Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

"Bir abidə - bir könüllü"- Comərd Qəssab türbəsi

Özünə məxsus memarlıq üslubu ilə fərqlənən Gəncə abidələri xalqımızın uzaq və hələ tədqiq edilməmiş keçmişinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Belə abidələrimizdən biri də Comərd Qəssab türbəsidir.
 
Comərd Qəssab türbəsi VIII-IX bəzi mənbələrdə isə VII əsrin 30-40-cı illərinə aid edilir. Comərd Qəssab haqqında tarixi mənbələrdə heç bir məlumat yoxdur. Onun haqqında rəvayətlər ancaq dildən dilə dolanaraq gəlib bu günümüzə çıxmışdır. Rəvayətlərdən birinə görə Comərd Qəssab VII əsrdə yaşamış bir qəssab olmuşdur. Onun əsl adı haqqında mənbələrdə məlumat yoxdur. Bəzi mənbələrdə isə onun adının Əlyar olduğu göstərilir.
 
Rəvayətlərdən birinə görə Comərd Qəssab əti satarkən tərəzidən istifadə etməzmiş. Əti elə bölərmiş ki, nə artıq olarmış nə əksik. Və əti alıb evə gedən sakinlər əti evdə tərəziyə qoyanda bir misqal belə əksik olmadığını görüb heyrətə gələrmiş. Comərd Qəssabın belə doğruluğuna və düzgünlüyünə görə ona Comərd adı verilib.
 
Digər bir rəvayətə görə isə hələ imam Əli xəlifə olmamış Comərd Qəssab karvanla Ərəbistana gedir orada İslam dinini qəbul edir və qayıdanda Gəncədə İslam dininin yayılması ilə məşğul olmuşdur. O vaxtı Comərd Qəssabın karvanla Ərəbistana getməsi Gəncə şəhərinin ticari cəhətdən inkişaf etmiş şəhər olduğunu göstərirdi.
 
O vaxtlar Gəncədə Əxi cəmiyyəti olub. Və deyilənlərə görə Comərd Qəssab həmin cəmiyyətin rəhbərlərindən olub. Əxi ərəbcədən tərcümədə cəsur qardaş deməkdir. Və bu cəmiyyətin üzvləri, həmin insanlar Allahın verdiyi nemətlərin insanlar arasında bərabər bölünməsinin tərəfdarı idi.
Comərd Qəssab türbəsi 1940-cı ildə görkəmli arxeoloq İsaq Cəfərzadə tərəfindən aşkar edilib. Comərd Qəssabın qəbri Gəncə çayının sağ sahilində İmamzadə Kompleksinin cənub istiqamətindən 1500 m aralıda yerləşir.
 
Türbənin tikintisi zamanı bişmiş qırmızı kərpic və əhəng məhlulu qarışımından istifadə olunmuşdur. Türbə planda səkkizgüşəli formaya malikdir. Səkkizgüşənin küncləri həm daxildən, həm də xaricdən çıxıntılarla işlənmişdir. Xaricdən ikiqatlı çıxıntılıdır.
 
Comərd Qəssab türbəsi 1139-cü ildə zəlzələ nəticəsində və düşmənlərin şəhərə hücumu zamanı dağıntılara məruz qalmışdır.
 
2004-cü ildə Heydər Əliyev Fondu tərəfindən Comərd Qəssabın qəbri üstə yenidən köhnə türbənin oxşarı kimi türbə ucalmışdır.
 

Oxunub: 654

Əlavə olunub: 14.11.2021 14:00

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz