Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Xaçmazda ustad dərsləri təşkil olunub

Gənc nəslin ifaçılıq qabiliyyəti, yaradıcılıq bacarıqlarının düzgün istiqamətləndirilməsi və iş keyfiyyətinin yüksəldilməsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən prioritet vəzifə kimi qarşıya qoyulmuşdur.
Uşaq və yeniyetmələrin incəsənətə cəlb olunmasında, onların bədii-estetik zövqünün formalaşmasında və yaradıcılıq potensialının inkişaf etdirilməsində uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin əhəmiyyəti danılmazdır.
Bununla əlaqədar bədii təhsil müəssisələrində tədris olunan müxtəlif fənn və ixtisasların təbliği və inkişaf etdirilməsi, istedadlı uşaqların və gənclərin üzə çıxarılması, onların peşəkar inkişafının istiqamətləndirilməsi və dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi ayrı-ayrı ixtisaslar üzrə silsilə ustad dərsləri təşkil edir.
Bu dəfə Mərkəz tərəfindən fortepiano və xor-dirijorluq ixtisasları üzrə müəllimlərin bilik, bacarıq və peşə səriştələrinin artırılması məqsədilə təşkil olunan ustad dərslər cari ilin 21-24 dekabr tarixlərində Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində keçirilmişdir.
Qeyd edək ki, Xaçmaz şəhər uşaq incəsənət məktəbində və Xaçmaz Mədəniyyət Mərkəzində həyata keçirilmiş fortepiano ixtisası üzrə ustad dərsi Sumqayıt Musiqi Kollecinin fortepiano şöbəsinin müdiri Təranə Əliyeva, xor-dirijorluq fənni üzrə ustad dərsi isə Bakı şəhər Cövdət Hacıyev adına onbirillik musiqi məktəbinin direktoru, Əməkdar müəllim və xormeyster Məhin Orucova aparmışlar.
Təşkil edilən ustad dəslərdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Xaçmaz şəhər uşaq incəsənət, Xaçmaz şəhər uşaq musiqi, Xudat şəhər uşaq musiqi, Siyəzən şəhər Ə.Ağayev adına uşaq incəsənət, Şabran şəhər uşaq musiqi, Quba şəhər uşaq musiqi, Quba və Qusar şəhər uşaq incəsənət məktəblərinin müəllim və şagird heyəti iştirak etmişlər. Adı çəkilən bədii təhsil müəssisələrindən fortepiano və xor-dirijorluq ixtisasları üzrə 200-ə yaxın müəllim heyəti iştirak etmişdir.
Dərslər zamanı mütəxəssislər tərəfindən müəllim və şagirdlərə müəyyən tövsiyə və məsləhətlər verilmiş, praktiki göstərişlər edilmiş, verilən suallar cavablandırılmışdır.
Dərslərin sonunda Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Fərid Musayev, Xaçmaz şəhər uşaq incəsənət məktəbinin direktoru, Əməkdar mədəniyyət işçisi Telnaz Adıgözəlova, həmçinin, ustad dərslərdə iştirak edən müəllimlər dərs prosesində iş keyfiyyətinin yüksəldilməsində bu tip dərslərin vacibliyindən bəhs edərək təşkilatçılara dərin minnətdarlıqlarını bildiriblər.

Oxunub: 548

Əlavə olunub: 28.12.2021 15:29

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz