Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Daş şəhərin tarixi...

Bu gecə qəribə bir yuxu gördüm. Daha doğrusu, gördüyümü yuxu ilə oyanıqlıq arasında ayıra bilmədim. Sıra ilə düzülmüş ağacların arasından keçirdim. Qəfil qəribə bir səs eşitdim. Sanki insan ayağı dəyməyən bu yerlərdə məni nəzərləri ilə buyur edən biri var idi. Səsindəki hıçqırıqlı ahəng cəlb etdi məni. Ayaq saxladım, ətrafa bir xeyli baxdım. Bu səsin ünvanını, məkanını öyrənmək istərcəsinə saydım dəqiqələrin sükut dolu axınını. Hər dəqiqədə 60 saniyə olduğunu bilirdim. Amma hər saniyənin bir əsrə bərabər olacağını qəti təsəvvür edə bilməzdim.

Məni bayaqdan müşayiət edən xəfif pıçıltı gah yaxınlaşır, gah da tamam kəsilirdi. Ağaclardan birinin köksünə cızılmış işarə çəkdi diqqətimi. Əlimi ona toxunduranda balaca yarığın olduğunu anladım. Bu bir oyuq idi. Oyuğunsa içərisində balaca bir düyünçə var idi. Saralmış parçanın içində kiçik bir kağız olduğunu gördüm. Kağızda solğun mürəkkəblə yazılmış sətirləri güclə seçdim.

“Qızım mən səni göz bəbəyim kimi qoruyub tikanlardan uzaq tutmaq istəmişdim. Amma bu gün o tikanlar ətrafımda çəpər oldu. Sənə ağ südümü, öyüdümü əmanət etmişdim. Əhdim də yarım qaldı, ümüdüm də. Bağışla, səni özümdən belə qoruyarkən yad nəfsləri səndən uzaq tuta bilmədim”

Hər sözü ox kimi bağrımı dələn sətirləri qavradıqdan sonra anladım hər şeyi. Gözümün qarşısında bəmbəyaz bir daş yığını canlandı. Qız isməti, gəlin həyası, ər qeyrəti daşıyan bu daşların ifadəsi də kinli idi sanki. Qəfil buz bulaqlı, yaşıl yamaclı bir meydana sataşdı gözüm. Gülləri belə bahara küsmüşdü sanki. Başımı göylərə qaldırdım. Buludlar da mənimlə tən olmaq üçün yerə qonaq gəlmişdi o an. Ovcumda bir islaqlıq hiss etdim. Bu yerlərə səfər edən buludun bir quş kimi qanad çalıb səmalara qalxdığını anladım. Düşündüm ki, buludu belə mənimlə tən olan bu yer vətəndir. Elə o an vücudumda gizilti hiss edib sıçradım. O seyrin hədiyyəsi olan iki damla göz yaşımı ovucumda sıxdım.

Bəli, hamımıza vətən olan o yerlərdən uzun illərdir ki, bizə qalan iki damla göz yaşıdır. Həsrət, nisgil dolu ümid. Getmədiyimiz, görmədiyimiz yerlərə röyalarda səyahət. Cəld yazı masasının arxasına keçib adını efirlərdən eşitdiyim, rəsimlərini isə jurnal və qazet səhifələrində gördüyüm bir şəhəri təsvir etmək istədim.

Şüşə kimi şəffaf olan Şuşamız. İllərin həsrətini daşıyırıq içimizdə sənə qarşı. Sən isə bəlkə də tənhalığın zülmət dolu kinini həbs etmisən içinə. Yuxuma qonaq olan Gəlin qayasının ən uca nöqtəsindən neçə ümüd, neçə xoş xatirəni atmısan sonsuzluğa. Görən neçə ağacının bağrında açılan dəliklərdə nakam talelərin sirri gizlənir. Çox qəribədir, insan ömrü kağız parçasından belə qısadır. İllərlə oyuqlarda gizlənən o məktubların belə dünya ilə etibarı daha qüvvətlidir? Bu gün o yerləri nənəsindən eşidən uşaqlarda hansı duyğular yaranır görəsən? Radionun düyməsini basdım. Efirdə Xan Şuşinskinin ifası eşidilirdi. Diktor isə “Azərbaycanın musiqi beşiyi, canlı konservatoriyası olan Şuşanın işğalından 28 il ötür” söyləyirdi. Tələffüzü asan, yaşanması isə çox çətin olan illər. Azərbaycanın sənət xəzinəsi, düşmən tapdağında olsa belə əbədiyyən yaşayan əfsanəsi. Kimlər yetişməyib ki, o torpaqda? Ağlı, zəkasıyla xarici qonaqları belə mat qoyan Xan qızının ayaq izləri var o diyarda. Bayat, Şahbulağı, Pənahabad və daha neçə ölümsüz adları tarixə çevirən Şuşa. Bu gün qaçqınların yurd həsrətinə, atılmış körpələrin naləsinə şahiddir. Bir zamanlar İsa bulağına enən yaşılbaş sonaların yolunu cəllad pusquları dağıdıb. Amma bir həqiqət var - bu dərd və həsrət təkcə şuşalıların deyil, hamımızındır. Bizim o sonalarla təkrar görüşümüz də olacaq, Cıdır düzündə gəzintimiz də. Əsas olan bu deyil. Daha doğrusu, mənim toxunmaq istədiyim məsələ həsrətin, ayrılığın bir tarixə sığdırılmasıdır. Bu düzgün deyil desək də, hər birimiz gündəlik həyat qayğılarımızda əlamətdarlıqlardan uzaq düşürük çox vaxt. Axı gələcək nəsillərin vətən sevgisənə cavabdeh olan kəslər bizlərik.

Yazı masasının arxasında qurduğum xəyalları divar saatının kəfkirinin zərbələri dağıtdı. Qəfil qulağımda yuxuma girən pıçıltı canlandı:

“Mən  tariximi daş qəsrdə qoruyan şəhərin səsiyəm” .

Rəfiqə NƏSİROVA

Mədəniyyət Üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşı

Oxunub: 612

Əlavə olunub: 08.05.2020 10:51

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz