Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

"Bir abidə - bir könüllü" - Gəncə "İmamzadə"

Zəngin və çoxəsrlik tarixə malik Gəncənin ən qədim dini-tarixi abidələrindən olan İmamzadə ziyarətgahı Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan dini memarlıq kompleksidir. Bu müqəddəs ziyarətgah müasir Gəncə şəhərindən 7 kilometr aralıda qədim Gəncə ərazisində, Gəncəçayın sağ sahilində yerləşir. İmamzadə və yaxud “Göy İmam” Məhəmməd peyğəmbərin nəticəsi, beşinci İmam Məhəmməd Bağırın və Ümmü Həkim Səqəfinin oğlu İbrahimin dəfn olunduğu yerə deyilir. Elə İmamzadə sözünün mənşəyi də İmam oğlunun dəfn edildiyi məkan mənasını ifadə edir.

Gəncə İmamzadə türbəsinin yerində ilk tikilinin inşa olunması tarixi bizim eranın VIII əsrinə təsadüf edir. Türbənin əsas kitabəsində Gəncə imamzadəsinin inşa olunma tarixi, burada dəfn edilmiş peyğəmbər nəslinin nümayəndəsi, beşinci şiə imamı Məhəmməd Bağırın oğlu mövlana İbrahim haqqında faktlar öz əksini tapmışdır.

İmamzadə kompleksinin giriş hissəsində yerləşən digər epiqrafik kitabədə qəbir gübəzinin 1879-cu ildə görkəmli hərbi xadim, Tiflisdən olan general-mayor İsrafil bəy Yadigarzadə tərəfindən özünün şəxsi təşəbbüsü və maddi vəsaiti hesabına bərpa etdirilməsi haqqında məlumat verilir. Kompleksin əsas tərkib hissəsi türbə binası və qəbiristanlıqdan ibarətdir. Bununla yanaşı, əsas türbə günbəzi ilə bərabər ətrafda daha yeddi günbəzin, məscidin, karvansara tipli evlərin, abidəyə giriş darvazası üzərindəki günbəzin (sayca doqquzuncu günbəz), ornamentləri və kitabələri olan başdaşılarının, sərdabə-türbə tipli qəbirüstü abidələrin, hovuz və digər yardımçı tikililərin mövcudluğu Gəncə imamzadəsinin memarlıq quruluşunu formalaşdırır.

Türbənin inşasında qırmızı kərpicdən istifadə olunmuş, Arran memarlıq məktəbi üçün səciyyəvi olan cəhətlər tətbiq edilmişdir. Mərkəzi günbəzin sağ və sol tərəfində yerləşən kiçik günbəzli hücrələr isə daha sonrakı dövrdə – ehtimal ki, XIII–XIV əsrlərdə abidəyə əlavə edilmişdir. Həmin hücrələrin hər birincə ağ və mavi şirli kaşı ilə işlənmiş nəfis mehrablar vardır. Xalqımızın qəhrəman övladı Gəncə xanı Cavad xanın hakimiyyəti dövründə (1786–1804) türbədə əsaslı təmir işləri aparılmış, görülən işlərə saray memarı Kərbəlayi Sadıq rəhbərlik etmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən 2010–2016-cı illərdə İmamzadə dini-mədəniyyət kompeksində əsaslı yenidənqurma və restavrasiya işləri aparılmışdır.

 

Oxunub: 462

Əlavə olunub: 02.12.2021 11:51

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz