Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Cümhuriyyət fədaisi - Fətəli Xan Xoyski

Azərbaycan Xalq Cümhuriyyəti az bir müddət yaşayıb. Ancaq o, XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olub və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoyub. Məhz buna görə də Azərbaycanın bütün vətəndaşları, biz, Azərbaycan Xalq Cümhuriyyətini yaradanları, o dövrdə qəhrəmanlıq nümunələri göstərən insanları böyük minnətdarlıq hissi ilə yad edirik.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi, xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu.

Heydər Əliyev

Torpağı vətən anlamına gətirən, insanı insanlıq, vətəndaşlıq, qəhrəmanlıq və şəhidlik mərtəbəsinə ucaldan, toplumu millət zirvəsinə çatdıran, insanlarda milli ruh yaradan bir sıra dəyərlər var. Uca millətimizin qədim və möhtəşəm qəhrəmanlıq tarixini taclandıran, şahlandıran və dəyərləri qoruyanlar isə fatehlərdir. Millətlərin tarixi gözdən keçirilsə, demək olar, insanlıq tarixinin bütün mərhələlərində hər bir millətin yetişdirdiyi kamil, bəsirətli, təmiz əxlaqlı, milli ruhlu şəxsiyyətlər, qəhrəmanlar olub ki, onlar vətən sevgisini dünya işlərinin hamısından üstün tutmuş və bu yolda canlarını belə, qurban vermişlər. Milli ruhun fədailəri, qəhrəmanları üzərlərindəki tarixi məsuliyyəti anladıqları üçün şanlı vəzifələrini şərəflə yerinə yetirər, vətənin istiqbalı uğrunda canlarını fəda etməyə hazır olarlar.

Ölkəmiz vətənpərvərlik hissinin çox güclü olduğu məkanlardandır. Hətta deyərdim ki, xalqım vətən sevgisi iyerarxiyasının ən uca pilləsində dayanıb. Bu, tarixən də belə olub, bu gün də belədir.Vətəninə, xalqına sevgi bəsləyən, azadlıq uğrunda mübarizəni, ölkəsinin müstəqilliyini öncə düşünən mərd oğullar tarixin bütün dönəmində olduğu kimi, Cümhuriyyət dövründə də olmuşdur.

1918-ci il 28 may tarixi əsrlərdən gələn milli duyğunun, milli qeyrətin - azadlıq ruhunun zamanları aşıb zirvələşdiyi, coşub-daşdığı bir dövrdü və bu dövr varlıq tariximizin silinməz yaddaş lövhəsi, millətin böyük salnaməsi, müstəqilliyimizin anasıdır. Azərbaycan xalqı zaman-zaman müstəqillik uğrunda mübarizə aparmış və nəhayət, 1918-ci il may ayının 28-də türk müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdı. Həmin tarixdə Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycanın ilk Parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddət ərzində yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin yaradan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı.

Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birilərinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Cümhuriyyət dövründə ölkənin bütün sahələrində köklü dəyişikliklər başladı. Yeni hökumət milli iqtisadiyyat quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirdi. Eyni zamanda, sosial sahələrdə milliləşmə prinsipinə əsaslanaraq mədəni quruculuq, təhsil sisteminin yenidən formalaşdırılması istiqamətində mühüm yeniliklər həyata keçirildi. Fəal xarici siyasət yeridilməyə başladı. Məhz Azərbaycan Cümhuriyyəti Şərqin ilk demokratik dövləti olaraq ABŞ-dan xeyli əvvəl qadınlara seçmək və seçilmək hüququ vermişdir.

Cümhuriyyətin ilk günlərindən dövlət rəmzlərinin qəbulundan mürəkkəb dövlət vəzifələrinin yerinə yetirilməsinədək çoxşaxəli idarəçilik prosesində təməl addımlar atılır, milli hakimiyyətin bünövrəsi qoyulurdu. Azərbaycan Parlamenti 1918-ci il dekabrın 7-də təntənəli açılışla işə başlamış və 17 ay fəaliyyət göstərmişdir. Azərbaycanda parlament demokratiyası, etikası ənənəsi zəngin təcrübəyə çevrildi. Cümhuriyyətin qurucularından olan M.Ə.Rəsulzadə deyirdi: “Millət məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Orada hakim olacaq vasitə- vəzifə yox idi. Parlament hakimi-mütləq idi”.

Ulu öndər Heydər Əliyevin vurğuladığı kimi, Azərbaycanın bütün vətəndaşları Azərbaycan Xalq Cümhuriyyətini yaradanları, o dövrdə qəhrəmanlıq nümunələri göstərən insanları böyük minnətdarlıq və sevgi hissi ilə daima yad edir. Çünki onlar vətənin müstəqilliyi və dövlətçilik uğrunda canlarından belə, keçmişlər. Azərbaycan xalqının milli oyanışında, milli özünüdərkində böyük xidmətləri olmuş fədailərin əksəriyyəti Rusiyanın və Avropanın ali məktəblərində təhsil almış milli ruhlu ziyalılar idi. Onlar əcnəbi ölkələrdə qazandıqları təcrübəni vətənimizin mənafeyi naminə ölkələrinə tətbiq etmişlər. Xalqı üçün böyük uğurlara imza atmış, bilik və təcrübəsini, hətta canını belə Azərbaycanın müstəqilliyi, azadlığı üçün fəda etmiş belə şəxsiyyətlərdən biri Fətəli Xan Xoyskidir.

Fətəli Xan Xoyski ilk dəfə olaraq Azərbaycan Xalq Cumhuriyyətinin hökumətini formalaşdırıb. İlk dəfə olaraq o, Azərbaycanda ali təhsil ocağının yaranmasının vacibliyini qeyd edib. Və Azərbaycan təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetinin təşəbbüskarıdır. Ən nəhayət, məhz o, Azərbaycanda baş nazir idarə formasının əsasını qoyub və Azərbaycanın ilk baş naziri kimi tarixə düşüb.

İstiqlal mücahidlərindən Əlimərdan Bəy Topçubaşovu, Nəsib Bəy Yusifbəylini və Fətəli Xan Xoyskini əbəs yerə “Azərbaycan triumviratı” adlandırmırlar. “Triumvira” sözü lüğəti mənasına görə, iki anlam daşıyır: qədim Romada dövlətin üç şəxs tərəfindən idarə edilməsi və birgə hərəkət etmək üçün üç şəxs arasında siyasi uzlaşmanın mövcud olması. Doğrudan da bu ifadəni hər iki anlamda, hər üç dahi şəxsiyyətə şamil etmək olar.

Keçmiş xan nəslindən olan Fətəli 1875-ci il dekabr ayının 7-də Şəkidə doğulmuşdu. Lakin əslən Cənubi Azərbaycanın Xoy şəhərindən idi. Həmin dövrün kübar təbəqəsinə mənsub olduğundan yaxşı təhsil ala bilmışdı. Öncə klassik gimnaziyada oxumuş, sonradan isə Moskva Universitetində professional hüquq təhsili almışdır.

Fətəli Xan Xoyskinin bioqrafiyasını məzmununa görə iki mərhələyə bölmək olar. Milli istiqlal hərəkatında iştirakına qədərki dövr və bu hərəkatda iştirakı dövrü.

Xidməti fəaliyyətinə Tiflis məhkəmə palatasında başlayan Fətəli Xan Xoyski 1907-ci ildə dörd azərbaycanlı ilə bərabər Rusiya Dövlət Dumasına deputat seçilir. Dumada insanlara milli və dini mənsubiyyətə görə məhdudiyyət qoyulması prinsiplərinin ləğvinə dair qanun layihəsini təqdim edən 173 deputatdan biri olur. Onun deputatlığı cəmi dörd ay çəkir. 1907-ci ilin dekabrında Dövlət Dumasına deputat seçilən Fətəli Xan 1908-ci ilin iyun ayında çar II Nikolayın Dumanı buraxması ilə bu missiyasını başa vuraraq peşəkar fəaliyyətinə qayıdır. Əvvəlcə Yelizavetpol (Gəncə), daha sonra Bakı dairə məhkəmələrində işləyir. Eyni zamanda, bir sıra xeyriyyə təşkilatlarında ictimai fəaliyyətlə məşğul olur.

Fətəli xanın Bakı həyatı 1913-cü ildən başlayır. Şəhərin ictimai həyatında, xeyriyyə cəmiyyətlərinin işində fəallığı ilə qısa müddət ərzində onun sosial statusu müəyyənləşdirilir. Göstərdiyi xidmətlərə görə 1917-ci ildə Bakı Müsəlman Milli Şurası müvvəqqəti icraiyyə komitəsinin üzvü seçilir. Fətəli Xanın bioqrafiyasında ən parlaq səhifələrdən biri onun Bakı şəhər Dumasının sədri seçilməsi olur.

1917-ci ildə Rusiyada oktyabr çevrilişi baş verəndə bunu qəbul etməyən Fətəli Xan Xoyski Tiflisə gedir və Zaqafqaziya seyminin azərbaycanlılardan ibarət fraksiyasına daxil olur. 1918-ci il aprelin 22-də Zaqafqaziya hökumətində ədliyyə naziri vəzifəsini tutur və siyasi fəaliyyətinin ən parlaq məqamları bu dövrü əhatə edir.

O dövrdə hadisələr çox sürətlə cərəyan edirdi. Zaqafqaziya seymi ömrünü çox tez başa vurur. 1918-ci il mayın 27-də tərkibinə Fətəli Xanın da daxil olduğu Azərbaycan fraksiyası Azərbaycan Milli Şurasını yaradır. Şuranın bir gün sonra – mayın 28-də keçirilən ilk iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı və Azərbaycanın istiqlalı Tiflisdə elan olunur. Milli Şura ilk müstəqil hökumət təşkil etmək vəzifəsini vətəninə və xalqına xidməti özünün müqəddəs amalı sayan Fətəli Xan Xoyskiyə həvalə etdi. O, birinci hökumət kabinəsində həm Nazirlər Şurasının sədri, həm də daxili işlər naziri vəzifəsini daşıyırdı. Azərbaycan hökuməti iyunun 16-da Tiflisdən Gəncəyə köçdükdən sonra hökumət baş nazirin ata mülkündə yerləşmişdi. Hökumətin Gəncədə yerləşdiyi dövrdə hərbi nazirlik təsis edilmiş, Milli Orduya çağırış elan olunmuş, gömrükxana xidməti təsis edilmiş, bütün ibtidai təhsil ocaqlarında tədrisin hökmən türk (Azərbaycan) dilində aparılması qərara alınmışdı. Fətəli Xan hökumət başçısı kimi dövlət quruculuğu ilə bağlı heç bir məsələni diqqətdən kənar qoymasa da, bütün qüvvələri bir nömrəli vəzifə kimi Bakının azad edilməsinə səfərbər etmişdir.

Azərbaycan dövlətçiliyinin müqəddəratı ilə bağlı strateji qərarların qəbul edilməsində Fətəli Xan prinsipial mövqe tutmuşdur. Yeganə beynəlxalq müttəfiq olan Osmanlı dövləti ilə son dərəcə sıx münasibətlərdə, taleyüklü məsələlərdə Osmanlının nicat yeri olmasına baxmayaraq, türk komandanlığının Azərbaycanın daxili işlərinə qarışmasına etirazını bildirmiş, dövlətin müstəqilliyini qorumağı prioritet vəzifə hesab etmişdir.

Azərbaycan-türk qoşunları 1918-ci il sentyabrın 15-də Bakını erməni-rus işğalından azad etdikdən sonra hökumət paytaxta köçdü. Şəhərin azad edilməsi münasibətilə keçirilən təntənəli yığıncaqda Fətəli Xan Xoyski demişdi: “Bizim də həyatda yaşamaq, bizim də azad yaşamaq hüququmuz vardır. Heç bir zirehli maşın, hidroplan, aeroplan, məftilli çəpər, mina və sairə texniki qurğu, heç bır ingilis, heç bir qüvvə və onların havadarları tarixin təbii axarına mane ola bilmədilər. Bakının 50 minlik qoşun və texnika ilə birlikdə kiçik bir qüvvənin həmləsi qarşısında süqutu başqasının fəlakəti üzərində öz xoşbəxtliyini qurmaq istəyənlərə ibrət dərsi olmalıdır”.

Fətəli Xan düzgün xarici siyasət yeridərək Azərbaycanın müstəqilliyinin tanınması üçün dünya dövlətlərinə müraciət edilirdi. Müstəqilliyə qovuşmuş Azərbaycanın tarixində ən əlamətdar hadisələrdən biri onun ilk parlamentinin çağırılması idi. Xan Xoyski 1918-ci il dekabrın 7-də çağırılan parlamentin ilk iclasında demişdi: “Bu gün öylə böyük, əziz və mübarək gündür ki, bunu biz azərbaycanlılar yuxumuzda da görməzdik. Bu gün o gündür ki, milli müqəddəratımızı öz əlimizə almışıq. Hökumət məni vəkil etmişdir ki, bu bayram münasibətilə sizi təbrik edim”.

