Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Mədəniyyət rüzgarı” layihəsi çərçivəsində oktyabrın 23-də Siyəzən şəhər Uşaq İncəsənət Məktəbində incəsənət məktəblərinin rəhbər və pedaqoji heyəti üçün “Tədris sənədləşməsinin hüquqi və normativ əsasları” mövzusunda təlim keçirilib.
Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşən təlimdən əvvəl regional idarənin aparıcı məsləhətçisi Fərid Musayev çıxış edərək bölgələrdə keçirilən bu qəbildən olan təlimlərin təhsil ocaqlarında fəaliyyətin səmərəliliyinin artırılmasına töhfə verdiyini deyib, təşkilatçılara təşəkkürünü bildirib.
MEMİM-in sektor müdiri Nicat Həsənzadə tərəfindən keçirilən təlimdə məktəblərdə pedaqoji prosesin düzgün qurulması, hesabatlılığın təmin olunması, həmçinin müəllimlərin metodiki hazırlığının təkmilləşdirilməsi və sənədləşmə işinin tələblərə uyğun şəkildə aparılması üzrə bacarıqlarının artırılması məsələlərindən bəhs edilib. Sənədləşmənin tədrisin keyfiyyətinə təsiri, illik və təqvim-tematik planların tərtibi, dərs jurnallarının və fərdi tədris planlarının yazılması, davamiyyət və qiymətləndirmə uçotu məsələlərinə toxunulub.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Oxunub: 169
Əlavə olunub: 26.10.2026 16:07