Logo

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Haqqımızda

2019-12-18 15:20:04

Tarix

 

XX əsrin ikinci yarısından etibarən mədəniyyət sahəsində, xüsusilə incəsənət təhsili üzrə metodiki fəaliyyətin təşkili, tədris prosesinin təkmilləşdirilməsi və peşəkar kadr hazırlığının təmin edilməsi məqsədilə müxtəlif dövrlərdə ixtisaslaşmış qurumlar yaradılmışdır. Zamanla bu sahə üzrə qurumların funksiya və fəaliyyət istiqamətləri yeni tələblərə uyğun şəkildə təkmilləşdirilmişdir.

1962-ci ildən SSRİ Mədəniyyət Nazirliyinin İncəsənət və Mədəniyyət Təhsili Müəssisələri üzrə Ümumittifaq Metodiki Kabineti fəaliyyətə başlamış, digər respublika və vilayətlərin mədəniyyət nazirliklərində müvafiq Tədris-Metodiki Kabinetlər təşkil edilmişdir.

1970-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yanında Musiqi Təhsili üzrə Respublika Metodiki Kabineti fəaliyyət göstərmişdir. Musiqi məktəbləri şəbəkəsinin genişlənməsi ilə əlaqədar Kabinetin iş həcmi artdığından, 2004-cü ildən Mədəniyyət Təhsili üzrə Respublika Elmi-Metodiki Mərkəzinə çevrilmişdir.

2007-ci ildə nazirliyin tabeliyində olan bir neçə mərkəzin birləşdirilməsi yolu ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz yaradılmışdır. Mədəniyyət Təhsili üzrə Respublika Elmi-Metodiki Mərkəzi yeni yaradılmış qurumda Bədii Təhsil Şöbəsi kimi fəaliyyətini davam etdirmişdir.

Bu prosesin məntiqi davamı olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 noyabr 2018-ci il tarixli 487 nömrəli Qərarı ilə sözügedən qurum Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi ilə birləşdirilərək Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi adlandırılmışdır.

 

Əsas fəaliyyət istiqamətləri

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (bundan sonra – Mərkəz) fəaliyyəti aşağıdakı istiqamətləri əhatə edir:

mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

müvafiq sahədə çalışan işçilərin bilik və səriştələrinin artırılmasına, peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə və peşəkar inkişafına xidmət edən tədbirlər görmək;

mədəniyyət sahəsi üzrə araşdırmaların, təhlillərin və sorğuların aparılmasını, məlumatların ümumiləşdirilməsini həyata keçirmək;

müvafiq sahənin inkişafı və təbliği üçün layihə və proqramların hazırlanmasını təmin etmək;

qanunvericiliklə və Mərkəzin Nazirlik tərəfindən təsdiq edilmiş Əsasnaməsi ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

 

Hazırda Mərkəz tərəfindən elmi-metodiki təminat, mədəniyyət işçilərinin ixtisasartırması və incəsənət təhsili sahəsində tədris-metodiki işinin inkişafı üzrə aşağıdakı fəaliyyətlər həyata keçirilir:

elmi-metodiki fəaliyyət – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi sistemindəki mədəniyyət müəssisələrinin, xüsusilə incəsənət məktəb və mərkəzlərinin fəaliyyətinin metodiki təminatı, müəssisələrdə işin müasir tələblərə uyğun təşkili, metodiki fəaliyyətin əlaqələndirilməsi, bu sahədə yanaşmaların təkmilləşdirilməsi, ənənəvi və yeni ixtisaslar üzrə tədris proqramlarının hazırlanması;

mədəniyyət işçilərinin ixtisasartırması və peşəkar inkişafı – mədəniyyət sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması, müasir yanaşma və metodların mənimsənilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə ixtisasartırma kursu, təlim, elmi-praktik seminar, konfrans və ustad dərslərinin təşkili;

mədəniyyət sahəsində tədqiqat və analitik fəaliyyət – mədəniyyət müəssisələrinin fəaliyyəti, incəsənət təhsili və metodiki təminat məsələləri üzrə araşdırmaların aparılması, statistik və analitik məlumatların toplanması və təhlili.

Mərkəz Layihələr Nəşrlər Xəbərlər Multimedia Sosial tərəfdaşlar Tədbirlərin coğrafiyası