Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Tar ixtisası üzrə ustad dərsi

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə 8-18 oktyabr tarixlərində 12 ixtisas üzrə ustad dərsləri keçirilir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün nəzərdə tutulan layihə dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunub.
Layihə çərçivəsində oktyabrın 15-də Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbində tar ixtisası üzrə ustad dərsi təşkil edilib. Görkəmli tarzən, pedaqoq, Xalq artisti, professor Vamiq Məmmədəliyev tərəfindən aparılan dərsdə qeyd olunan təhsil ocağı ilə yanaşı, regional idarənin tabeliyindəki bir sıra məktəblərdən də müəllim və şagirdlər iştirak ediblər.
Əvvəlcə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi Mədəniyyət müəssisələri ilə iş sektorunun müdiri Zaur Cəfərov çıxış edərək layihənin əhəmiyyətini vurğulayıb, zəhməti olan hər kəsə təşəkkürünü bildirib.
Sonra Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli, Əhməd Bakıxanov adına 1 nömrəli uşaq incəsənət, Fikrət Əmirov adına 5 nömrəli uşaq musiqi, eləcə də Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi, Qobu və Ceyranbatan qəsəbə uşaq incəsənət məktəblərinin şagirdləri muğamlardan hissələr və musiqi əsərlərini ifa ediblər.
Ustad tarzən şagirdlərin çalğısı ilə bağlı fikirlərini bölüşüb, diqqət yetirilməli məqamları öz ifasında əyani nümayiş etdirib, tövsiyələrini verib.
Xatırladaq ki, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən ustad dərsləri tar, kamança, saz, balaban, qanun, xanəndəlik, fortepiano, violin, klarnet, violonçel, vokal və rəqs ixtisaslarını əhatə edir.
 

Oxunub: 184

Əlavə olunub: 16.10.2025 06:14

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz