyinin Gəncəbasar bölgəsi üzrə sədr müavini İlqar Nəcəfov, Respublikamızda fəaliyyət göstərən uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin direktor və müəllim heyəti, Mərkəzin əməkdaşları ilə təmsil olunub.
Alim və mütəxəssislər öz çıxışlarında aşıq sənətini yaşatmaq, aşıq havalarının, dastanların toplanması, notlaşdırılması və tədqiqinin etnomusiqişünaslığın əsas vəzifələrindən biri olduğunu qeyd ediblər. Şifahi ənənəli professional janr hesab edilən aşıq sənəti folklor hadisəsidir və daima araşdırılmağa ehtiyac duyulur. Aşıq sənətində təsadüfi heç nə yoxdur və burada ən kiçik mifoloji hissələrdən tutmuş “Dədə Qorqud”, “Koroğlu” kimi nəhəng eposlara qədər hər şey müəyyən qanunauyğunluq və tarixi zərurət nəticəsində ortaya çıxmışdır.
Tədbirdə həmçinin, Azərbaycan ərazisində müxtəlif üslublu aşıq mühitlərinin mövcudluğu baxımından tarixi-coğrafi amillərin nəticəsi olaraq Gəncəbasar, Borçalı, Göyçə, Ağbaba-Çıldır, Dərələyəz, Təbriz, Urmiya, Şirvan kimi aşıq mühitlərinin meydana gəldiyi və Aşıq Ələsgərin irsi böyük xəzinəsi olduğunu vurğulandı. Konfrans zamanı iştirakçılar tərəfindən aşıq sənətinin gözəl nümünələri səsləndirilib.
Qeyd edək ki, tədbir Mərkəzin 2021-ci ilin ikinci yarımili üçün nəzərdə tutulmuş İş planına əsasən baş tutmuşdur.