Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən (MEMİM) Quba-Xaçmaz bölgəsində təşkil olunan “Mədəniyyət rüzgarı” layihəsi çərçivəsində oktyabrın 30-da Quba şəhər Uşaq İncəsənət Məktəbində tar ixtisası üzrə ustad dərsi keçirilib.
Əvvəlcə çıxış edən MEMİM-in sektor müdiri Nicat Həsənzadə və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin aparıcı məsləhətçisi Fərid Musayev ustad dərslərinin musiqi təhsilinin inkişafında rolundan danışıblar. Bildirilib ki, bu qəbildən ustad dərsləri milli musiqi alətlərimizin ifa ənənələrinin qorunub yaşadılması, təcrübəli pedaqoqların bilik və bacarıqlarını yerlərdə gənc ifaçılarla bölüşməsi baxımından çox əhəmiyyətlidir.
Sonra N.Həsənzadə MEMİM tərəfindən nəşr olunan “Asəf Zeynallı. Seçilmiş əsərlər” not kitabını Quba şəhər Uşaq İncəsənət Məktəbinə hədiyyə edib.
Əməkdar müəllim, "Tərəqqi" medalı laureatı, Azərbaycan Milli Konservatoriyasının professoru, Xalq çalğı alətləri kafedrasının müdiri Ramiz Əzizovun iştirakı ilə ustad dərsi başlanıb. Ustad dərsində Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarında fəaliyyət göstərən musiqi məktəblərindən müəllim və şagirdlər iştirak ediblər.
R.Əzizov tar alətində ifa texnikasının xüsusiyyətləri barədə ətraflı məlumat verib, müəllim və şagirdlərlə öz təcrübələrini bölüşərək onlara müvafiq tövsiyələrini çatdırıb. Ustad dərsi zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, ustad dərsi Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə həyata keçirilib.
Oxunub: 253
Əlavə olunub: 02.11.2026 11:39