Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Aşıq sənəti ümumtürk abidəsi olan “Dədə Qorqud”da

 Aşıq sənəti ümumtürk abidəsi olan “Dədə Qorqud”da

Azərbaycan növbəti dəfə “Dədə Qorquda” ev sahibliyi etdi. Belə ki, cari ilin 2 iyul  tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Zoom” proqramı vasitəsilə “Dədə Qorquddan qalan miras - Aşıq sənəti” adlı Elmi-praktiki Beynəlxalq video-konfrans təşkil edilmişdir. Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, İran və Qırğızıstandan olan saz-söz dünyasının elm adamları öz dəyərli fikirləri ilə iştirak etmişlər.

Aşıq sənəti əsrlərin qaynağından bizə miras gəlib çatmış sinkretik sənət olaraq özündə ifaçı - improvizator, xanəndə, aktyor, rəqqas, şair, məzhəkəçi, natiq və başqa bu kimi keyfiyyətləri birləşdirən aşıqlıq, yerinə yetirdiyi funksiyaların çoxluğu və biri-biri ilə əlaqəliliyi baxımından böyük incəsənət kompleksini xatırladan bir unikal tarixi-kulturoloji hadisədir. Aşıq oxuduğu zaman özü saz ifa edir və bu musiqinin ritm, harmoniya ölçülərinə uyğun şəkildə mahnı oxuyur, şeir söyləyir. Eyni zamanda elə həmin ritm və harmoniya ölçüləri ilə uzlaşan tərzdə rəqs eləyir, ifa etdiyi musiqinin ahənginə uyğun müəyyən xoreoqrafik hərəkətlər göstərir. Bu isə təbii olaraq onu göstərir ki, aşıq sənətinin sinkretik mahiyyətində teatral keyfiyyət, aktyor oyununa məxsus incəliklər mühüm əhəmiyyət kəsb edir.

Məlum olduğu kimi, Azərbaycan etnomusiqişünaslığının əsas vəzifələrindən biri isə aşıq sənətini yaşatmaq,  aşıq havalarının, dastanların toplanması, notlaşdırılması və tədqiqindən ibarətdir. Şifahi ənənəli professional janr hesab edilən Aşıq yaradıcılığı təpədən dırnağa folklor hadisəsidir və araşdırılmağa daima ehtiyac duyulur. Folklor isə öz səciyyəsinə görə elə bir mədəniyyət hadisəsidir ki, onun tərkibində təsadüf olan heç nə yoxudr. Burada ən kiçik mifoloji hissəcikdən tutmuş “Dədə Qorqud”, “Koroğlu” kimi nəhəng eposlara qədər hər bir şey müəyyən qanunauyğunluq və tarixi zərurət nəticəsində ortaya çıxmışdır

Azərbaycan ərazisində isə müxtəlif üslublu aşıq mühitlərinin mövcudluğunu baxımından tarixi-coğrafi amillərin nəticəsi olaraq Azərbaycanda Gəncəbasar, Borçalı, Göyçə, Ağbaba-Çıldır, Dərələyəz, Təbriz, Urmiya, Şirvan  kimi aşıq mühitləri  meydana gəlmişdir. Bu baxımdan “Dədə Qorquddan qalan miras - aşıq sənəti” adlı Beynəlxalq Elmi-praktiki konfrans olduqca mühüm əhəmiyyət kəsb edir. Konfrans çərçivəsində aşıq sənətinin gənclər arasında populyarlaşdırılma yolları, birgə layihələr və dünyada mövcud nəzəri yanaşmalar ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

“Ünlü Kars aşığı: aşıq Şenlik Baba haqqında

Məruzəçilər “Azərbaycan aşıq sənətində Şirvan mühitinə dair”, “Qarabağ aşıq mühitinin özəllikləri”, “Qırğız Türklərinin fəlsəfə geneleğinde Komuz aletinin yeri ve önemi”, “Təbriz-Qaradağ aşıq mühitinin ustad-şagird ənənəsi”, “Kazakistandakı aşıklar atışmasının türləri”, “Ünlü Kars aşığı: aşıq Şenlik Baba haqqında”, “Sulduz aşıq mühiti haqqında” və s. mövzularla çıxış etmişdir. Xatırlatmaq istərdik ki, Azərbaycan, Türkiya və Qazaxıstanın birgə təqdimatına əsasən  “Dədə Qoruqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” faylı 2018-ci ildə Türk dünyasının mədəniyyət nümunəsi kimi YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Sözügedən türk folklor abidəsinin din, əxlaq, məişət, fəlsəfə və sair təzahür formalarından danışan məruzəçilər gələcəkdə tədqiqat potensialların səfərbər olmasına dair razılığa da gəlmişdilər. Belə ki, Mərkəzin direktoru Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin türk inteqrasiya məsələlərinə ayırdığı xüsusi diqqətini yada salaraq türk dünyasının alim və sənət adamların türk birliyinin qorunması və yaşadılması üçün birgə layihələrin reallaşması zərurətini vurğulamışdır.

Xatırlatmaq istərdik ki, mövcud istiqamətdə Mərkəz tərəfindən artıq bir neçə yerli və beynəlxalq layihələr reallaşdırılmışdır. Belə ki, AMEA-nın Folklor İnstitutu ilə əməkdaşlıq çərçivəsində təşkil olunmuş bir sıra seminar və konfranslar sırasında Gədəbəy rayonunda keçirilən Aşıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni İrs siyahısına daxil edilməsinin 10 illiyi münasibəti ilə “Aşıq səntinin fəlsəfəsi: müasirlik və ənənələr” mövzusunda konfransı xüsusi olaraq qeyd etmək istərdik.   

Konfransın sonunda iştirakçılar tərəfindən türk xalqların qeyri-rəsmi himni sayılan “Anayurt marşı” ifa edilmiş və iştirakçılar adından Beynəlxalq Türk Akademiyasına müraciət ünvanlanmışdır. Tədbirin yekununda iştirakçılara elektron sertifikatlar da təqdim etmişdir.

 

Oxunub: 656

Əlavə olunub: 02.07.2020 14:17

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz