Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Şəhidlik zirvəsinə aparan yol” adlı debat

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi son günlərdə gənclərimizin nümayış etdirdikləri yüksək vətənpərvərlik hisslərinin daha da artırılması məqsədilə müxtəlif layihələr reallaşdırmaqdadır. Bu günlərdə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində erməni silahlı qüvvələrinin törətdikləri təxribatda böyük şücaət göstərən əsgərlərimiz qəhrəmanlıqla dolu hərb tariximizə daha bir şanlı səhifə yazdılar.

Bu səbəbdən 21 iyul tarixində Mərkəz tərəfindən “Şəhidlik zirvəsinə aparan yol” hərbi vətənpərvərlik mövzusunda debat təşkil olunub. 50-dən çox müxtəlif mədəniyyət müəssisələrinin əməkdaşlarının, gənc mədəniyyət işçilərinin iştirakı ilə keçirilmiş debatda əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, polkovnik Abdulla Qurbani,      sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bibiheybət qəsəbə Mədəniyyət evinin bədii rəhbəri, Fəridə Babayeva, Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif  Usubəliyev, şöbə müdirləri Nəzakət Rəhmanova, Nurəddin Babazadə, Əməkdar mədəniyyət işçisi Səadət Şirinova, kitabxana müdiri Validə Hacıyeva və digərlər tədbirdə söz sahibi olmuşlar.

Belə ki, çıxış edənlər Vətəni müdafiə çağırışına səngərlərdən səs verən şəhidlərimizin haqqı, ədaləti, vətən sevgisini, torpaq qeyrətini qanları ilə yazdıqlarını bildirmişlər. Şəhidlərimiz yaşlarından, hərbi rütbələrindən  asılı olmayaraq qəlblə ağlın vəhdəti olan kamillik zirvəsinə ucaldılar. Bu gün onların qəhramanlığına həsr edilmiş mövzularda Zoom konfrans tətbiqi vasitəsilə müxtəlif formatlı tədbirləri təşkil etmək, onları sosial şəbəkərdə paylaşmaq biz mədəniyyət sahəsində çalışan əməkdaşların borcudur.

            Polkovnik Abdulla Qurbaninin vətən sevgisi ilə dolu olan çıxışı tədbir iştirakçılarının xüsusi diqqətinə səbəb olmuşdur. Belə ki, döyüş təcrübəsindən, əsgər qəhrəmanlığından və ordumuzun uğurlarından danışan polkovnik öz çıxışında, eyni zamanda ədəbiyyatımızda öz əksini tapmış qəhrəman obrazlara da müraciət etmişdir.    

            Tədbirin sonunda çıxış edən Mərkəzin direktoru Asif Usubəliyev pandemiya səbəbindən mədəniyyət işçilərinin öz fəaliyyətini yalnız elektron formatlı layihələr ilə davam etdirmək məcburiyyətində olduğunu bildirmişdir. “Heç bir pandemiya, heç bir iqtisadi böhran, heç bir təxribat gənclərimizin ürəklərində və qəlblərində yaşayan vətən sevgisinə maneə ola bilməz” kimi fikirlər səsləndirən A.Usubəliyev, daha sonra cənab Prezidentin çıxışına istinadən minlərlə azərbaycanlı bacı və qardaşlarımızın orduya könüllü olaraq yazılma kimi vətənpərvər mənzərənin şahidi olduğumuzdan qürur duyduğumuzu və bu hisslərin dəstəklənməsi, habelə inkişafı mədəniyyətimizin qarşısında duran ən vacib vəzifələrdən olduğunu xüsusi olaraq vurğulamışdır.

 

Oxunub: 551

Əlavə olunub: 21.07.2020 13:21

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz