Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Muzeylərin mənası, əhəmiyyəti Azərbaycan xalqınının tarixini təbliğ və əks etdirməkdən, mədəniyyətimizin səviyyəsini göstərməkdən ibarətdir. Biz öz səviyyəsinə və zamanın tələblərinə həmişə cavab verən istər keçmiş, istərsə də bugünki mədəniyyətimizlə fəxr edirik.
Heydər Əliyev
Muzeylər-tarixin qan yaddaşıdır,
Əsrlər-zamanın yol yoldaşıdır.
Dil açıb danışan hər ilmə, hər daş
Könül möcüzəsi, can sirdaşıdır.
Gözəlliyi görmək, dəyərləndirmək və zövq almaq insanların müəyyən bir qisminə xas olan cəhətdir, onu dərk etmək isə insanlara verilmiş Allah vergisidir. Gözəlliklə ülfət qurmaq, ünsiyyət saxlamaq insanı mənən saflaşdırır, ucaldır. Əsrlər boyu müxtəlif sənətkarlar, xalçaçılar, rəssamlar, heykəltaraşlar tərəfindən yaradılmış və özündə qeyri-adilik, tarixilik əks etdirən sənət nümunələrinin toplandığı müqəddəs bir məkan var ki, bu da muzeylərdir. Muzey latınca museum sözündən olub “muzaların” “ilham pərilərinin toplandığı məbəd” deməkdir. Belə deyirlər ki, istedadlı insanlar yalnız ilham pəriləri gələrkən, yaradıcılıqla məşğul olub, sənət əsərləri yaradırlar. Bəlkə də bu səbəbdəndir ki, muzeyləri ilham pərilərinin toplaşdığı məbəd adlandırırlar. Axı muzeylərdə qorunub saxlanan və nümayiş olunan bu əsərlərin hər birisi ilham pərisinin peyda olduğu vaxtlarda yaranmışdır. Muzeylərə ancaq qiymətli əşyaların, maddi sərvətlərin saxlanc yeri kimi baxmaq düzgün deyil. Qısaca desək, muzeylər tarixin müəyyən məqamlarını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları kompleksləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi mədəniyyət, elm, maarif ocaqlarıdır. Burada saxlanılan hər bir eksponat xalqın çoxəsirlik tarixini, qədimliyini və milliliyini əks etdirir. Muzeylər bəşər övladının çox qədim və keşməkeşli tarixini, zəngin mədəniyyətini, incəsənətini, məişətini əks etdirən hər bir eksponatı gələcək nəsillər üçün qoruyub saxlamaqla yanaşı, onların tədqiqat obyekti kimi araşdırılması istiqamətində də yüksəksəviyyəli, ölçüyəgəlməz elmi işlər həyata keçirir.
Bu gün dünyada və ölkəmizdə müxtəlif profilli muzeylər şəbəkəsi fəaliyyət göstərir. Tarix, ədəbiyyat, incəsənət, xalça, dekorativ tətbiqi sənət, hərb və sülh, antropologiya, etnoqrafiya, teatr, musiqi, xatirə və memorial muzeylər və s. Hətta dünyada qeyri-adi muzeylər də mövcuddur.
Gəlin görək muzeylərin tarixi haradan başlanır? Qədimdə müxtəlif tarixi sənədlər, şəhadətnamələr, dəyərli və qiymətli əşyalar əsasən saraylarda qorunub saxlanılırdı. İndiki muzeylərin “əcdad”ları e.ə. XVI əsrdə Yunanıstanda, e.ə. XIII-XII əsrlərdə Çində yaranmışdır. Qədim Romada isə maddi və mənəvi mədəniyyət abidələri e.ə. XIII-XII əsrlərdə məbədlərdə və bəzi şəxslərin kolleksiyalarında qorunurdu.
Azərbaycanda da muzeylər qədim dövrlərdən başlayaraq özünəməxsus inkişaf yolu keçmişdir. Ölkəmizdə qiymətli əşyalar, eksponatlar, rəsm əsərləri, ziynət əşyaları, xalçalar zaman-zaman xüsusi kolleksiyaçılar tərəfindən toplanmış, saraylarda qorunub saxlanmışdır. Ölkəmizdə ilk dəfə muzey yaradılması təşəbbüsü XIX əsrin sonlarında yazıçı dramaturq Cəlil Məmmədquluzadə tərəfindən irəli sürülmüşdür. Kənddə müəllim işlədiyi illərdə Cəlil Məmmədquluzadə yalnız dərs deməklə kifayətlənməmiş, həm də şagirdlərdə vətəni, xalqı sevmək, onun tarixinə hörmətlə yanaşmaq və dərindən öyrənib mənimsəmək hisslərini də aşılamağa çalışmışdır.
Bu məqsədlə Cəlil Məmmədquluzadə 1896- cı ildə müəllim işlədiyi Nehrəm kənd məktəbində muzey yaratmaq fikrini irəli sürmüş və buna icazə verilməsi üçün Xalq Məktəbləri İdarəsinin müdiriyyətinə yazılı müraciət etmişdir. Bir müddət keçdikdən sonra öz müraciətinə müsbət cavab alan Cəlil Məmmədquluzadə müəllim həmkarlarının da köməyindən istifadə etməklə Azərbaycanda ilk dəfə olaraq məktəbdə o dövr üçün heç də ənənəvi olmayan milli muzey yaratmağa nail olmuşdur. Muzeydə Azərbaycanın, o cümlədən Naxçıvan diyarının tarixinə dair maddi-mədəniyyət nümunələri toplamışdır. Nehrəm kənd məktəbində muzey yaratmaq sahəsində göstərdiyi nəcib təşəbbüsə görə sonralar Xalq Məktəbləri İdarəsinin müdiriyyətinin təşəkkürünü alan Cəlil Məmmədquluzadə Azərbaycanda ilk dəfə məktəbdə müasir tipli muzey yaradaraq muzey işinin əsasını qoymuşdu.
Azərbaycanda ilk professional muzey isə Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1919-cu ilin 7 dekabrında fəaliyyətə başlamışdır. Görkəmli sənətşünas-alim Məmməd Ağaoğlunun və Hüseyn bəy Mirzəcamalovun təşəbbüsü ilə təsis olunan bu muzey Parlamentin binasında yerləşdirilib. 1920-ci ildə AXC-nin süqutundan sonra muzey fəaliyyətini dayandırır. İlkin muzeydən heç bir eksponat qalmamağına baxmayaraq, 1991-ci ilin 9 yanvarında təkrarən yaradılan Azərbaycan İstiqlal Muzeyini Azərbaycan Xalq Cümhuriyyətində yaradılan muzeyin mənəvi varisi hesab etmək olar.
1920-ci ildən başlayaraq Azərbaycanın bir sıra şəhər və rayonlarında Tarix Diyarşünaslıq Muzeyləri açılmağa başladı. Lakin muzey sahəsində əsl canlanma böyük tarixi şəxsiyyət Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycana rəhbərliyə gəldikdən sonra baş verdi. Bu canlanma muzeylərə öz təsirini göstərdi. Ulu öndər milli-mənəvi dəyərlərimizin inkişafına və qorunmasına xüsusi diqqət yetirirdi. 70-ci illər Azərbaycanda muzey şəbəkəsinin daha sürətli inkişafı ilə yadda qaldı. Bu da Azərbaycana rəhbərlik edən qüdrətli siyasi xadim Heydər Əliyevin fəaliyyəti və şəxsi təşəbbüsü ilə bağlı idi. Bu dövrdə və sonrakı illərdə Azərbaycanın görkəmli incəsənət və ədəbiyyat xadimlərinin xatirə muzeyləri açıldı.
1980-ci ildə müvafiq qanuna uyğun olaraq respublikamızın demək olar ki, bütün rayonlarında Tarix-Diyarşünaslıq Muzeyləri yaradıldı. Hal-hazırda Azərbaycanın bütün şəhər və rayonlarında Heydər Əliyev Mərkəzləri, Tarix Diyarşünaslıq Muzeyləri, Xalq Tətbiqi muzeyi, xatirə ev muzeyləri, rəsm qalareyaları fəaliyyət göstərir. İlk memorial muzey isə 1938-ci ildə Şəkidə (M.F.Axundovun ev-muzeyi) fəaliyyətə başlayıb.
Paytaxt Bakıda da fəaliyyət göstərən muzeylərimizin sayı istənilən qədərdi və bu muzeylər bizim qədim tariximizi yaşadaraq, sənətkarların, rəssamların, heykəltaraşların, xalçaçıların gözəl əl işlərini özündə nümayiş etdirir. Muzeylər keçmişimizi bu günə daşıyan, qoruyan, saxlayan, öyrənən və nümayiş etdirən maddi-mənəvi dəyərlər xəzinəsidir. Muzey şəbəkələrinin yaradılması mədəniyyətimizin ümumi yüksəlişini, milli şüurun inkişafını əks etdirməklə keçmişlə bu günümüz arasında körpü rolunu oynayır. Muzeylər Azərbaycan xalqının tarixini, böyük şəxsiyyətlərin həyatlarını, yaradıcılıqlarını, fəaliyyətlərini özündə əks etdirir. Xalqın tarixi həm kitablarda yazılmaqla, həm də muzeylərdə qorunmaqla gələcək nəsillərə çatdırılır. Muzeylərdə olan tarixin insanlara çatdırılmasında muzey işçilərinin üzərinə böyük məsuliyyət düşür. Muzey kolleksiyasına daxil olan əşyaların sakral və sakramental mahiyyətinə varmaq üçün həmin əşyanın yarandığı dövrün spesifik xüsusiyyətlərinə bələd olmaq, məxsus olduğu xalqın estetik baxışlarını, inam və inanclarını bilmək hər bir muzey əməkdaşının borcudur. Muzeydə çalışanlar həm tarixçi, həm ədəbiyyatçı, həm musiqişünas, həm heykəltaraş, həm coğrafiyaşünas və s olmalıdır. Başqa sözlə desək muzey bir dəryadır. Yalnız üzə bilənlər bu dəryanın dərinliklərindən əsl inciləri tapıb üzə çıxara və xalqa təqdim edə bilər.
Ölkəmizdə və dünyanın bir sıra yerlərində 18 May - Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü və YUNESKO-nun qərarı ilə 1977-ci ildə təsis olunub bu gün. Muzeylər Günü, bir qayda olaraq, “Xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək” şüarı ilə keçirilir. Bayramın keçirilməsinin əsas məqsədi cəmiyyətin həyatında muzeylərin nə qədər mühüm rol oynadığını göstərməkdir. Məlumat üçün deyək ki, Beynəlxalq Muzeylər Günü son illər təqribən dünyanın 150 ölkəsində qeyd edilir. Həmin gündə insanlar muzeyləri gəzərək, milli mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da zənginləşdirir, yaşadıqları ölkənin, diyarın kecmişi haqqında məlumatlar alır, gözoxşayan, estetik zövq verən sənət nümunələrinə tamaşa edirlər. Muzeylər günü hər il müxtəlif devizlər altında keçirilir. Bu il beynəlxalq Muzeylər Gününün devizi “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” dir.
Koronavirus (COVİD-19) epidemiyasının yayıldığı dövrdə bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da muzeylər öz fəaliyyətlərini alternativ kanallar – rəqəmsal platformalar üzərindən həyata keçirir. Belə ki, xüsusi mobil tətbiqlər (“youVisit”, “Google Arts and Culture”) və ya mədəniyyət müəssisələrinin öz elektron informasiya sistemləri, videolar vasitəsilə şəxslər həmin muzeylərə virtual, hətta ödənişsiz olaraq səyahət edə bilər. Dünya ölkələrində muzey müəssisələrini VR (virtual reality) sistem vasitəsilə ziyarət edərək hətta eksponatları hiss etmək də mümkündür. Bir qayda olaraq, belə elektron saytlarda müəsissələr 360 dərəcə şəkillərdən və ya 3D dizaynlardan ibarət olur və hər bir muzey eksponatının şəklini və onun haqqında məlumatları özündə əks etdirir. Onu da qeyd edək ki, böhran bitdikdən sonra da rəqəmsal platformalar üzərindən muzeylərin işinin təşkilinin daha geniş vüsət alacağı danılmaz görünür. Nəticə olaraq artıq vətəndaşlar texnologiya və süni intellekt əsrinin passiv iştirakçısı obrazından çıxaraq, tələb olunan və arzu etdiyi xidmətləri müəyyənləşdirmək üçün hökumətlə birgə əməkdaşlıq edən aktiv fərd obrazına çevriləcək.
2020-ci ilin mayın 18-dən 24-dək beynəlxalq Muzeylər Günü münasibətilə ölkəmizdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Beynəlxalq Fondunun birgə əməkdaşlığı ilə “Türk Dünyası Muzeylərinin həftəsi” keçirilməsi nəzərdə tutulur. Layihənin məqsədi COVİD-19 pandemiyası ilə əlaqədar olaraq yaradılan karantin rejimində məktəbliləri dünya muzeyləri ilə tanış etmək və onların virtual ziyarətlərini təşkil etməkdən ibarətdir. Layihə çərçivəsində mayın 18-dən başlayaraq 24-dək hər gün Türk ölkələrinin aparıcı muzeylərindən biri uşaq və gənclər üçün onlayn təqdimat və virtual ekskursiya təşkil edəcəkdir.
Proqramın açılışına mayın 18-də Azərbaycan Milli Xalça Muzeyi start verəcək və mayın 19-da Qazaxstan Milli Muzeyi, mayın 20-də Qapar Aytiyev adına Qırğızıstan Milli İncəsənət Muzeyi, mayın 21-də Türkiyənin Troya Muzeyi, mayın 22-də Özbəkistan Dövlət Tarix Muzeyi və mayın 23-də Macarıstan Milli Muzeyi öz eksponatlarını onlayn formatda təqdim edəcəklər. Mayın 24-də proqram mərkəzin gənc bələdçiləri tərəfindən muzeylərə onlayn ekskursiyaların təqdimatları ilə yekunlaşacaq. Muzeylər həftəsinin keçirilməsi bir daha uşaqlarda, gənclərdə, bütövlükdə cəmiyyətimizdə tariximizə, mədəniyyətimizə olan marağın artırılmasına və onlarda vətənpərvərlik hissinin gücləndirilməsinə öz töhfəsini verəcək.
Nəzakət Rəhmanova Sabir qızı
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma
Mərkəzi Təlim-tədris şöbəsinin müdiri
Oxunub: 984
Əlavə olunub: 18.05.2020 06:17