Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Violonçel ixtisası üzrə ustad dərsi

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə oktyabrın 8-də başlanan silsilə ustad dərsləri davam edir.

Dahi bəstəkar, musiqişünas, pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan layihə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün həyata keçirilir.

Oktyabrın 13-də Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində violonçel ixtisası üzrə ustad dərsi təşkil olunub. Dərsdə bu təhsil ocağı ilə yanaşı, baş idarənin tabeliyində fəaliyyət göstərən məktəblərin müəllim və şagirdləri iştirak ediblər.

Əvvəlcə MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova çıxış edərək Üzeyir Hacıbəylinin yubileyi münasibətilə keçirilən ustad dərslərinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, dahi bəstəkar və pedaqoqun əsasını qoyduğu tədris ənənələri bu gün də davam etdirilir.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası İfaçılıq fakültəsinin dekanı Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadənin apardığı  ustad dərsində Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli və R.Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəblərinin şagirdləri violonçeldə ifalarını təqdim ediblər. N.Abbaszadə onlara alətdə ifa zamanı xüsusi diqqət yetirilməli məqamlardan danışıb, öz tövsiyələrini verib.  

Xatırladaq ki, oktyabrın 18-dək davam edəcək ustad dərsləri Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşir. Tanınmış mütəxəssislər tərəfindən aparılan dərslər tar, kamança, saz, balaban, qanun, xanəndəlik, fortepiano, violin, klarnet, violonçel, vokal və rəqs olmaqla 12 ixtisası əhatə edir.

Oxunub: 176

Əlavə olunub: 14.10.2025 08:03

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz