Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Tədqiqatçı Ragnhild Thori ilə onlayn görüş

2021-ci ilin “Nizami Gəncəvi İli”nin elan olunması ilə əlaqədar Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin iş planına uyğun olaraq Nizami irsini araşdıran beynəlxalq tədqiqatçılarla – Nizamisevərlərlə görüşlərə başlanılmışdır. Belə ki, Mərkəzin təşkilatçılığı ilə cari ilin 16 fevral tarixində Nizami Gəncəvinin yaradıcılığını tədqiq edən Norveçli araşdırmaçı Ragnhild Thori ilə onlayn formatda görüş keçirilmişdir.
Tədbir zamanı uzun illər Nizaminin əsərlərini tədqiq edən Ragnhild Thori mütəfəkkirin poemalarının təhlili barədə geniş məlumat vermişdir. Xanım tədqiqatçı Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərini kiçik yaşlı oxucuların anlayacağı üsluba uyğunlaşdırmış və zəngin miniatürlərlə bəzədilmiş kitabın 2012-ci ildən etibarən müxtəlif vaxtlarda cəmi 6600 nüsxədə 3 dildə nəşr olunmasına nail olmuşdur. Azərbaycanda olarkən yığcam formaya salınmış əsərin Gəncə şəhərində təhsil alan məktəblilər tərəfindən xarici dildə səsləndirildiyi və Şəkinin Kiş qəsəbəsində uşaqların ifasında səhnələşdirildiyi barədə məlumat vermişdir.
Məlumat üçün qeyd edək ki, xarici tədqiqatçı geniş araşdırmalar zamanı “Xəmsə”də yer alan əsərlərin təkcə baş qəhrəmanlarını deyil, eyni zamanda digər obrazların da ruhi-psixoloji portretini dəqiq təhlil etmiş, süjet xətti boyunca dəyişən halların xronologiyasının müfəssəl izahını oxucuların diqqətinə çatdırmağa nail olmuşdur.
Onlayn görüşdə Mərkəzin direktoru Səadət Xələfbəyli gələcək iş birliyinin təkcə “Nizami Gəncəvi İli” çərçivəsində deyil, davamlı və uzunmüddətli əməkdaşlıq kontekstində nəzərdən keçiriləcəyini vurğulamışdır. İlkin mərhələdə mədəniyyət sahəsində çalışan və xarici dil biliklərinə malik olan əməkdaşların iştirakı ilə aparılmış tədqiqatlarla yaxından tanışlıq və yerli auditoriyanın marağına səbəb ola biləcək Qərb yanaşmasının təqdimatına dair vebinarın təşkil olunması barədə razılıq əldə olunmuşdur.
Tamaşaçı auditoriyasının gələcəkdə yalnız mədəniyyət işçiləri ilə deyil, sahəyə marağı olan istənilən şəxslərdən formalaşmasına dair imkanların nəzərdən keçirilməsi planlaşdırılır.

Oxunub: 683

Əlavə olunub: 17.02.2021 13:11

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz