Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Xalq teatrları və gənclərimiz

Məhz sözügedən mövzuya həsr olunmuş 7 iyul 2020-ci il tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və regionlarda çalışan gənc mədəniyyət işçilərinin iştirakı ilə “Teatrlarda yeni yanaşmalar və yeni təfəkkür formaları” adlı görüş keçirilib.

Sözügedən tədbir çərçivəsində “Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ Qrupu”nun üzvü Bərdə RMİ-nin əməkdaşı Emin Cəbrayıl tərəfindən irəli sürülən gənclərin teatra cəlb edilməsi və bölgələrdə xalq teatrlarının mövcud vəziyyətinin yüksəldilməsi mövzusunda fikir mübadiləsi təşkil olunmuşdur.

60-dan çox iştirakçısı olan görüşdə Azərbaycan teatr sahəsində xüsusi xidmətləri və fəaliyyətləri olan insanlar, o cümlədən, əməkdar artist Teymur Məmmədov, Kəmalə Paşazadə, teatrşünas, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Vidadi Qafarov, teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi, Azərbaycan Dövlət Yuğ Teatrının ədəbi hissə müdiri Elçin Cəfərov, Azərbaycan Respublikasının əməkdar artisti, DOM müstəqil teatrının aktrisası, ADMİU-nun «Dram teatrı və kino aktyoru» fakültəsinin aktyor sənəti üzrə baş müəllimi Yaqut Paşazadə, Akademik Milli Dram Teatrının aktyoru, prezident mükafatçısı Ziya Ağa, regional Mədəniyyət mərkəzlərinin və Xalq teatrlarının münayəndələri Eldəniz Mustafayev,  Teymur Məmmədov, Validə Nabatova, Mehman Quliyev, Nahid Musayev, Mirsamir Mirxəlilli, həmçinin Mərkəzin əməkdaşları Nurəddin Babazadə, Rafiqə Nəsirova, “Bölgə” eksperimental teatr truppasının bədii rəhbəri Hüseyn Məmmədov və digərləri çıxış ediblər.

Çıxış edənlər teatrın mövcud vəziyyəti, gənclərin teatra cəlb edilməsi məsələlərinə toxunublar. Qeyd olunub ki, əsas məqamlardan biri isə səhnəyə qoyulan yeni əsərlərin seçilməsi olub. Belə ki, xalq teatrlarının fəaliyyət istiqamətlərindən biri həvəskar və peşəkar gənclərin xalq teatrlarına cəlb edilməsidir. Eyni zamanda müzakirə zamanı vurğulandı ki, əyalət teatrlarının paytaxt teatrları ilə ünsiyyətinin yaradılması kimi mövzular xüsusi marağa səbəb olacaq.

Tədbirin yekununda Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev teatrların mövcud problemlərindən danışaraq, onların post pandemiya dövründəki fəaliyyət perspektivlərindən bəhs etdi. O, vurğuladı ki, regionlarda fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin fəaliyyəti müasirləşməli, sahə üzrə mövcud problemlər müzakirə yolu ilə həll olunmalı, xalq teatrları və dərnəklər arasında əlaqələr genişləndirilməlidir. A.Usubəliyev xüsusi olaraq xalq teatrları tərəfindən müraciət olunan ssenarilərin səviyyəsi və mövzularına toxundu. Belə ki, toxunulan mövzuların aktuallığı və müasirliyi aktyor oyunu qədər vacib məsələlərdəndir çünki, tamaşaçı tamaşada yaşadığı həyatın güzgüsünü görməlidir. “Məhz mövzunun aktuallığı, aktyorun istedadı və səhnənin sehrli gücü tamaşaçını teatra bağlaya bilər” – deyən Mərkəzin direktoru xalq teatrlarının təkrar olaraq renessans dövrü yaşamasına haqqı olduğunu bildirmişdir.    

 

Oxunub: 609

Əlavə olunub: 07.07.2020 10:02

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz