Logo

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Qəbələdə fortepiano ixtisası üzrə ustad dərsi keçirilib

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə martın 4-də Qəbələ şəhər Uşaq incəsənət məktəbində fortepiano ixtisası üzrə ustad dərsi keçirilib.
Ustad dərsində Qəbələ və Oğuz rayonlarında fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müvafiq ixtisas üzrə müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova bildirib ki, ustad dərsləri şagird və müəllimlərin müvafiq ixtisaslar üzrə nəzəri və praktiki biliklərinin artırılmasına şərait yaratmaqla yanaşı, müəllimlərin müasir tədris metodlarına yiyələnməsi baxımından olduqca əhəmiyyətlidir.
Vurğulanıb ki, bu qəbildən ustad dərsləri Mədəniyyət Nazirliyi sistemindəki musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsinə, müəllimlərin pedaqoji fəaliyyətində səmərəliliyin artırılmasına öz töhfəsini verir. 
Sonra L.Kərimova MEMİM tərəfindən tərtib olunan “Asəf Zeynallı. Seçilmiş əsərlər” kitabını məktəbin kitabxanasına hədiyyə edib.
Ustad dərsi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano, orqan və klavesin kafedrasının müdiri Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Afaq Rüstəmova tərəfindən aparılıb. 
Təcrübəli pedaqoq fortepiano alətinin ifa xüsusiyyətləri haqqında söz açıb, çalğı zamanı diqqət yetirilməli məqamlardan bəhs edib və öz tövsiyələrini verib.

Oxunub: 241

Əlavə olunub: 05.03.2026 11:31

Mərkəz Layihələr Nəşrlər Xəbərlər Multimedia Sosial tərəfdaşlar Tədbirlərin coğrafiyası