1918-ci il dekabrın 22-də üçüncü hökumət kabinəsi təşkil edilir. F.Xoyski bu kabinədə baş nazir və xarici işlər naziri vəzifəsini tutur. O, parlament qarşısında dövlətin müdafiə gücünün artırılması ilə bağlı tez-tez tələblər qoyurdu. Məhz onun tələbi ilə 1919-cu il üçün hərbi nazirliyə ümumi büdcənin altıda biri qədər vəsait ayrılmışdı. Lakin parlamentdə fraksiyalar arasında gedən çəkişmələr hökumətin işini iflic edirdi. 1919-cu ilin martında Fətəli xan Xoyski hökuməti istefa verir. Nəsib bəy Yusifbəyli aprelin 14-də dördüncü kabinəni təşkil edir. 1919-cu il dekabrın 22-də parlamentin iclasında beşinci və sonuncu hökumətin tərkibi təsdiq edilir. Nəsib bəy Yusifbəylinin sədri olduğu hökumətdə Fətəli Xan Xoyski xarici işlər naziri vəzifəsini tutur. Xoyskinin bu vəzifədə fəaliyyəti Azərbaycan dövlətçiliyinin müdafiəsi baxımından şərəfli tarixə malikdir. Elə bu dövrdə Paris Sülh konfransı Azərbaycanın müstəqilliyini tanıdı. Bu ətrafda parlamentdə məlumat verərkən o demişdir: “Özümü artıq dərəcədə xoşbəxt hesab edirəm ki, istiqlaliyyətimizi elan edən zaman hökumət başında mən idim və indi də təsdiqini sizə mən elan edirəm”.

Müstəqilliyi böyük dövlətlər tərəfindən tanınmış Azərbaycan Xalq Cünhuriyyətinin beynəlxalq münasibətlər sistemində iştirakı Sovet Rusiyasının birbaşa müdaxiləsi ilə sona çatdı. Rusiyanın xarici işlər naziri Çiçerin ardı-arası kəsilmədən təhdid dolu məktublar göndərirdi. Xan Xoyskinin cavab məktubları heç bir nəticə vermədi. Bolşeviklər 1920-ci il aprelin 28-də Azərbaycanın istiqlalına son qoydular. Cümhuriyyət qurucularının əksəriyyəti ölkəni tərk etmək məcburiyyətində qaldılar. Fətəli Xan Xoyski Tiflisdə qərar tutmuşdu. Lakin erməni terrorçuları onu izləyirdilər. Həmin il iyunun 19-da Fətəli Xan məsləkdaşı Xəlil bəy Xasməmmədovla Tiflisdə indiki Opera Teatrı binasının yanından keçərkən erməni terrorçuları tərəfindən atəşə tutulurlar. Fətəli Xan həlak olur, Xəlil bəy Xasməmmədov isə yaralanır. Fətəli Xan Xoyski Tiflisdə Mirzə Fətəli Axundovun məzarının yanında dəfn edilir. Düz bir ay sonra parlament sədrinin müavini Həsən bəy Ağayev də Tiflisdə erməni terrorunun qurbanı olur. Onu dostu Fətəli Xanın yanında dəfn edirlər.

Fətəli Xan çox qısa, 44 ildən bir qədər çox ömür yaşadı. Ömrü qısa olsa da, gördüyü böyük işlərlə adını Azərbaycanın müstəqillik tarixinə əbədi həkk edə bildi. Azərbaycan istiqlalının işğaldan sonrakı ilk şəhidlərindən olan Fətəli Xan Xoyskinin adı Azərbaycan dövlətçiliyi tarixinə əbədiyyən həkk olunmuşdur.
Ümummilli lider, siyasi xadim Heydər Əliyev öz çıxışlarından birində deyirdi: “Bu gün – 28 May Respublika Günündə biz Azərbaycanda ilk Demokratik Respublikanın qurulmasında və fəaliyyətində göstərdiyi xidmətlərinə görə M.Ə.Rəsulzadəyə, Ə.Topçubaşova, F.Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların xatirəsi bizim üçün həmişə əziz olacaq və qəlbimizdə daim yaşayacaqdır”.

Cümhuriyyətin qurucularından olan M.Ə.Rəsulzadə deyirdi. “Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz, vətəndaşlar...”

Doğrudan da milli dövlət süqut etsə də, milli məfkurə, milli dövlətçilik duyğuları qəlblərdən silinmədi. Milli yaddaş məhv olmadı. XX yüzilin sonlarında Azərbaycan dövləti yenidən istiqlala qovuşdu. Cümhuriyyət ənənələrinə sadiqliyi sübut etdi.

Gözəlim Cümhuriyyət,
Od püskürən, od saçan
Bir diyarda doğuldu.
Dünya xəritəsinə
“Azərbaycan” adında
Dövlət möhürü vurdu!

Nəzakət Rəhmanova,
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Təlim-tədris şöbəsinin müdiri

Oxunub: 744

Əlavə olunub: 28.05.2020 06:43

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz