Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində (MEMİM) nazirliyin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində tədrisi nəzərdə tutulan yeni ixtisaslar üzrə tədris proqramlarının müzakirəsi ilə bağlı görüşlər keçirilib.
İncəsənət məktəb və mərkəzləri üçün hazırlanmış qrafik dizayn, geyim üzrə dizayn, bədii keramika, xalçaçı rəssam, rəqəmsal musiqi, səs rejissorluğu, aranjiman ixtisaslarını, həmçinin miksinq və masterinq fənnini əhatə edən proqramlar müvafiq sahələr üzrə dəvət olunmuş mütəxəssislər, habelə təcrübəli müəllimlər tərəfindən müzakirə edilib.
Görüşlər zamanı mütəxəssislər tərəfindən hər bir ixtisas üzrə tədris proqramlarının məzmununun müasir tələblərə uyğunlaşdırılması, beynəlxalq təcrübənin nəzərə alınması və praktik bacarıqların gücləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb. Xüsusilə rəqəmsal texnologiyaların incəsənət təhsilində rolu, yaradıcı yanaşmanın inkişafı və təhsilalanların əmək bazarına daha hazırlıqlı çıxışının təmin edilməsi əsas müzakirə mövzularından olub.
Vurğulanıb ki, bu sahədə həyata keçirilən islahatlar incəsənət təhsilinin keyfiyyətinin yüksəldilməsinə, müasir çağırışlara cavab verən ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə olacaq.
Oxunub: 390
Əlavə olunub: 08.05.2026 08:25